İlham Əliyevlə Azərbaycanın gələcəyi yoxdur

“2012-ci il Azərbaycanda köklü demokratik dəyişikliklərin başlanması ili olacaq”

İsa Qəmbər:«Nəhayət hamı başa düşür ki, problemin kökü ayrı-ayrı məmurlarda deyil, rejimdədi»

«İlham Əliyevin baş verənlərdən kifayət qədər məlumatı var»

Müsavat başqanı İsa Qəmbər gündəmin aktual məsələləri ilə bağlı “Azadlıq”ın suallarını cavablandırır.

– Isa bəy, hakimiyyət Ziyalılar Forumuna tədbir keçirməyə imkan vermədi. “Azadlıq” qəzetinin tədbirində olduğu kimi bu dəfə də işıq söndürmə əməliyyatından istifadə olundu. Sizcə, hakimiyyətin bu addımları nəyin təzahürüdür?  
– Əslinə qalsa 2011-ci il Azərbaycanda işığı yandırmaq, məmləkətə aydınlıq gətirmək istəyən qüvvələrlə işığı söndürmək, ölkəni zülmətdə saxlamaq istəyən qüvvələr arasında mübarizə ili kimi keçdi. Il ərzində bu kimi hadisələrlə dəfələrlə rastlaşdıq. Müsavatın 100 illik yubiley tədbirlərinə, müxtəlif partiyaların toplantılarına maneələr yaradıldı. Ilin sonunda isə bu hadisələr bir-birini əvəz etməyə başladı. Işıq söndürmə əməliyyatı ilə Aktyor Evində mömin qardaşlarımızın bayram tədbirinin qarşısı alındı. Daha sonra bu cılız və gülünc əməliyyatdan “Azadlıq” qəzetinin və Ziyalılar Forumunun tədbirinin qarşısını almaq üçün istifadə edildi. Bu bir mübarizədir və hesab edirəm ki, artıq azadlıq uğrunda, işıq uğrunda mübarizə aparan bütün qüvvələr aydın şəkildə dərk etməlidirlər ki, Ilham Əliyev hakimiyyəti ilə Azərbaycanın nəinki işıqlı gələcəyi, ümumiyyətlə gələcəyi yoxdur. Ona görə də ölkədə dəyişiklik istəyən, ölkənin işıqlı bir şəkildə inkişafını istəyən bütün qüvvələr bir araya gəlib real mübarizə aparmalıdırlar.

– Belə fikirlər səsləndirilir ki, əslində bu olaylar ölkədə vəziyyəti gərginləşdirmək istəyən hökumətdaxili qrupların əməlidir. Bu fikirləri bölüşürsünüzmü?
– Bölüşmürəm. Çünki bu fikri bir qədər də dərinləşdirəndə “Ilham Əliyev yaxşıdır, ətrafı pisdir” tezisinə gedib çıxır. Məncə, bu, hakimiyyətin addımlarının məntiqsizliyindən doğan bir məntiq axtarışının nəticəsidir. Lakin heç bir əsası yoxdur. Çünki WikiLeaks sənədləri ortaya çıxanda hamı gördü ki, Ilham Əliyevin ölkədə baş verən hadisələrdən kifayət qədər məlumatı var. Ən azı ölkəni dəyişmək istəyən qüvvələrin fəaliyyəti Ilham Əliyevin tam diqqətindədir. Ona görə də Ilham Əliyevin xəbəri olmadan kimlərinsə Müsavatın 100 illiyinin, “Azadlıq” qəzetinin və Ziyalılar Forumunun tədbirlərinin qarşısını almağa çalışması inandırıcı görünmür.

Rejim dəyişməlidir

– YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, ziyalı siyasətə baş vurursa deməli artıq o tükənib. Əli Əhmədovun bu fikri nə dərəcədə əsaslıdır?
– Əli Əhmədovun, Siyavuş Novruzovun və digərlərinin açıqlamaları doğrudan da hakimiyyətin simasını ifşa edən açıqlamalardır. Demokratik düşərgəyə qarşı bu qədər düşmənçilik sərgiləyən qüvvələr indi də bu açıqlamalarla ziyalılara qarşı bütün qəzəblərini ifadə edirlər. Ziyalılar Forumunu 5-6 nəfərin toplantısı adlandırmaq, siyasət barədə fikir söyləyən ziyalıların artıq ziyalılıqdan çıxmasını bəyan etmək heç bir məntiqə sığmayan bir yanaşmadır.
Siyasət təbii ki, böyük zəhmət tələb edən bir sahədir. Amma siyasət hər halda yer qazmaq deyil, fiziki əməklə yox, ilk növbədə intellektual işıqla gerçəkləşən bir sahədir. Bu gün Azərbaycanda siyasətlə məşğul olanların əksəriyyəti mövqelərindən asılı olmayaraq kifayət qədər savadlı və dünyagörüşlü insanlardır. Sadəcə hakimiyyət hər zaman “məsələni siyasiləşdirməyin” deyə-deyə cəmiyyəti siyasətdən kənarda saxlamağa çalışır. Çünki köklü dəyişikliklər seçkilərlə, hakimiyyətlə bağlı məsələlərdir. Bizim hörmətli ziyalılarımız, müxtəlif sahələrdə çalışan mütəxəssislərimiz  hərəsi öz sahəsində köklü dəyişikliklərə çalışırlar. Və nəhayət ya başa düşürlər, ya da çoxdan başa düşdükləri həqiqəti etiraf etməli olurlar ki, problemin kökü ayrı-ayrı məmurlarda deyil, rejimdədi. Rejim dəyişməlidir. Məhz bu zaman Əli Əhmədov kimilər artıq ziyalılarımızı ziyalılıqdan çıxıb siyasətlə məşğul olmaqda ittiham etməyə başlayırlar. Halbuki əgər Azərbaycan kimi zəngin, yaxşı gələcəyi olan ölkəni YAP hakimiyyəti qaranlığa düçar edibsə, ziyalılarımız  ölkədə vəziyyəti dəyişmək üçün siyasətin də önündə getməyi bacarmalıdır. Hesab edirəm ki, bu baxımdan çox normal bir proses gedir. Ziyalıların toparlanması və getdikcə daha aydın şəkildə mövqelərini bildirməsi, ziyalılarla demokratik düşərgənin bir-birinə yaxınlaşması prosesi gedir və bu da çox müsbət bir prosesdir.

Hakimiyyət saxta balans mövqeyini davam etdirmək istəyir

– Fransa parlamenti “erməni soyqırım”ının inkar edilməsini cinayət sayan qanun qəbul etdi. Bu addım Azərbaycanın da milli maraqlarına ciddi zərbə olmasına baxmayaraq hakimiyyət bununla bağlı ortaya tutarlı rəsmi mövqe qoymadı. Bu cəsarətsizlikdən irəli gəlir yoxsa başqa səbəblər var?
– Rəsmi mövqe ona görə yoxdur ki, hakimiyyətin rəsmi seçimi yoxdur. Hakimiyyət həqiqətlə yalan arasında, geopolitik anlamda seçim etməyib, dostları ilə rəqiblərini ayırmayıb. O cümlədən konkret situasiyada da hakimiyyət özünün saxta balans mövqeyini davam etdirmək istəyir. Amma həqiqətlə yalan arasında balans qurmaq olmaz. Fransa kimi demokratiyanın beşiyi olan bir ölkədə ifadə azadlığına  qarşı bir qanun qəbul olunub. Bu absurddur. Bunun qarşısı alınmalıdır. Bunun qarşısının alınması yollarından biri də budur ki, dünya Fransaya xatırlatmalıdır ki, bunu etmə, bu yanlışdır. Əslinə qalsa bunu Fransanın deputatları özləri də bilirlər. Əgər Fransa parlamentin cəmisi 1/10-i bu səsvermədə iştirak edibsə, deməli, Fransa deputatlarının 9/10-u nəinki bunun lehinə və ya əleyhinə səs verməyiblər, ümumiyyətlə, belə bir biabırçılıqda iştirak etməyi özlərinə rəva bilməyiblər.
Bu məsələdə təbii ki, ilk növbədə hədəfdə Türkiyədir. Amma hədəfdə olan ölkələrdən biri də Azərbaycandır. Çünki saxta soyqırım qanuniləşəcəksə, bu, istər-istəməz Ermənistan-Azərbaycan konfliktində Irəvanın mövqeyini gücləndirəcək.  Ona görə mən bu məsələ ortaya çıxan kimi təklif etdim ki, təcili olaraq Türkiyə-Azərbaycan strateci əməkdaşlıq şurası bir araya gəlməli, vəziyyəti müzakirə edib birlikdə qərarlar qəbul etməlidirlər. Təssüf ki, Azərbaycan hakimiyyətinin hər zaman olduğu kimi zəfiliyi, mövqesizliyi, müttəfiqlərinə diqqətsizliyi, öz şəxsi maraqlarını milli maraqlardan üstün tutması bu hadisədə də özünü göstərdi.

Heç kim bu dəyişikliklərin qarşısını ala bilməyəcək

– Rusiyada baş verən prosesləri necə dəyərləndirirsiniz?
– 1999-cu ildə Rusiyada Putin tipli bir adamın hakimiyyətə gəlişindən sonra bu ölkədə avtoritar rejim güclənməyə başladı. Rusiyada avtoritarizm gücləndikdə MDB məkanında da proseslər daha kəskin xarakter aldı və bir çox avtoritar liderlər Rusiyanın ətrafında toparlandı. 12 il keçdikdən sonra Rusiya cəmiyyəti artıq özü bundan bezib. Cəmiyyət dərk etməyə başlayıb ki, avtoritar liderlə hansısa taktiki məsələləri bəlkə də həll etmək olar. Amma ölkənin inkişafını avtoritar idaretmə ilə təmin etmək mümkün deyil.
Rusiyada proseslər seçkilərdən sonra başladı. Seçkilər ciddi şəkildə saxtalaşdırılmışdı. Lakin yəqin razılaşarsınız ki, bu Rusiyada ilk saxtalaşdırılan seçki deyildi. Hər halda həm 12 illik dövrün təcrübəsi, həm də dünyada baş verən köklü inqilabi dəyişikliklər Rusiya cəmiyyətinin əhval-ruhiyyəsinə təsir etmişdi. Amma mən hesab edirəm ki, cəmiyyətə ən çox təsir edən məsələlərdən biri Rusiya hakimiyyətinin zirvəsində ötür-ötür oyunu idi. Bunu bir çox Rusiya intellektualları, tanınmış insanları dilə gətirdilər ki, axı bizi niyə belə təhqir edirlər?! Yəni bu boyda ölkədə iki nəfərdən başqa prezident olası insan yoxdur?! Bunu heysiyyətli adamları özlərinə təhqir kimi qəbul etməyə başladılar. Son günlərdə iki möhtəşəm mitinqin keçirilməsinin səbəbləri də məhz dediyim səbəblərin kompleksindən irəli gəlir. Bu çox ciddi bir prosesdir və 1-2 günlük məsələ deyil. Hesab edirəm ki, 2012-ci ildə Rusiyada çox ciddi dəyişikliklərin baş verməsi labüddür. Bu dəyişikliklərin nə dərəcədə dərinləşəcəyini isə zaman göstərəcək.

– Bu prosesin Azərbaycana hansısa təsirləri ola bilərmi?
– Hakimiyyət Azərbaycanı dünyadan təcrid olunmuş bir yer kimi təqdim etməyə çalışır. Harda nə baş verirsə deyirlər ki, bu, Azərbaycanda təkrarlana bilməz. Amma biz xüsusilə 2011-ci ildə gördük ki, bir çox avtoritar liderlər başqa ölkələrdəki hadisələrlə bağlı deyirdirlər ki, bu bizim ölkədə baş verə bilməz. Ancaq baş verdi, o tərəfə də keçdi. Ona görə də əgər dünyadakı köklü demokratik proseslər ərəb dalğası ilə başlayıb Azərbaycanın şimalına – Rusiyaya gəlibsə və cənubuna – Irana gəlirsə, hətta artıq Xəzəri keçib Qazaxıstanda xalq qiyamları formasında təzahür edirsə,  bunun Cənubi Qafqaza, Azərbaycana dəxli olmadığını düşünmək ancaq intellektual kasadlıq əlaməti ola bilər. Aydın məsələdir ki, bu proseslərin Azərbaycana çox ciddi dəxli var və ölkəmiz köklü dəyişikliklər ərəfəsindəndir. Heç kim bu dəyişikliklərin qarşısını ala bilməyəcək. Cəmiyyət, demokratik ictimaiyyət, ölkənin aparıcı siyasi qüvvələri, ziyalılarımız, gənclərimiz, bir sözlə hamımız bu prosesin mümkün qədər mütəşəkkil getməsini təmin etməliyik.

Nə qədər yekəxana danışsalar da, onların dövrü bitir

– Sizcə, müxalifət və hakimiyyət yeni ilə necə gedir?
– Hesab edirəm ki, müxalifət 2011-ci ildə kifayət qədər ciddi addımlar ata bildi. 2010-cu ilin sonunda Ictimai Palatanı yaratdıq. Bu quruma ölkənin bir çox partiyalarının təmsilçilərini, vətəndaş cəmiyyətinin nümayəndələrini, ziyalıları, mütəxəssisləri cəlb edə bildik. Və bu proses dərinləşməkdədir.
Bu gün bizim dostlarımızdan 16 nəfəri vicdan məhbusudur. Hakimiyyət bayram ərəfəsində o şəxslərin azadlığa çıxmasına imkan verməməklə öz nadanlığını, xalqa, müxalifətə düşmənçiliyini bir daha nümayiş etdirmiş oldu. Söhbətimizin əvvəlində qeyd etdim ki, bu il işığı yandırmaq istəyənlərlə işığı söndürmək istəyənlərin mübarizə ili oldu. Işığı yandırmaq istəyənlərin öndə gedənləri həm də Arif Hacılı, Tural Abbaslı, Sahib Kərimov, Məhəmməd Məcidli və digər həbsdə olan dostlarımızdır. Bu gün onların həbsdə olması  müxalifətin zəifliyi kimi görünə bilər. Amma strateci acıdan bu gün Ictima Palatanın 16 üzvünün həbsdə olması aparılan mübarizənin ciddiyyətindən və fədakarlığından xəbər verir. Dostlarımız həbsdə ola-ola də müxalifətin mövqeyini gücləndirirlər.
Bu il müəyyən mənada 1988-ci ili xatırladır. 2012-ci ildə isə həm 1989, həm də 1991-ci ilin uğurlarını birləşdirməyi bacarmalıyıq. Azərbaycanda 1989-1991-ci illərdəki mübarizə müstəqilliyin qazanılmasına gətirib çıxardı. 2012-ci il isə Azərbaycanda köklü demokratik dəyişikliklərin başlanması ili olacaq. Biz 2011-ci ildə bu işin təməlini qoymuşuq. Qısası, müxalifət yeni ilə güclü şəkildə gedir və 2012-ci ili ciddi dəyişiklik ili kimi görürəm. Bunun belə olması üçün də əlimdən gələni edəcəm.
Hakimiyyətdəkilər isə dərk edir ki, artıq bitirlər. Nə qədər yekəxana danışsalar da, özlərini arxayın göstərməyə çalışsalar da, özləri də, hamı da bilir ki, onların dövrü bitir. Bu hakimiyyət getməyə məcbur olacaq. Sadəcə nə cür gedəcəklər, bunun müzakirəsi gedir. Bu baxımdan hesab edirəm ki, hakimiyyətdə də 2012-ci illə bağlı kifayət qədər aydınlıq var və özləri hər şeyi yaxşı bilirlər. Onların zamanı bitib.

Vidadi Məmmədov