Hörmüz boğazında müharibə təhlükəsi

İranın təlimləri zamanı bölgədə ABŞ-a məxsus hərbi gəmilər peyda olub

Iran bir müddətdir ki, bağlamaqla hədələdiyi Hörmüz boğazında hərbi təlimlərini davam etdirir. “Vilayət 90″ adlanan 10 günlük hərbi təlimlərin 7-ci günü arxada qalıb. Təlimlərdə dənizdəki hədəfləri vurmaq da məşq edilib. Iran Ərəbistan dənizindən Hind okeanına qədər uzanan ərazidə həyata keçirilən təlimlərin dinc məqsədli olduğunu və region ölkələrinə sülh, dostluq mesajı göndərdiyini bəyan edir.
Iran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqindən Oman və Ədən körfəzlərinə qədər olan 2 min kilometrlik sahədə geniş miqyaslı hərbi manevr keçirdiyi zaman ABŞ-a məxsus hərbi gəmi peyda olub. Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibulla Səyyari bildirib ki, ölkəsinin kəşfiyyat təyyarələrinin çəkdiyi şəkillərlə bunun “USS Cohn C. Stennis” adlı hərbi gəmi olduğu müəyyənləşdirilib. ABŞ gəmisi Hörmüz boğazından Oman körfəzinə keçərkən görünüb.
Tehranın təhdidlərinə baxmayaraq, ABŞ-a məxsus iki hərbi gəmi boğazı problemsiz keçib. Bu barədə Bəhreyndə yerləşən ABŞ Hərbi-Dəniz Qüvvələrinin Bəsrə körfəzindəki 5-ci donanmasının rəsmi nümayəndəsi, kapitan Rebeka Rebariç məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın iki hərbi gəmisi Əfqanıstandakı NATO qüvvələrinə hava dəstəyi təmin etmək üçün Hörmüz boğazından keçməzdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cəbəl Əli limanında müvəqqəti dayanıb.
Tehranın Hörmüz boğazını bağlayacağı təhdidinə ABŞ-ın təhdidlə cavab verməsi iki ölkə arasındakı gərginliyi daha da artırıb. Iran Inqilabı Keşikçiləri Korpusu (“Sepah”) baş komandanının canişini Hüseyn Səlami bildirib ki, Qərbin hər hansı təhdidinə təhdidlə cavab verəcəklər. Hüseyn Səlaminin sözlərinə görə, Iran öz strateji siyasətindən əl çəkməyəcək: “Iranın milli mənafeyi təhlükəyə məruz qalacağı təqdirdə biz hər bir təhdidə təhdidlə cavab verəcək, öz strateji siyasətimizdən əl çəkməyəcəyik. Iran müdafiə sahəsindəki strategiyasını həyata keçirmək üçün heç kəsdən icazə almayacaq”.
Bu arada, ABŞ Iranın təhdidlərinə cavab olaraq ərəb ölkələrinin hərbi-texniki gücünü artırmaqda israrlıdır. ABŞ 29,4 mld. dollarlıq yeni razılaşmaya əsasən, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrini döyüş təyyarəsi ilə təmin edəcək. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, ABŞ və Səudiyyə Ərəbistanı hökumətləri arasında imzalanmış razılaşmaya görə, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının kral hərbi hava qüvvələrini “F-15SA” döyüş təyyarəsi ilə təmin edəcək.
Bəyanatda deyilir ki, razılaşmada həmçinin 84 yeni təyyarənin istehsalı və hazır 70 təyyarənin müasirləşdirilməsi nəzərdə tutulub. Sənəddə o da vurğulanır ki, razılaşma iki ölkə arasında münasibətlərin güclənməsinə və möhkəmlənməsinə yardım edir və eyni zamanda, regional təhlükəsizliyin əsas komponenti kimi Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətinin gücləndirilməsinə ABŞ-ın sadiqliyini nümayiş etdirir.

Informasiya şöbəsi