“Fikirləşirlər ki, məhkəməyə nə versək, o da keçəcək…”

emin-milli2Nazim Ağabəyovun işi üzrə materiallar arasında bir sıra sənədlər niyə yoxdur?

“Meydan TV”nin direktoru Emin Millinin qayını, IT mütəxəssisi Nazim Ağabəyovun işi üzrə məhkəmə prosesində bir sıra maraqlı məqamlar üzə çıxıb. Məsələn, məlum olub ki, cinayət işinin materialları arasında olan müəyyən sənədlər yoxdur. Həmin sənədlərdən biri də spektoqramdır (narkotik vasitələrin tərkibi barədə) ki, o, ekspertiza rəyinə əlavə edilməli idi. Lakin əlavə olunmayıb.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasların birindi Nazim Ağabəyovun vəkili Adil Ismayılov vəsatət qaldırıb, Mərkəzi Ekspertiza Mərkəzindən həmin o spektoqramın surətinin alınmasını istəmişdi. Məhkəmə də vəsatəti təmin edib, Ekspertiza Mərkəzinə sorğu göndərmişdi. Artıq sorğuya cavab gəlib və dünənki məhkəmə iclasında hakim Əfqan Hacıyev cavabı elan edib.

“Tədqiqat aparılarkən çəkilən spektoqramlar yalnız kompüter vasitəsilə tədqiq olunub və çap edilməyib. Eyni zamanda, spektoqramın elektron variantı yaddaşda saxlanılmayıb”, – deyə cavabda bildirilir.

Başqa sözlə, Məhkəmə Ekspertiza Mərkəzi spektoqramı məhkəməyə təqdim etməyib.

Hakim onu da bildirib ki, bu iş üzrə ittiham tərəfin şahidlərindən dindirilməmiş bir nəfər qalıb. Onu da tapıb məhkəməyə gətirmək mümkün olmayıb. Məhkəməyə daxil olan məlumata görə, həmin şəxs ölkədə yoxdur.

Ekspertiza Mərkəzinin spektoqramla bağlı cavabı vəkil Adil Ismayılovun etirazına səbəb olub: “Son dövrlərdə mənim rast gəldiyim cinayət işlərinin hamısında spektoqramlar var. Bir neçə nümunəni də məhkəməyə təqdim edə bilərəm. Müəmmalıdır ki, niyə bu işin içində yoxdur? Görünür, bu tip işlərlə bağlı belə fikir yaranıb ki, onsuz da məhkəməyə nə göndərsək, o da keçəcək”.

Vəkil həmçinin Nazim Ağabəyovdan götürüldüyü iddia olunan narkotik üzrə ekspertiza rəyində çoxsaylı ziddiyyətlərin olduğunu əsas gətirərək, ekspert Aybəniz Hüseynovanın, Bakı şəhər Baş Polis Idarəsinin təhqiqatçısı Şövqi Əhmədovun məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, adıçəkilən təhqiqatçı Nazim Ağabəyovun işində çoxsaylı qanun pozuntularına yol verib.

“Təhqiqatçı yazır ki, narkotik Nazim Ağabəyovdan saat 15.40-da aşkarlanıb götürüldü. Ekspert isə rəydə yazır ki, ekspertiza saat 16.00-da başlayıb, saat 19.20-də başa çatdı. 15.40-da götürülən narkotik nə tez gedib ekspertizaya çatdı ki, saat 16.00-da da ekspertiza başladı?! Bu narkotik götürüləndən sonra əvvəlcə ekspertiza keçirilməsi barədə qərar alınmalıdır, sonra o, ekspertizaya aparılmalıdır. Bu, cəmi 20 dəqiqənin içində mümkün deyil axı…”

Vəkil həmçinin məhkəmədən sorğu ilə Bakı şəhər Baş Polis Idarəsinin qeydiyyat kitabının alınmasını istəyib. Adil Ismayılov bunu Nazim Ağabəyov həbs olunarkən ona dövlət hesabına təyin olunmuş vəkilin idarəyə nə vaxt daxil olub-çıxması məsələsinin müəyyənləşdirilməsi baxımından vacib olduğunu vurğulayıb.

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərdən yalnız ekspertin dindirilməsinə etiraz etməyib. Digər vəsatətlərin isə əleyhinə çıxıb. Elə məhkəmə də yalnız Aybəniz Hüseynovanın dindirilməsinə razılıq verib.

Məhkəmə prosesi fevralın 19-da davam edəcək.

Eyni zamanda, Xalq rəssamı Mais Ağabəyovun oğlu olan Nazim Ağabəyov ötən il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti sərt tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Aytən