Çində problemli kreditlər rekord həddə çatıb. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, 2015-ci ilin yekununa görə, Çində problemli kreditlərin məbləği və ümumi kreditləşmədə payı 2006-cı ilin iyun ayından bəri rekord həddə çatıb.
Çinin Bank tənzimlənməsi komissiyasının məlumatına görə, 2016-cı ilin əvvəlinə qeyri-qənaətbəxş kreditlərin məbləği 1,27 trilyon yuan və yaxud 196 milyard dollar təşkil edib ki, bu da 2015-cı ilin əvvəli ilə müqayisədə 51% çoxdur. Belə kreditlərin portfeldə payı isə 1,25%-dən 1,67%-ə yüksəlib.
2015-ci ildə Çin banklarının xalis mənfəətindəki artım isə 2,43% olub ki, bu da 2011-ci ildən bəri ən aşağı həddir. Bu göstərici 1,59 trilyon yuan təşkil edib.
Son 3 ildə Çin banklarında problemli kreditlərin məbləği hər il 2 dəfə artıb. Bununla belə, dünya standartları ilə müqayisədə vaxtı keçmiş kreditlər yenə də ən aşağı həddədir. Müqayisə üçün bildirək ki, borc böhranı ilə üzləşmiş Yunanıstanın əksər banklarında problemli kredit nisbəti 30-40% civarındadır. Bununla belə, Çindən olan ekspertləri problemli qeyri-qənaətbəxş kreditlərin artmasından narahatdır. Çünki, bu, bank sektorunun itkilərini artırır. Son 10 ildə Çində kreditləşmənin məbləği hər il təxminən 10% artıb. 2009-cu ildə isə artım pik həddə – 35% olub. (Fins.az)