Ziyalılar Forumu, ayrıca olaraq Rafiq Əzizoğlu ilə bağlı baş verənlərdən açıq görünür: hakimiyyət özünə görə müxalifət çevrəsi cızıb (sistem müxalifəti!). Kim istəsə, bu çevrəyə girə, bu çevrədə illərlə oynaya, gəzib-dolana bilər. Bu çevrədən qıraqda yaranan nə varsa, hakimiyyətin sərt təpkisi ilə üzləşəsidir. Belə bir düzən qurulub. Belə bir MÜXALIFƏT QORUĞU yaradılıb. Bu qoruq içində bulunanlara bir sıra hüquqlar da tanınıb – başqalarına tanınmayan hüquqlar. Bu, içdə xalqın, dışda demokratik dünyanın tanıyıb öyrəşdiyi bir qoruqdur. Çevrəsi-sınırları bəlli bir qoruq. Bu qoruq içində baş verənlər hakimiyyəti çox da qorxutmur: “öz əlləri, öz başları” düşüncəsi üzündən. Başlıca qorxunu qıraqda yaranan yaradır – özlüyündə çox qorxulu olmasa belə. Nədən? Çevrə keçildiyindən, sınır aşıldığından!
Ziyalı Forumunda hakimiyyət üçün çox qorxulu iki adam var: Rüstəm Ibrahimbəyov, Rafiq Əzizoğlu. Bunların hakimiyyətə daha çox qorxu törətmələri prinsipiallıqda, sərt çıxışlarında deyil; dünyaya geniş çıxışlarında, böyük ad-sanlarındadır. Bunlar hakimiyyətin cızdığı çevrəni, qurduğu sistemi yalnız ölkə içində deyil, ölkə dışında da dağıtmaq gücündədirlər – sonadək prinsipiallıq göstərməklə!
Hakimiyyət belə bir qorxu ilə üzləşdiyindən Ziyalılar Forumunu neytrallaşdırmağa, neytrallaşdırıb yox eləməyə çalışır. Buna görə hakimiyyət yetkililəri – bu bəlli banditizm komandasında rol alan bir sıra kimsələr özlərinin yoxsul dünyagörüşlərindən çıxış eləməklə bizə ziyalılığın nə demək olduğunu anlatmağa çalışırlar. Onların anlatdığına görə, YAPdan – SIMASIZ QULDURLAR PARTIYASINDAN qıraqda nə ziyalı ola bilər, nə də ziyalılıq.
Hakimiyyət Rafiq Əzizoğlu ilə bağlı davranışda çox sərt oldu – onu işdən çıxardı. Bunun da öz nədəni var. Bəlli olduğu kimi, Ziyalılar Forumunda olanların hamısından onun artıq bir üstünlüyü vardı: o yalnız dünyada tanınmış kimsə deyildi; bununla yanaşı, o, ali məktəb müəllimi, kafedra başçısı idi. Təhsil sistemi hakimiyyətin ən çox qorxduğu bir sistemdir. Bu sistemdə müxalifət yaranmağı, – özü də Rafiq Əzizoğlu kimi bir örnəklə, – hakimiyyətin tezliklə sonunu gətirə bilərdi. Belə bir son qorxusundan əliyevçi rejim uzun illərdən bəri təhsil sistemini başdan-ayağa rüşvətə bulamaqdadır. Buna görə neftdən gələn milyardları yollara, küçələrə, körpülərə, olimpiya komplekslərinə tökür, göyə sovurur, ancaq müəllim adlanan kimsəni çörəklə sınağa çəkir, rüşvətlə kəməndə keçirirlər!
Bunu bir aksiom saymaq olar: rejimin dediyini deyənlərin, ona əlaltılıq eləyənlərin hamısı rejimin özüdür. Rejimin dediyini deməyənlər, ən yumşaq biçimdə olsa belə, rejim siyasətlərinə qarşı çıxanlar avtomatik olaraq müxalifət kateqoriyasına keçirlər. Ziyalılar Forumunda olanlar özlərini müxalifət saymasalar da, hakimiyyət onları müxalifət sayır. Forumun hakimiyyətlə bağlı sərgilədiyi bəlli baxışlar bir yana, Rafiq Əzizoğlunun özünün, belə desək, professional baxışları açıq-aydın müxalifətçi baxışlardır. Onun yolçularından olduğu QEYRI-SƏLIS MƏNTIQ teoriyasının özü indiki hakimiyyətə müxalifət teoriyasıdır. Bu teoriya say kateqoriyaları ilə deyil, məntiq kateqoriyaları ilə düşünməyi, yaşamağı öyrədir. Bütün varlıqları ilə saya, say qanunlarına, demək, rüşvət-korrupsiya rejiminə, bu rejimdən gələn qazanca bağlı kimsələr üçün sözügedən məntiq teoriyasının özü bir müxalifət, özü də barışmaz müxalifət teoriyası deyilmi?
“Qeyri-səlis məntiq” anlayışına gəlincə, məncə, bu ad elə də düzgün seçilməyib. Istər leksik, istərsə də semantik baxımdan. Lütfi Zadə indi dünyada geniş yayılmış bu teoriyanı məntiqdə aralıq kateqoriya olaraq yaradıb. Anlayışla obyekt arasındakı bağlılıq baxımından bunu ARALIQ MƏNTIQ də adlandırmaq olardı. Başdan-başa ərəbcə olan “qeyri-səlis məntiq” anlayışı özlüyündə bizə nəsə deyə bilmirsə, nə üçün biz yaratdığımızı öz dilimizdə adlandırmaq üzərində düşünməyək?!

Rafiq Əliyev faktoru II yazı
•