Qarşı tərəf inkar etdi, Ərdoğan «əlimizdə sübutlar var» dedi
ABŞ-dan Ankaraya dəstək bəyanatı gəldi
Fevralın 17-də Ankaranın mərkəzində baş verən, 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan qanlı terroru kimin törətdiyi hadisədən cəmi bir neçə saat sonra üzə çıxıb. Məlum olub ki, bu, Salih Neccar adlı kürd terrorçudur. PKK-nın silahlı qolu PYD-nin (YPG) üzvü olan S.Neccarın kimliyi onun hadisə yerindəki cəsədinin qalıqlarından və barmaq izindən müəyyən edilib.
Suriya vətəndaşı olan S.Neccar Türkiyəyə ötən ilin iyul ayında suriyalı qaçqınların arasında gəlib. Neccarın barmaq izi də elə həmin vaxt – qaçqın düşərgəsinə yerləşdirilərkən götürülüb.
Olayın baş verdiyi ilk saatlarda “Reuters” adını açıqlamadığı yüksək vəzifəli Türkiyə rəsmisinə istinadla bildirmişdi ki, terroru PKK törədib. Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri isə terrorun IŞID tərəfindən törədildiyi ehtimalını irəli sürmüşdü.
Davudoğlu: “Bu mənfur hücumun sifarişçiləri…”
Ankara terrorunun sifariş və icraçısı ilə bağlı ilk rəsmi açıqlama baş nazir Əhməd Davudoğludan gəlib. Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahında brifinq keçirən Davudoğlu ölkəni yasa boğan terror hücumunu PKK-nın silahlı qolu YPG-nin təşkil etdiyini və artıq hadisə ilə bağlı 9 nəfərin saxlanıldığını açıqlayıb. Baş nazir bildirib ki, hücumu təşkil edən Suriya əsilli Salih Neccardır: “Terroru Türkiyə daxilindəki bölücü terror təşkilatının üzvlərinin və bir YPG üzvünün birgə həyata keçirdiyi müəyyənləşib. Bu adam PKK və YPG üzvüdür. 1992-ci ildə Suriyanın Amude bölgəsində anadan olub. Bu qanlı olay göstərdi ki, YPG terror təşkilatının bir parçasıdır. Artıq bütün dünya bunu qəbul etməlidir”.
YPG Suriyanın şimalında fəaliyyət göstərən PYD-nin silahlı qoludur. ABŞ və Rusiyadan fərqli olaraq Ankara PYD-ni terror təşkilatı hesab edir. Davudoğlunun son bəyanatı da adıçəkilən ölkələrin PYD-ni terror təşkilatı kimi tanımalı olduğuna eyham idi.
“Haqqımızı çeynətməyəcəyik!”
Əhməd Davudoğlu xüsusi vurğulayıb ki, terrorçular öz məkrli niyyətlərinə çata bilməyəcəklər: “Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəf alan bu mənfur hücumun sifarişçiləri niyyətlərinə çatmayacaqlar. Terrora qarşı apardığımız haqlı mübarizədən əsla geri addım atmayacağıq. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və millətimizə səbir diləyirəm. Əziz millətimizin və bütün insanlıq ailəsinin baş sağ olsun! Terror və zorakılıq qarşısında 78 milyon vətəndaşımızla bir və bərabərik. Türkiyə Cümhuriyyəti öz haqqını heç kimə çeynətməyəcək. Və haqlı davasından vaz keçməyəcək.ÿƏziz millətimiz hər zaman olduğu kimi bu hücumlar qarşısında da həmrəylik nümayiş etdirəcək və bu çətin günlərin öhdəsindən gələcək.
Türkiyə Cümhuriyyəti hüquq və ədalət cizgisindən sapmadan insani dəyərləri, millətin təhlükəsizliyini qorumağa davam edəcək. Millətimə səbir və mətanət diləyirəm!”.
PYD inkar inkar edir
Baş nazir səviyyəsində ünvanlanan bu ittihamlara dərhal qarşı tərəfdən reaksiya gəlib. PYD lideri Saleh Müslim Ankarada baş vermiş terror hadisəsini YPG-nin təşkil etmədiyini bildirib. Dediyinə görə, YPG-nin Ankara terroru ilə heç bir əlaqəsi olmayıb: “Ankara terroru ilə yaxından-uzaqdan heç bir əlaqəmiz yoxdur. Türkiyəyə yönəlik heç bir hücum təşkil etməmişik. Ankaradakı olaya görə PYD-ni ittiham etmək Türkiyə Silahlı Qüvvələrinin kürd bölgəsinə hücumu üçün bəhanə yaratmaqdır”.
Müslimin “YPG Türkiyə dövlətini düşmən kimi görmür” açıqlaması isə xüsusi diqqət çəkib.
Ittihamları YPG-nin Baş Konmandanlığı da rədd edib: “Bizim bu olaya heç bir aidiyyətimiz yoxdur. Tək indi yox, ümumiyyətlə heç vaxt Türkiyəyə hücum etməmişik. Türkiyə hökuməti hücumu bizim təşkil etdiyimizi əsla sübut edə bilməz. Türkiyə baş naziri Əhməd Davudoğlunun “Ankara hücumunu YPG təşkil edib” açıqlması yalandır. Bu açıqlama ilə Suriyaya yönəlik hücuma zəmin yaratmaq istəyirlər”.
Ərdoğan: “Zəncir qırılmağa başladı”
Bu açıqlamalara münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə təhlükəsizlik orqanlarının əlində kifayət qədər sübut olduğunu deyib: “PKK və PYD-nin rəhbərləri nə qədər təkzib etsələr də, kəşfiyyat orqanlarımızın əldə etdiyi faktlar hücumu onların törətdiyini sübut edir. Zəncir qırılmağa başladı. Artıq 14 nəfər saxlanılıb. Bunun davamı gələcək. YPG-nin terror təşkilatı olduğunu anlamayanlara sənədlərlə sübut edəcəyik.
Verdiyimiz itkilər səbrimizi daşırır. Türkiyənin qanuni müdafiə haqqını hər zaman, hər yerdə və hər vəziyyətdə reallaşdıracağımızı bilməlidirlər. Əxlaqi və insani sərhəd tanımayan bu hücumları həyata keçirənlərlə və onların arxasında duran güclərlə mübarizəmizi hər gün daha qərarlı şəkildə davam etdirəcəyik. Terror təşkilatlarını istifadə edərək ölkəmiz və millətimizi hədəflərindən uzaqlaşdıra biləcəklərini düşünənlər yanıldıqlarını görəcəklər. Hər şəhidimiz və qazimiz bu torpaqların əbədi vətənimiz olduğunun, bayrağımızın enməyəcəyinin, azanlarımızın susmayacağının, ölkəmizin bölünməyəcəyinin, dövlətimizin yıxılmayacağının təsdiqidir. Mübarizəmizi qərarlı şəkildə davam etdirəcəyik”.
Yaralıların son durumu
Yaralıların son durumu ilə bağlı məlumat isə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilib. Qurum 61 yaralıdan 30-nun ilkin tibbi müdaxilədən sonra evə buraxıldığını açıqlayıb: “Hazırda 31 yaralıdan 8-i Gülhanə Hərbi Tibb Akademiyasında, 23-ü mülki xəstəxanalarda saxlanılır. Məlumtata görə, onların həyatına ciddi təhlükə yoxdur”.
O da məlum olub ki, Ankara terrorunda yaralanan 61 nəfər arasında Hərbi Hava Qüvvələrinin generalı da var.
Reha Ufuk Ər partlayış zamanı xanımı ilə birlikdə hadisə yerinin yaxınlığında olub. Baş Qərargahın məlumatına görə, yaralı general dərhal Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Hazırda onun və xanımının vəziyyətinin stabilÿolduğu bildirilir.
ABŞ: “Türkiyənin yanındayıq!”
Ankarada baş verən terrorla bağlı ABŞ-dan da reaksiya gəlib. ABŞ Dövlət Departamenti hadisə ilə bağlı yazılı açıqlama ilə çıxış edib. Qurum terror aktını qınadıqlarını, qurumÿqurbanların ailələrinə başsağlığı verdiklərini və ABŞ-ın terrora qarşı mübarizədə Türkiyənin yanında olduğunu bəyan etdi: “Birləşmiş Ştatlar Ankarada Türk hərbiçilərinə və mülki vətəndaşlara yönəlik hücumu şiddətlə qınayır. Həyatını itirənlərin ailələrinə kədərimizi çatdırır, yaralıların ən qısa zamanda sağalmasını diləyirik. NATO üzvü olan Türkiyə ilə terror təhdidinə qarşı mübarizədə güclü əməkdaşlığımızıÿdavam etdirəcəyik”.
“Biz NATO üzvü və yaxın tərəfdaşımız olan Türkiyənin yanındayıq”.
Bu bəyanat da ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Pricdən gəlib.
Rusiya da qınadı: “Barbarca bir cinayətdir”
“Moskva Ankarada baş verən terroruÿ qınayır. Hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir”.
Bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib (ans).
Rusiyanın Xarici Işlər Nazirliyi də baş verən hadisə ilə bağlı açıqlama yaydı. Açıqlamada Ankara terroru pislənib, Türk xalqına dərin hüznlə başsağlığı verilib: “Barbarca törədilən bir cinayətin açıqlaması ola bilməz. Hadisəni törədənlər bunun cavabını verməlidir. Yaşanan hadisə bir daha bütün dövlətlərin terrorla mübarizədə birləşməli olduğunu göstərir”.
Dünən axşam saatlarında Ankara terroruna görə saxlanılanların sayının 14-ə yüksəldiyi barədə xəbər yayılıb. Bu şəxslərin hamısının Ankaradakı partlayışı törədən kamikadze ilə əlaqəli olduğu bildirilir. Şübhəlilər dindirilmək üçün Ankara Polis Idarəsində aparılıb.
Ankaradakı qanlı olaydan bir bir gün keçmədən Türkiyədə növbəti terror aktı olub. Dünən səhər Türkiyə vaxtı ilə saat 9.40-da Diyarbakır-Bingöl yolunda hərbi “konvoy”un keçidi zamanı dəhşətli partlayış baş verib. Partlayış zamanı Türk ordusunun 7 əsgəri şəhid olub. Qanlı olay PKK terrorçuları tərəfindən yola döşənən minaların partlaması ilə baş verib. Dünən Idil bölgəsində də 2 türk əsgəri PKK-nın xain tələsinə qurban olub.
Ankara terroru Azərbaycanda da hiddətlə qarşılanıb. Ölkənin ictimai-siyasi xadimlərindən terroru lənətləyən, Türkiyəyə dəstək ifadə edən bəyanatlar gəlib.
Əli Kərimli: “Dualarımız qardaş Türkiyə ilə!”
AXCP sədri Əli Kərimli də Ankarada törədilən və çoxsaylı tələfatla nəticələnən terroru pisləyib.
AXCP lideri “Facebook” səhifəsində kədərini ifadə edərək Türkiyənin bu ağır sınaqdanÿüzüağ çıxacağına inamını bildirib: “Fitnəkar qüvvələr açıq-aşkar Türkiyədə sabitlyi pozmağı, ölkəni qan gölünə çevirməyi hədəfləyiblər. Inanıram ki, qardaş ölkə dövləti, milləti və ordusu ilə birlikdə bütün bu sınaqlardan üzüağ çıxacaq, ərazi bütövlüyünü və demokratiyasını da qoruyub saxlayacaq. Bu çətin sınaq zamanlarında dualarımız qardaş Türkiyə ilədir!”.
Xatırladaq ki, Ankaradakı partlayış Türkiyə Böyük Millət Məclisinin, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının, Quru Qoşunları Komandanlığının, Hərbi Hava Qüvvələrinin binalarının yerləşdiyi əraziyə yaxın yerdə baş verib. Içərisində 50 kiloqramlıq bomba olan “Doblo” markalı avtomobildəki kamikadze partlayıcı qurğunu hərbiçiləri daşıyan avtobuslar ərazidən keçərkən işə salıb.
Gültəkin