«Yol üstündə iri şeylər durursa, xırdalara toxunmağa ixtiyarın yoxdur» (Kristian Fridrif Hebbel)
I yazı
“Bizim səsimizə səs verin! Səs verin ki, ortaq gələcəyimizin Iran olmasına imkan verməyək!” – bu sözlər Qərbə ünvanlanmış, müxtəlif məslək və çeşidli sosial zümrədən olan 54 şəxsin imzaladığı bəyanatda yer alır. Bu 54 imzanı birləşdirən ortaq yan onların sekulyarlığı, Iran teokratik despotizminə qarşı olmaları və Rafiq Tağının iki cəhddə baş tutan qətlini pisləmələridi. Di gəl, bəyanatda Rafiq Tağının iki cəhd ilə öldürülməsinə aid bir işarə də yoxdu, bu isə tam subyektiv görüntü yaradır, halbuki, bu amansız ölümü iki hissəyə ayırmadan heç vaxt həqiqətə ulaşmaq mümkün deyil. Birinci qətlin (bıçaqlanma) nə sifarişçisi, nə icraçısı məlumdu. Ikinci qətldə də (xəstəxana) eləcə, lakin birinciyə nisbətən məsuliyyət daşıyan ünvan 100 faizlik yəqinliklə bəllidi – hakimiyyət, hakimiyyətin əlində zor aparatından başqa bir şey olmayan Dövlət (ölüm palatasının qapısını da Iran islam terroru məscid qapısına çevirməmişdi ki!).
Bəyanat tam biryönlüdü – Islam terroru-Iran. Kiminsə kiməsə bir gün qabaq mübahisə əsnasında “səni öldürmək mənə borc olsun” deməsi, sabah qətlə yetirilmiş həmin şəxsin qatilinin məhz dünənki hədəçi olması anlamına gəlmir. Rafiq Tağının mərhələli qətli ilə bağlı ilk yazımdan bu yana kimsəni açıq mətnlə suçlu tutmamışam, buna nə jurnalistika prinsipləri, nə obyektivlik əsas verir. Nə zamandan medium olmuşuq ki? Suçlu hər kimdisə, bunu da üzə çıxarıb danılmaz faktlarla biz yox, hakimiyyət və onun ədliyyə orqanları ortaya qoymalıdı. 54 ziyalı isə qəti qərar verir – Rafiq Tağını islam terroru aradan götürüb. Mən 54 ziyalı tərkibini çox yaxşı tanıyıram və əminəm ki, onların xeyli hissəsi bu təsdiq edilməmiş ittihamla razı deyil, ama mən özüm də daxil olmaqla biz, hansısa havalı, özündənmüştəbeh ayətullahların dünya vətəndaşlarına ölüm fətvası çıxarmasına ikrah məsələsində həmrəyik.
“Azərbaycanda islam dövləti” yazımda bir neçə dostumdan ölkəmizdə Iran rəngli bir rejimin yaranması təhlükəsi ilə bağlı məktublar aldığımı yazmışdım və vurğulamışdım ki, bu xofun reallaşacağına inanmıram. Sən demə, bu xofdan əziyyət çəkən 54 ciddi imza belə varmış. Əslində isə, indi Azərbaycanda mövcud olan rejimin Iran rejimindən qətiyyən fərqi yoxdu. Biri sui-istifadə ilə Həzrəti Əli xəttindən, biri isə təbii olaraq Əliyev soyadından insanlığa və özgür düşüncəyə qarşı bəhrələnir.
Yazımın əvvəlində sitat gətirdiyim hissə bir şeyi – bütün diktatura rejimlərinin özünü qorumaq üçün Qərbi islam fanatizmi ilə qorxutmasına dəstək olmaq meylini çox aydın şəkildə ortaya qoyur. Mən imzalar içində olan dostlarıma münasibətimə zərrəcə korrektə eləmədən deyirəm ki, bu bəyanat birbaşa Azərbaycan diktaturasının boyatlaşmış, qıcqırmış islamafobiya kartına xidmət edir və imza sahiblərinin bir neçəsini də bu bəyanata imza atmağa cürətləndirən məhz həmin məqamdı, yoxsa bəziləri yerli hakimiyyəti qoyub islama qarşı bu Avropa qurum və dövlətlərindən imdad ummağa qol qoymazdılar. Çünki hakimiyyət, sırf Ilham Əliyev, məhz, Avropaya ağız açanlara nifrət eləyir (“WikiLeaks”). Bu dəfə isə onun qəzəbindən sağınmaq olar. Çünki bir ölkənin öndə gedən ziyalısı da Avropanı eynən despotun dəlillərilə uyarırsa, onun qəzəblənməyəcəyindən arxayın olmaq olar.
Bir maraqlı nüans da var: indiyə qədər qətlə yetirilən, həm də sırf hakimiyyətin xeyir-duası ilə qətlə yetirildiyi çox inamla söylənilən nəhəng Azərbaycan ziyalıları və dövlət adamları haqda heç vaxt dünya təşkilatlarına belə bəyanatlar göndərilməyib, dövlət terroru kimi daha qorxulu bəladan xilas üçün imdad dilənməyib. Halbuki, işi-gücü sekulyar məsələlərlə uğraşmaq olan bir dünyaya məhz o hallarda üz tutulmalıydı.