Mafioz, julik, ədəbsiz… Daha nə qaldı?

2012-ci il başlar-başlamaz Azərbaycan hakimiyyətinin ünvanına xaricdən növbəti tənqid gəldi – adətən belə məsələlərdə “ilin siftəsini” ABŞ mətbuatı eləyirdi, bu dəfə Avropanın göbəyindən – Almaniyadan təhqir səviyyəsində bir təpkini qəbul etmək məcburiyyətində qaldıq. Ən nüfuzlu nəşrlərdən sayılan “Şpigel” Əliyev rejiminin avtoritar imicini dəyişmək üçün xərclənən ətək-ətək pullardan bəhs etdi.
Görünən bilirsinizmi nədir? Azərbaycanın vəsaitləri ölkənin milli problemlərinin, reallıqların, həqiqətin dünya ictimaiyyətinə çatdırılması yolunda xərclənmir, lobbiçilik Azərbaycan naminə deyil, Əliyevlər hakimiyyətinin bərbad imicini normallaşdırmağa həsr olunur.
Faciəvi mənzərədir: öz soydaşına zülm etməklə, insanların mülkünü, özəl müəssisəsini əlindən almaqla, azadlıq istəyən vətəndaşını türməyə soxmaqla qazandığın mənfi imici öz xalqının dərisindən çıxardığın pullarla “yaxşılaşdırmaq” istəyindən dəhşətli bir hal təsəvvür etmirəm. Bir ölkə başçısı öz xalqına zülm etməyə başqalarının göz yumması üçün öz vətəndaşının halal haqqını oğurlayıb yadlara necə yedizdirə bilər? Belə təfəkkürlü rəhbər təsəvvür edirsinizmi?
Dəhşət ondadır ki, xalqın sərvəti Dubaydakı villalara və bu villaları görməməsi üçün xaricdə lobbiçiliyə xərclənir. Amma
hər ikisində maya batır: villaların unitazı çökür, lobbi fəaliyyətinin nəticəsi isə daha acınacaqlı olur, Azərbaycanın pulunu yeyib, daha sonra bu cür fəaliyyətinə görə iqtidarı təhqir edirlər. Almaniya Azad Demokrat Partiyasının deputatı Marina Şuster elə beləcə də deyir: “Azərbaycanın Almaniyadakı fəaliyyəti artıq ədəbsizliyin son həddindədir”.
“Şpigel” “WikiLeaks” saytına istinadla Azərbaycan hakimiyyətinin “mafioz tendensiyasını” da xatırladır. Artıq Avropanın göbəyində də Əliyevlər rejiminin mahiyyəti haqqında ətraflı bilgilər var və iş o yerə çatıb ki, Azərbaycanın lobbi fəaliyyətinə dəstək verən insanlar öz ölkələrində hədəfə alınıb; artıq “bu ölkəylə işləmək olmaz” imici sürətlə artır, bu rejimlə işləyənlər çirkin əməl sahibləri kimi təsvir olunurlar. Əliyevlərin imicini düzəltmək istəyirlər, əvəzində səpələnən milyonlar Azərbaycanın əleyhinə işləyir. Bir məqalədə Əliyev rejimi haqqında “mafioz” və “ədəbsiz” kimi təhqirlərin səslənməsi, sizcə, təsadüfdürmü? Özünə hörmət edən bir qəzet və müəllif özünə və xalqına hörmət edən bir rejimi bu cür təhqir etməyə razı olarmı?
Əliyevlər hakimiyyətinin lobbi fəaliyyətinə ətək-ətək pul xərcləyənlər media və insan azadlıqları sahəsində ən təhlükəli “10-luq”da Əfqanıstan və Pakistanla yanaşı durduqlarının fərqinə varmadan nəyisə düzəldəcəklərini sanırlar. “Amnesty International” və “Sərhədsiz Reportyorlar”ın bəyanat və istəklərini qulaqardı edib, azad söz daşıyıcılarını, konstitusion haqlarını tələb edən gəncləri türmələrə doldurmaq qarşılığında “müsbət imic” arzulamaq üçün yalnız Azərbaycan iqtidarı səviyyəsində düşünmək lazımdır. Korrupsiya və rüşvət canlarına elə dolub ki, bütün dünyanı rüşvətlə ələ alacaqlarını fikirləşirlər. Buna nəinki yeraltı-yerüstü sərvətlərilə bərabər bütün Azərbaycan, hətta 10 milyonluq xalq da qul yerinə satılsa, pul çatmaz. Bu adi məntiqi dərk etmək o qədərmi çətindir? Insanın şəxsi kapitalı çoxalanda və ölkənin sərvətlərinə xüsusi əmlakı kimi baxanda belə absurd iddialara düşməməlidir, axı!
Ölkədəki idarəetməni o həddə çatdırmaq olarmı ki, nəhayət, kəfənini boynuna dolayan ziyalılar dözməyib “hakimiyyətin juliklərin əlində olduğunu” dilə gətirsinlər? Üç gün müddətində ünvanlarına deyilən bu cür sözlərdən artığınımı gözləyirlər? Daha nə deyilməlidir ki, sərvətlərin gözünü örtdüyü Əliyev rejimi reallığı dərk etsin?
Gör, dünyanın harasıdır ki, böyük uğur kimi təqdim edilən BMT Təhlükəsizlik Şurasında 2 illik qeyri-daimi üzv seçilməsindən Azərbaycan “Suriyanın daxili işlərinə qarışmamaq prinsipini” müdafiə üçün istifadə etmək niyyətini ortaya qoyur. Beynəlxalq qurumlardakı təmsilçilikləri də yalnız və yalnız öz hakimiyyətlərini qorumağa yönəlib – hətta dünyada başlayan böyük axına qarşı üzmək bahasına olsa belə! “Daxili işə qarışmamaq” bunların ən yaralı yeridir, axı! Bunların təsəvvüründə öz vətəndaşını qətlə yetirmək Bəşər Əsədin daxili işidir, vətəndaşlar əlahəzrətin malı-mülkü-əşyasıdır və necə istəyir, elə də rəftar edə bilər. Adamlar demokratiya və insan haqlarının ölkələrin daxili işi olmadığını niyə qəbul etmirlər, bu təfəkkürlə hara getmək istəyirlər?
Hara getdikləri bilinməsə də, nail olduqları göz qabağındadır: “julik”, “ədəbsiz”, “mafioz”…