Çingiz Qənizadənin Cabbarın cibinə ərizə atması

Gənc fəal Cabbarın Savalanın cibinə narkotik atanlar ona çamur ata bilmədilər, hakimiyyət müdafiəçisi Çingiz Qənizadə buna nail olmaq istəyir. Adını da hüquq müdafiəçisi qoyub. Baxın, axtarın, siz bu dünyada vicdan məhbusuna hədə gələn bir hüquq müdafiəçisi tapa bilərsinizmi? Sizcə keçmiş məhbus haqda “Əgər başından böyük danışmaqda davam edəcəksə…” deyən bir kəsə  hüquq müdafiəçisi, yaxud deputat deyə bilərsinizmi?
Sizə nə dəxli var bu işin, cənab Qənizadə?! Cabbar əfv ərizəsi yazıbsa, sizə bunun nə isti-soyuğu? Onun çıxışları kiminsə xoşuna gəlməyib hə? Ona görəmi danışırsınız? Yoxsa Siz haradan bilirsiniz bu ərizənin olduğunu? Sizə niyə deyiblər bunu? Onu çap etmək üçün surətini sizə kim verəcək? Cabbar ərizə yazırdısa, niyə birini yox, ikisini yazırdı? Bəlkə 200 ərizə yazıb?
Hər halda bu, çox mənasız tapşırıqdır! Digər tərəfdən, yazıbsa da, yaxşı edib, əlinin içindən gəlib. Bunu yaxşı bilin ki, o, tək deyil, onun arxasında bir xalqın azadlıq istəyi durur. Onun arxasında diktatorları yıxan Zaman ruzigarı əsir. Hər şeyi ciblə ölçməyin, onun cibinə ərizə atmağınız onu yıxmaz və Zamanı dayandırmaz.
Zeynal Bağırzadə ilə bağlı “Haray!” çəkin
Naxçıvan sakini Zeynal Bağırzadə ilə bağlı yaranmış vəziyyət çox narahatedicidir. Həbsdə ona çox ağır işgəncələr verildiyi deyilir. Yaxın<->ları onun məhkəmədən təcridxanaya sağ-salamat, ağrısız getdiyini, indi isə xəstəxanada yerləşdirildiyini söyləyib. Rəsmi qurumlar isə təzadlı məlumatlar verir. Bu, bizim yadımıza Naxçıvan sakini Turac Zeynalovun taleyini yada salır. O zaman valideynlər vaxtında – ona işgəncə verildiyini ilk dəfə gördükləri andan haray salsaydı, bəlkə də Turacı xilas etmiş olardıq. Həmin faciə təkrarlana bilər.
Odur ki, bu təhlükəni dərk edən hər bir vətəndaş , yaxud ictimai təşkilat əlindən gələni etməli, haray çəkməli, etiraz etməlidir. Məsələn:
–    Narahatçılığınızla bağlı Ombudsmana teleqram, müraciət və email yollaya bilərsiniz. Hətta ictimai təşkilatların rəhbərləri şəxsən onun özünə və onun aparatından kiməsə zəng edə bilər.
–    Daxili işlər və ədliyyə nazirlərinə, ya ümumən bu nazirliklərə müraciətlər edə bilərsiniz. –    Narahatlığınız barədə ölkə prezidentinin emailinə və sosial media hesablarına yaza bilərsiniz. Təşkilatlar ona mü<->raciətlər yaza bilər, teleqramlar vura bilər.
–    Gümanınız gələn deputatlara yaza bilər, zəng edə bilərsiniz.
–    Ölkənin tanınmış medallı yazıçı və alimlərinə teleqram vura,  zəng edə, yaza bilərsiniz;
–    Hətta hakimiyyəti açıq müdafiə edən istənilən adama bu haqda müraciət edə bilərsiniz, email yaza bilərsiniz.
–    Səfirliklərə, insan hüquqları sahəsində çalışan beynəlxalq təşkilatlara müraciətlər və məktublar yazmaq olar.
Həm insanların doğmaları, həm də ictimaiyyət bu cür situasiyalarda ləng tərpənə bilməz. Sakit dayana bilməz. Bu zaman əsl ictimai haray çəkmək lazımdır ki, gözlənilən təhlükənin qarşısını almaq mümkün olsun. Darda olan, haqları pozulan hər bir insanla bağlı bu kampaniyanı aparmalıyıq.
Bu faciəni də unutmayın
Iki il öncə Sumqayıtda N saylı hərbi hissədə xidmət edən əsgər – Teymur Isaxan oğlu Mirzəli atasına zəng edir ki, xidmət etdiyi hərbi hissəyə gəlsin, onu yaman incidirlər. Atası hərbi hissəyə gəlir, oğlunu sakitləşdirir ki, yuxarılara yazacaq, problemi həll edəcək. Təki  sakit olsun. Oğlu isə ağlayır, sızlayır, atasını dilə tutur ki, bəs ona çox çətindir, ona zülm edirlər,  bu səbəbdən hərbi hissədən qaçmaq istəyir. Ata da oğluna etiraz edir. Axı oğlu qaçsa, fərari sayılacaq, həbs ediləcək. Onda neyləyəcəklər?! Ata oğlundan çox xahiş edir ki, səbr etsin, qaçmağı isə ağlına gətirməsin.
Sonra da ata oğlunu ağlaya-ağlaya qoyaraq, şikayət etməyə gedir. Şikayət yazır hərbi prokurorluğa. Gözləyir ki, cavab gələcək. Amma oğlunun probleminə əncam çəkiləcəyini gözlədiyi bir vaxtda ona xəbər gəlir ki, oğlu intihar edib.  Dözməyib. Nə atasının xahişindən çıxa bilməyib, yəni hərbi hissədən qaçmayıb, nə də onun cavabı uzanan şikayətlərinin nəticəsini gözləyə bilib. Sadəcə intihar edib. Bax,  ata o zaman “Haray” çəkməyi unutmuşdu!