İzdivac verilişləri dayandırıla bilər

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilin yekunlarına həsr olunan iclasda  telekanallarla bağlı fikirlərini səsləndirib. Məlumata görə, şura sədri telekanallarda yayımlanan izdivac verilişlərindən qurumun narahat olduğunu və belə gedərsə, həmin verilişlərin dayandırılacağını bildirib.
Bu məlumatla bağlı ziyalı və televiziya ekspertlərinin fikrini öyrəndik. Tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli söyləyir ki, MTRŞ-nin televiziya və radionun yayım siyasətinə bu formada birbaşa müdaxilə etməyə hüququ yoxdur: “Amma bu məsələnin özü Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Mənə elə gəlir ki, televiziyalar bu cür layihələrə başlayanda MTRŞ müəyyən formada buna münasibət bildirməliydi. Insanlar arasında belə verilişlər populyarlaşdırılır, tamaşaçıya hazır meyvəni daddırır, sonra isə ona icazə verilməməsini qərarlaşdırır. Şuranın nəzdində olan müvafiq şöbə televiziyalarla bu yöndə dialoq qura, məsləhətləşmə apara, tövsiyələrini verə bilər. Lakin belə verilişlərin birbaşa dayandırılması telekanalların işinə yolverilməz müdaxilədir. Ona görə də MTRŞ bu məsələdə sadəcə, həddindən artıq gecikib. Bu bəyanatın da effektli olacağına inanmıram”.
Televiziya mütəxəssisi Zeynal Məmmədli Şuranın televiziyanın yaradıcılıq məsələlərinə qarışmağa qanunla ixtiyarı olmadığını söylədi. Zeynal müəllim qeyd etdi ki, şura nəzarət edir ki, proqramlarda zorakılıq, terror, milli, etnik ayrı-seçkilik təbliğ olunmasın: “Qalan məsələlərdə isə televiziya kanallarının işinə müdaxilə edilməməlidir. Bu, ən azı düzgün anlaşıla bilməz. Ictimai bir basqı varsa, belə verilişlər cəmiyyətdə qarşıdurma yaradırsa, bütövlükdə ictimai əxlaqla uyğun gəlmirsə, buna hansısa formada münasibət bildirilməlidir. Bu verilişlərin tamaşaçısı varsa, hansısa tələbatı ödəyirsə, yaşlı və yaxud kasıb insanların problemini həll edirsə, yayım davam etməlidir. Lakin bayağılığa yol verilmədən, şit səhnələr olmadan hazırlanmalıdır. MTRŞ proqram siyasətində əsas prinsiplər olan plüralizm, açıq debat problemlərini həll etməlidir. Məncə, nəticə yox, səbəblərdən yapışmaq lazımdır. Şura səbəblərlə bağlı daha çox ictimai müzakirə açsa, yaxşı olar”.
Azərbaycanın tanınmış kinossenaristi Eldəniz Quliyev sözügedən məsələyə ziyalı kimi mövqe bildirdi. Eldəniz bəyin qənaətincə, telekanallarda yayımlanan izdivac xarakterli verilişlər onu çox narahat edir: “Belə verilişlər mental şüurumuza yaddır. Lakin Şuraya sual oluna bilər ki, niyə bu verilişlə bağlı addım atıb sonra onu dayandırırsınız? Nə üçün bir səhvi edib sonra ikinci səhvə haqq qazandırmaq istəyirsiniz?  Təkcə belə tipli verilişlər deyil, ümumiyyətlə, Azərbaycan teleməkanında böyük biabırçılıqlar baş verir. Onlardan biri də sözügedən verilişlərdir”.

Nigar