«Məni qarət edirlər, kömək üçün polisə müraciət edirəm, əvəzində təhqir edirlər, qorxudurlar və incidirlər»
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis Idarəsinin rəisi tərəfindən təhqir olunduğunu deyir. Nigar Köçərli bu barədə özünün “facebook” səhifəsində məlumat yayıb.
Nigar Köçərli bildirir ki, onu 2015-ci ilin sentyabrında “Əli və Nino” şəbəkəsinin kitab mağazalarından birindən 13 min 216 manatlıq oğurluqla əlaqədar idarəyə çağırıblar:
“5 ay ərzində mən dəfələrlə Nəsimi Rayon Polis Idarəsinə sorğu ilə müraciət etmişəm. Lakin idarənin rəis müavini Nadir Aslanov, cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə ilk vaxtlar cavab verməkdən yayınırdılar. Sonra isə onlar açıq şəkildə mənə bildirdilər ki, bizim sizə vaxtımız yoxdur, bu iş bizə maraqlı deyil.
Bundan sonra mən məcburən Nəsimi Rayon Prokurorluğuna, Baş Prokurorluğa, DIN-ə, Prezident Aparatına yazmalı oldum. Mən bu işdə mütəxəssis deyiləm. Bununla belə, hətta mənə də aydındır ki, heç bir iş aparılmayıb.
Fevralın 15-də məni Nəsimi rayon polis idarəsinə çağırdılar (bu zaman məndən niyə Prezident Aparatına şikayət etdiyimi soruşdular. Axı orada cinayət işinin araşdırılması ilə məşğul olmurlar). Öncə getmək istəmədim. Axı mən niyə görə şikayət etdiyim insanlarla görüşməliyəm? Lakin sonra düşündüm ki, getmək lazımdır. Bəlkə işlə bağlı hansısa detallar aşkarlanıb. Fevralın 16-da görüşə gəldim. Dedilər ki, mənimlə idarənin rəisi, polis polkovniki Musa Musayev görüşmək istəyir. Düşündüm ki, əladır. Axı mən şikayətləri yazana qədər israrla onunla görüşməyə çalışırdım. Kabinetdə idarə rəisindən başqa rəis müavini Nadir Aslanov, şöbə rəisi Oruc Rzayev də var idi. Sonra isə cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadəni də çağırdılar.
Bundan sonra dəhşətli bir şey baş verdi. Idarə rəisi Musa Musayev kobud tərzdə məndən soruşdu ki, niyə onlardan şikayət etmişəm? Mənə xas olan nəzakətli tərzdə izah etdim ki, başqa yolum yox idi. Buna cavab olaraq Musa Musayev üstümə qışqırmağa və məni təhqir etməyə başladı. Mən onun qışqırıq və söyüşlərindən şoka düşmüş halda, otaqdan çıxmaq üçün ayağa qalxdım. Çıxışıma mane olaraq, yolumu kəsdilər. Musa Musayev dəhşətli sözlərlə təhqir edərək və hədələyərək məni kabinetə qaytarmağa çalışdı. Çətinliklə idarədən çıxa bildim.
15 ildən artıqdır ki, mən kitab fəaliyyətilə məşğul oluram, ölkədə təhsili və oxumağı təbliğ edirəm. 7 il əvvəl mən ölkədə ən böyük ədəbi layihə olan Milli Kitab Mükafatını təsis etdim. Bütün 15 illik fəaliyyətim ərzində mən ölkəmin layiqli vətəndaşı olmağa çalışıram: müntəzəm olaraq vergi ödəyirəm, ictimai və sosial fəaliyyətdə iştirak edirəm. Baş verənlər məni sadəcə, bir vətəndaş kimi şoka salmadı. Başa düşürsünüz, bu, sadəcə, nəsə inanılmaz dərəcədə dəhşətli bir hadisədir – mənim beynimə sığmayan bir hadisə. Məni – nəşriyyatçını, namuslu insanı qarət edirlər. Mən kömək üçün polisə müraciət edirəm, əvəzində isə məni təhqir edirlər, qorxudurlar və incidirlər!”
Nigar Köçərli cəmiyyəti üzləşdiyi bu hadisəyə biganə qalmamağa, ona mümkün qədər geniş dəstək verməyə çağırıb.
“Bunlar yüksək təhsilə, kitaba nifrət edirlər”
Artıq AXCP sədri Əli Kərimli də “facebook” səhifəsində cəmiyyətə çağırış edərək, Nigar Köçərlinin başına gələnlərə biganə qalmamağa səsləyib:
“Dostlar, bu hadisəyə biganə qalmayın! Millətin ziyalı xanımları ilə belə rəftar cəzasız qalmamalıdır.
“Əli və Nino” kitab mağazası şəbəkəsinin sahibi Nigar Köçərli 15 ildir ki, kitabın təbliği ilə məşğuldur. Bu gün cəmiyyətimizdə kitaba hələ də marağın qalmasında bu ziyalı xanımın xüsusi rolu var. Normal cəmiyyətlərdə belə maarifçi, işgüzar xanımın əməyini təkcə cəmiyyət yox, dövlət də qiymətləndirərdi. Bizdə isə Nigar xanımı bu gün polis idarəsində ağır təhqir ediblər.
5 ay bundan qabaq əmlakı oğurlanmış Nigar xanım cinayətin açılmamasından Prezident Administrasiyasına şikayət edib. Oradan da şikayəti göndərilib yenidən həmin polislərə. Həmin polislər də onu idarəyə çağırıb, şikayət etdiyi üçün ağır təhqir ediblər.
Şübhələnmişdim ki, bunlar təkcə savadsız deyillər, həm də yüksək təhsilə, kitaba nifrət edirlər. Bu da sübutu…”
DİN təkzib edir
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə Nigar Köçərlinin dediklərini təkzib edib. DIN-in sözçüsü “Azadlıq”a açıqlamasında bildirib ki, Nigar Köçərlinin Musa Musayev tərəfindən təhqirə məruz qalması barədə iddialar həqiqətə uyğun deyil: “Nigar Köçərlinin Nəsimi Rayon Polis Idarəsində təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur. Onun məlum görüş barədə həqiqəti təhrif etməsi ictimai rəyi aldatmağa hesablanıb”.
Aytən