Ketrin Eşton Bəxtiyar Hacıyevə cavab göndərdi

«Insan hüquqları Azərbaycan və Avropa Ittifaqı arasındakı münasibətlərdə prioritet sahələrdəndir»

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan gənc fəal Bəxtiyar Hacıyev  Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanladığı  məktuba cavab alıb. B.Hacıyevin Hüquqlarını Müdafiə Komitəsindən “Turan”a verilən məlumata görə, cavab məktubunu Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı direktorluğundan Cohn Kcaer imzalayıb.
Məktubda Avropa Ittifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla olan proqramları vurğulanır və bildirilir ki, Avropa Ittifaqı  Azərbaycanda insan hüquqları sahəsində olan məlum problemlərdən narahatdır. “Azərbaycan ATƏT, AI qarşısında öhdəliklər götürüb və biz bu öhdəliklərin yerinə yetirilməsi üçün demokratik islahatların aparılmalı olduğunu deyirik. Azərbaycanda insan hüquqlarının siyasi səviyyədə dilə gətirilməli olduğu vurğulanan məktubda əmin edilir ki, insan hüquqları Azərbaycan və Avropa Ittifaqı arasındakı münasibətlərdə prioritet sahələrdəndir.
Bəxtiyar Hacıyev Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun bu ilin noyabrında Azərbaycana edəcəyi səfər ərəfəsində ona məktub yazaraq, Avropa Ittifaqını Azərbaycanda demokratiyanın inkişafına dəstək verməyə, insan hüquqlarını psevdosabitliyə qurban verməməyə səsləyib.