Qan xərçənginə qarşı heyrətamiz müalicə

xerceng huceyre“The Guardian” qəzeti yazır xərçəng xəstəliyinin müalicəsi yollarını araşdıran alimlər T-limfosit hüceyrələrinin köməyi ilə heyrətamiz uğur əldə ediblər.

Xəbər verilir ki, yeni müalicə üsulu qan xərçəngindən əzab çəkən pasientlərin 94 faizində sağlam qan göstəricilərinin bərpası ilə nəticələnib.

Alimlər müalicə sınağını yaşamaq üçün yalnız bir neçə ayı qalmış xəstələr üzərində aparıblar.

Onlar müalicədə insanın immun sisteminin T-limfositlərindən istifadə ediblər.

“The Guardian” yazır ki, bu müalicədən keçən kəskin leykoz (ağ qan) xəstələrinin 94 faizində xəstəliyin simptomları tamamilə yox olub.

Amerika alimlərindən Stanley Riddell deyib ki, bu miqyasda sağalma faizinə nail olunması elm aləmində misilsiz hadisədir.

Bu müalicəni həyata keçirmək məqsədilə həkimlər xəstənin immun sitemindən hüceyrələri çıxararaq onları “qəbuledici” molekullarla “silahlandırır” və təkrar xəstənin özünə vururlar.

Bu vaxtadək T-limfositlərinin, məsələn qrip virusuna qarşı mübarizə apardığı bəlli idi.

Waşingtondakı Fred Hutchinson Xərçəng Araşdırmaları Mərkəzindən doktor Riddell deyib kİ, əldə olunmuş nəticələr, həm nikbinliyə, həm də bədbinliyə əsas verir.

Professor xüsusilə vurğulayıb ki, onlar bu metodu yaşamaq üçün 2-5 ay ömürləri qalan xəstələrə tətbiq ediblər.

O deyib ki, T-limfositlər “canlı dərman” sayıla bilər.

Bu da qeyd olunur ki, yeni müalicə üsulu xərçəngin yalnız spesifik formalarına şamil edilə bilər və bu yolla yoxa çıxmış simptomların hansı müddətdə qayıda biləcəyi hələlik öyrənilməyib.

Bundan başqa T-limfosit müalicəsi “sonuncu silah” sayılır və onun qorxulu yan fəsadları ola bilər.

Burada orqanizmin qədərindən artıq “müdafiə hüceyrələri” ilə doldurulması təhlükəsi var.

Bu zaman təhlükəli ifrat sitokin ifrazı baş verə bilər. Bu isə ağ ciyərlərin normadan artıq maye ilə dolması deməkdir.

Bildirilir ki, sözü gedən sınaqlarda 20 xəstədə belə fəsadlar qeydə alınıb və onlardan ikisi vəfat edib.

Buna baxmayaraq müalicə üsulunun təkmilləşdiriləcəyinə ümid edilir.

Eyni metod adi limfoması olan xəstələrə də tətbiq edilib və bu zaman sağalma faizi 50 olub.

Doktor Riddell deyib ki, immun terapiyası 100 faizlik çarə deyil, amma o, artıq xərçəngin müalicəsində sütunlardan birinə çevrilib. (BBC azeri)