AXCP sədri Əli Kərimli 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni Il münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
Əziz Azərbaycan Xalqı!
Bu gün xalqımız iki əlamətdar tarixi qeyd edir. Ilk növbədə, mən sizi və vətəndən uzaqlarda yaşayan bütün həmvətənlərimizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm. Bu, xalqımızın tarixində unudulmaz və önəmli bir gündür. Bu, 1989-cu ildə Cənubi Azərbaycanda yaşayan qardaşlarımızla 160 illik ayrılığın simvoluna çevrilən sərhəd dirəklərinin dağıdılması ilə yeni bir mübarizə mərhələsinin başlandığı gündür. 1992-ci ildən rəsmi dövlət bayramı kimi qeyd olunan bu tarix artıq dünyanın hər yerində soydaşlarımızın birlik, bərabərlik və vətənçilik bayramına çevrilib.
Hələ keçən əsrin əvvəllərində Azərbaycançılığı bir vətənçilik ideyası olaraq irəli sürən böyük öndər M.Ə.Rəsulzadə mühacirətdən yazırdı: “Müxtəlif dövrlərdə və müxtəlif səbəblərdən vətəni tərk edib mühacirliyi seçmiş bir çox ziyalılarımız və xüsusilə, ziyalı gənclərimiz var. Onların bir sahədə ixtisas əldə edərək elm və texnika adamı olmasını görmək əziz arzularımızdan biridir. Fəqət, vətəni istila altında inləyən bir mühacir ziyalının sadə, mütəxəssis bir texnika adamı olmaqdan başqa, bir borcu da vardır ki, bu da Vətən borcudur!”.
Bəli, o böyük insanın söylədiyi sözlər bu gün üçün də eyni dərəcədə aktual və önəmlidir. Bəşər tarixində yeni bir inkişaf və demokratikləşmə mərhələsinin başlandığı dövrdə özünü həqiqi azərbaycanlı sayan hər kəsdən vətən naminə real işlər görmək tələb olunur.
Əziz Azərbaycan Xalqı!
Bu gün həm də Yeni Il bayramı ərəfəsindəyik. Xalqımız üçün çətin, ağrı-acılı olan daha bir il başa çatır. Təəssüf ki, bu il də ölkəmizin həyatında bir sıra xoşagəlməz hadisələrlə tarixə keçəcək. Onlarla vicdan məhbusumuz yeni ili ailələrindən ayrı, həbsxana divarları arasında qarşılayacaq. Amma hər bir xalq üçün böyük tarixlər böyük mübarizə və məhrumiyyətlər bahasına yazılır. Bu gün Azərbaycan yeni tarixin yazılması ərəfəsindədir. Buna görə də qarşıdan gələn yeni ilin ölkəmiz üçün məsuliyyətli, sınaqlarla dolu və şərəfli bir il olacağına inanıram.
Bu gözəl arzu və ümidlərlə dolu gündə bir daha hamınızı təbrik edir, Yeni Ilin vətənimizə inkişaf, yenilik, dinclik və səadət gətirməsini diləyirəm. Tanrı Azərbaycanımızı qorusun!



