İnsanlardan kitab oğurlamaq

saadet-cahangir-koseSəadət Cahangir

“Kitab oğrusu” adlı maraqlı bir amerikan filmi var. Ikinci Dünya müharibəsi haqqında. Bəlkə, çoxunuz da baxmış olarsınız. “Oskar”a namizədliyi göstərilmiş filmdir. Bu ali mükafatı ala bilməsə də, uğurları az olmayıb. Üç il əvvəl kinoteatrlara çıxandan sonra, böyük seyrçi rəğbəti və bir xeyli nüfuzlu mükafatlar qazanıb. Iki il əvvəl dəyərli bir dostum baxmağı tövsiyə etmişdi, həm də filmdəki “oğru”nu mənim prototipim olaraq gördüyünə görə. Şübhəsiz, filmi izləyəndən sonra bənzətmədən və “oğru” obrazından çox məmnun qaldım. Baş verən hadisələr bir müharibə faciəsinin içində yaşansa da, obrazda o qədər yaxınlıq vardı ki… Baxmayanları nigaran buraxmamaq üçün deyim ki, filmin adı müharibə zamanı zəngin bir ailənin kitabxanasından kitab “oğurlayan” gənc qızın – Lieselin hekayəsindən götürülüb. Oğurladıqlarını da oxuduqdan sonra qaytarıb yerinə qoyan qızın hekayəsindən…

“Biz zamanında belə oxuyan uşaqlar idik” desək, yalanmı olar? Biz uçuq kənd kitabxanalarının fondunu didik-didik  arayıb istədiyimiz kitabları gəzən, həmin fondların az qala 90%-ni oxuyub bitirərək universitetlərə gəlib çıxan uşaqlar deyilikmi? Bizim kitabxanaların qiymətli vaxtları gününün çoxunu oralarda keçirən, kitabın dəyərli vaxtları qəpiklərini toplayıb kitaba verən nəsil olduğumuz danılacaq şeymi? Xeyr. Bu, gerçək bir hekayədir. Yaşadığımız həyatın unudulmaz zaman kəsiklərində gözəl izlər buraxan hekayə. Dərinə gedilsə, bu hekayələrin içindən neçə “bestseller” də çıxarmaq olar hələ. Indi zaman çox dəyişib, doğru. Amma kimsənin “kitab dövrü keçdi” fikrini qəbul etmədim və etmək niyyətim də yoxdur. Zamanın insanları kitabdan necə uzaqlaşdırdığını metro yolçuluğunda apaydın görmək mümkün. Sıralardakı gənclərin beşdə dördü telefonla məşğul. Amma gerçək dəyişmir. Oxumayan insanların sonunadək kal meyvə kimi qalacağı bir həqiqət…

Indi kim nə deyir-desin, zaman keçər, amma kitabın zamanı keçməz. Əslində, kitab oxumaq bir az da təbliğata bağlıdır. Yaşadığınız mühitə, həyat şərtlərinə, çevrəyə bağlıdır kitabçılıq. Azərbaycan kimi ölkələrdə bu işin içində hansı əngəllər olduğunu hamınız bilirsiniz. Kitab nəşri, yayını və satışı ilə məşğul olan şəxslərin başına gələnlərdən xəbərsiz deyilsiniz. Iki gün əvvəl “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərliyə qarşı edilən həqarət isə rüsvayçılığın son həddi idi artıq. Ondan öncə “Qanun” nəşriyyatına, hətta məşhur kitabçı olaraq tanınan Qurban Məmmədli qarşı edilmişdi bu basqılar. Yeraltı keçidlərdən, küçələrdən yığışdırılmışdı kitab köşkləri, məşhur mağazalar bağlanmışdı. Hökumət niyyətini heç gizlətmir də. “Oxuyanları və kitabı görmək istəmirəm” mesajı verilir insanlara açıq-açığına. Bütün əngəllər, yasaqlar, yazarlara münasibət belə bunun göstəricisidir. Işin kökündə biznes və pul qazanmaq söhbəti də var, şübhəsiz. Ancaq əminəm ki, əsas səbəb ilk vurğuladığım xəttin üzərindədir. Bir ölkədə oxuyan nə qədər az olsa, yalanlara asanlıqla aldanan da o qədər çox olacaq. Yürüdülən siyasətin mayasında duran məsələ budur, bax. Axı söhbət təkcə pul qazanmaqdan getsəydi, xarici ölkələrdən Azərbaycan kitabxanalarına hədiyyə olunan kitab bağlamalarını niyə gömrükdə saxlayıb, haqq-hesab tələb edirlər? Kitab köşklərini niyə bağlayırlar, əl satışı ilə məşğul olanları niyə məhkəməyə çəkirlər. Gördüyünüz kimi, qara qızın dərdi başqadır. Daha doğru desək, qara qızın dərdi insanlardan kitabı oğurlamaqdır. Amma Liesel kimi xoş niyyətlə deyil, qara niyyətlə…