Həzrət Əlinin və Əli müəllimlərin “kitab yüklü eşşəkləri”

Hakimiyyətin iki Əlisinin – Əli Həsənov və Əli Əhmədovun Ziyalılar Forumu barədə açıqlamaları yadıma Həzrət Əlinin sözlərini saldı: “Imansız alim kitab yüklü eşşəkdir!”
Bəs, iman nədir?
Islam dininin dayağı Həzrət Əli imanın sifətlərini sayıb ki, onlardan biri də ədalətsizliyə etiraz etməkdir. “Nəchül-bəlağə”də beləcə də buyurub: “Imanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı, sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan” (“Nəchül-bəlağə”, Bakı-2009, s., 860).
Imanlı alim, “kitab yüklü eşşək” olmayan imanlı ziyalı “özünə ziyan vurmaq” bahasına olsa belə, doğrunu deməli, həqiqəti dilə gətirməli, haqqın, ədalətin, Allahın yanında olmalı, Şeytana, şərə və pisliyə qarşı vuruşmalıdır. “Əlilərin” hakimiyyətin siyasətini dəstəklədiyindən məmnun göründükləri “ziyalıların” isə mahiyyət etibarilə kimlər olduqlarını hamı bilir. Şəxsən mən təkbətək qalanda bu hakimiyyətin qaniçənliyindən, zalımlığından, ədalətsizliyindən dad çəkən, nifrin yağdıran yüzlərlə “kitab yüklü eşşəyin” adını durmadan çəkərəm. Ancaq zalımın və zülmün qabağında boyunları qıldan incə olan belə “ziyalılar” ictimai həyatda məddah, yaltaq, yalaqdırlar və qarşılarına çıxan ədalətli adamları görəndə, “neyləyə bilərik, bir parça çörəyə görə məcburuq” arqumentini gətirirlər. Elə bu cılız arqumentləri ilə də bir daha allahsız, imansız və “kitab yüklü eşşək” olduqlarını isbatlayırlar. Bilirsiniz niyə? Çünki bu “kitabyüklülər” o qədər imansızdılar ki, ruzini, çörəyi Əli Əhmədovdan, Əli Həsənovdan istəyirlər; bunlar hələ də dərk etmir ki, ruzini verən Allahdır; bunlar hələ dərk etmirlər ki, onları bir parça çörəyin quluna çevirən şeytandır. Oxuyun, bu da Əl-Bəqərə surəsinin 268-ci ayəsi: “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah) hər şeyi biləndir”.
Bu “Quran” ayəsindən sonra da “məcburuq” sözünü işlədənlərə Həzrət Əlidən daha yaxşımı ad tapacağıq?
Əli Həsənov Ziyalılar Forumunda yığışan insanların ünvanına “ziyalı” sözünü də işlətmir, “bir qrup savadlı adam” istilahından istifadə edir, – “hər savadlı adam ziyalı ola bilməz” məntiqi ilə. Özünə ziyan olduğunu bilə-bilə ədaləti dilə gətirən və haqsızlığa etiraz etməklə imanlı olduğunu sübutlayan Rafiq Əliyev “ziyalı” deyilsə, onda Ziyalılar Forumunun əleyhinə verilən bəyanatdakı imzasından imtina edən, səhərisi gün “mən imzamdan imtina etməmişəm” deyib diktafonda yazılmış səsini saçından-saqqalından utanmadan təkzibləyən və 2 günün içində 2 dəfə qıpqırmızı yalan danışan “kitab yüklü eşşəkdirmi” ziyalı? 70 yaşından sonra belə, zor qabağında geri çəkilən, 37-ci il repressiyalarında olduğu kimi, çay gəlməmiş çırmanıb həmkarının üzünə duran saxtakardırmı ziyalı? Yoxsa, Bakı Dövlət Universitetinin müəllimləri adından 1991-ci ildə Ayaz Mütəllibovun, 1992-ci ildə Əbülfəz Elçibəyin, 1993-cü ildə Heydər Əliyevin lehinə imza atıb, bəyanat verənlərdir ziyalılar?
Onlar ziyalı deyillər, öz mənfəətləri naminə min sifətə dolmağa, istənilən hakimiyyətə qul olmağa, istənilən şərəfli insanı şərləməyə hazır vəziyyətdə duran şər ordusunun əli qələmliləridir.
Əli Əhmədov “öz peşəsi ilə məşğul olmayan alimin tükəndiyini” deyir. Doğru sözə nə deyəsən? Gəlin, Ziyalılar Forumunun əleyhinə bəyanat verən alimlərin son illərdə yazdığı məqalələri götürüb incələyək, görək, kimlər nə yazıb və haralarda çap olunublar?
Bəlli olacaq ki, bunlar indi yox, çoxdan, hətta elmə gəlməmiş bitmiş, yalnız siyasi sifariş icraçısı olmaqla irəli getmiş “alimlərdir”. Azərbaycan elminin plagiat və rüşvətxor siması Elşad Abdullayevə verilən “doktor” və “professor” diplomları ilə üzə çıxdı. Elmimiz peşəkar alimlərin əlində olsaydı, Azərbaycan elmi sonuncu yerləri Şri-Lanka ilə bərabər bölüşərdimi? Ölkə peşəkarların idarəetməsində olsaydı, bu il ÜDM-in inkişafına görə MDB-də sonuncu yeri tutardıqmı?
Gör, bu ölkə hansı faciənin içindədir ki, Azərbaycan təbii sərvətlərdən kənar, qeyri-neft ixracının səviyyəsinə görə Gürcüstandan geri qalır. Təsəvvür edirsinizmi? Azərbaycandan əhali və ərazi baxımından 3 dəfə kiçik olan Gürcüstanın xarici dövriyyəsi neft satışı çıxıldıqdan sonra bizdən 35 faiz çoxdur!
Ölkənin bu faciəsini görən, amma yalnız şeytan xislətinə görə etiraf etməyən, əksinə, bu talançılığa qoşulub Azərbaycanı uçuruma daha da yaxınlaşdıran “kitab yüklü eşşəklərə” “stavka”nın, Rafiq Əliyev, Rüstəm Ibrahimbəyov kimi ziyalıları işdən çıxarmağın nəticəsini görürsünüzmü, Əli müəllimlər?