Tibbi sığortanın gerçəkləşməsinin problemləri

tibb ishcisi

Bu istiqamətdə qanunvericilik bazası hazır olsa da, real çətinliklər hələ də qalmaqdadır

Dövlət başçısı Ilham Əliyev Nazirlər Kabineti yanında Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb. On ildən artıqdır ki, gündəmdə olan və həllini tapmayan icbari tibbi sığorta qanuni əsasını almaqdadır.

Bəs Azərbaycanın tibb sahəsi bu sistemin tətbiqinə hazırdırmı? Icbari sığortanın avtomobillərin sığortalanmasına tətbiqi sığorta şirkətləri ilə bağlı xeyli problemləri üzə çıxardı. Məlum oldu ki, sığorta şirkətləri bir çox hallarda ya ziyan dəymiş şəxsə ödəniş etməkdən qoyun qaçrır, ya ümumiyyətlə, ödəniş olmur, ya da ödənişin gerçəkləşməsi uzun müddət yubadılır. Bütün bu məqamlar sığorta şirkətlərinin işinin bir o qədər də effektiv təşkil olunmadığını ortaya qoyur.

Başqa diqqət yetirilməli məqam tibb müəssisələrindəki qiymətlərdir. Hazırkı qiymətlərlə sığorta şirkətlərinin necə sığorta paketi hazırlayacağı və bu sığorta təkliflərinin həm müştərini, həm də tibb işçilərini razı salacağı sual doğurur.

Icbari tibbi sığortanın tətbiqi dövlət büdcəsini səhiyyə xərclərindən azad etmək yoludur. Və əslində Azərbaycan bu istiqamətdə xeyli geriləyib. Bu baxımdan bu addım çoxdan atılmalı idi. Bəs, bu addımın gerçəkləşməsi üçün tam münbit şərait varmı?

Nemət Əliyev: “Azərbaycanda nə tibb müəssisələrinin, nə də dərmanların keyfiyyəti lazımi səviyyədə deyil”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin fikrincə, tibbi sığortanın tətbiqi hələ səhiyyənin inkişafının yüksək səviyyədə olduğu anlamına gəlmir. Azərbaycanda normal tibbi xidmətin olmadığını deyən N.Əliyev vurğuladı ki, Azərbaycanda tibbi müəssisələrinə müraciət edənlərin əksəriyyətini şikəst edib yola salırlar: “Azərbaycanda nə tibb müəssisələrinin, nə də dərmanların keyfiyyəti lazımi səviyyədə deyil. Avtomobillərin sığortalanması ilə bağlı durum bir daha onu göstərdi ki, sığorta şirkətlərinin fəaliyyəti heç də yüksək səviyyədə deyil. Tibbi sığortanın tətbiqi hər bir halda gözləniləndir. Amma hazırda Azərbaycanın iri maliyyə vəsaitlərinə böyük ehtiyacı var. Iri maliyyə vəsaitlərinin ölkəyə axın etdiyi dövrdə bu proqramı yüksək səviyyədə həyata keçirmək mümkün olmadısa, bundan sonrakı dövrdə bu layihəni ideal formada həyata keçirilməsini gözləmək real görünmür”.

Rasif Bağırov: “Dövlət tibb ocaqları öz funksiyasını tədricən itirmiş olacaq”

Tibb üzrə ekspert Rasif Bağırov isə bildirdi ki, səhiyyədə müalicənin tam şəkildə sığorta sisteminə keçirilməsi Azərbaycandan iqtisadi baxımdan geri qalan qonşu ölkələrdə uğurla həyata keçirilir. Azərbaycanda da bu addımın çoxdan atıla biləcəyini düşünən R.Bağırov qeyd etdi ki, nədənsə Azərbaycanda yuxarı səviyyədə bu istiqamətdə qərarlar uzun müddətdir qəbul olunmurdu: “Icbari tibbi sığortadan istifadə edən şəxs sığorta şirkətinə müəyyən məbləğ ödəyir. Bundan sonra o, əlindəki kağız vasitəsilə şəhərin istənilən klinikasında pulsuz şəkildə ona düşən tibbi xidmətdən yararlana bilər. Sadəcə olaraq bu prosesi həyata keçirəndən sonra tibb müəssisələrində əmək haqlarının artırılması məsələsi gündəmə gələ bilər. Çünki icbari tibbi sığortadan istifadə edən şəxslər sığorta şirkətlərinə pul köçürəcəklər”.

R.Bağırov onu da bildirdi ki, icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi dövlətə məxsus poliklinikaların, tibb müəssisələrinin çalışmasına neqativ təsir edə bilər. “Çünki əlində tibbi sığortası olan adam çalışacaq ki, özəl klinikalara üz tutsun. Nəticədə dövlət tibb ocaqları öz funksiyasını tədricən itirmiş olacaq”, deyə R.Bağırov bildirdi.

Xəyal