Dünən oxudum ki, aktyor və aktrisalarımız maaşlarının azlığından şikayətləniblər. Təəccübləndim. Ona görə yox ki, onların durumu başqalarından yaxşıdır və yaxud qazancları başlarından aşır. Sadəcə, onların birdən ikiyə səsləri çıxan deyil. Illərdir başlarını aşağı salıb, öz dünyalarını yaşayırlar. Necə yaşadıqlarını biz də bilirik, əslində. Teatrlarımızın halı hər kəsə məlum. Ayda-ildə iki-üç tamaşa qoyulur, onda da kimə rol çata, kimə çatmaya. Azərbaycan səhnəsi son 20 ildə ən depressiv tarixini yaşayıb desəm, heç yalan sayılmaz. Bu tarix təkcə uzun illər yetişən teatr korifeylərinin yaradıcı gücünün boşuna sönüb getməsi ilə deyil, həm də yeni gələn istedadların özünü reallaşdırmaq imkanlarının itirildiyi zaman kəsiyi kimi yadda qalacaq. Heç şübhəsiz, sənət ocaqları da ölkənin ayrılmaz bir parçasıdır. Burda baş verən hər şeyin əks-sədası ora da çatır. Elə təəccüblü həm də odur ki, bütün bu illərdə sənət ocaqlarımızda çalışan yaradıcı adamlarımız çevrədə baş verənləri özlərinə dəxli olmayan məsələ kimi seyr etməklə kifayətləniblər. Amma “siyasətə qarışmıram” deyərkən də, siyasi təbliğat kampaniyalarında hakim tərəfin xeyrinə az xidmət göstərməyiblər. Bu kampaniyalarda yer almayan az sayda şəxsləri də elə küncə-bucağa sıxışdırıblar ki, üzlərini belə görən olmasın…
Hələ neftin-qazın gəlhagəl vaxtında bu sənət adamlarının maaşı 150-300 arasında olub. Kateqoriyalara görə də bir az artım. Əməkdar artistlərə əlavə 60 manat, xalq artistlərinə 100 manat. Bir az artıq fərqlənən prezident mükafatçılarının maaşıdır – 500 manat. Bu qazancla dolanmaq asanmı? Yox, əlbəttə ki. Illərdir bütün sənət adamlarının dolanışıq pulunu əlavə işlərdən çıxardığı da kimsəyə sirr deyil. Bu işlərə seriallara çəkilməkdən tutmuş tamadalığa qədər çeşidli işlər daxildir. Reallıq budur ki, o qədər populyarlıq belə onların çevrədəki yüz minlərdən fərqli həyat yaşamasına yetmir. Onlar da bu ölkənin böyük çoxluğu kimi ehtiyacın, çətinliyin, bahalığın və sıxıntının nə olduğunu yaxşı bilirlər. Bir yaradıcı şəxs üçün bu problemlərin nə demək olduğunu düşünmək belə acınacaqlıdır. Kim bilir, o insanlar böyük arzularla çıxdıqları o yolda necə xəyallar qurmuşdular! Kimi Hamletin, kimi Dezdemonanın, kimi kefli Iskəndərin məşhur oyunçusu olacağını düşünmüşdü. Azərbaycan gerçəkliyində həmin xəyallar o qədər uzaq ki, bütün çalışıb-vuruşmağınla bura qədər gedə bilərsən. Nə qədər “siyasətə qarışmayıb” sarayın təbliğat kampaniyasında rol alsan belə, olacağı bu…
Hələ bu təsvir etdiyim ölkənin neft milyardları axıb gələn mərhələsinin mənzərəsi idi. O era başa çatdı. Artıq iqtisadi böhran dövrü başlanır. Həyat şərtlərinin, elə sənət şərtlərinin də getdikcə daha çətin olacağı apaydın ortada. Nə qədər nikbin yanaşsaq belə, şadlıq saraylarına, əyləncələrə, çal-çağırlara tələbat gündən-günə azalacaq. Bu, sənət adamları üçün əlavə nəfəslik yerinin bağlanması deməkdir. Bu, ailə dolandıran səhnə adamlarının güzəranının daha da ağırlaşması, zor günlərin qapıya dirənməsi deməkdir. Şübhəsiz, sənət adamları aydan gəlməyiblər, onlar da bu xalqın içindən çıxmış fərdlərdir. Ölkədə yaşanan bütün əzab-əziyyətlərdən onların da payına düşəcək. Onlar da gələn bütün bəlaları xalqla bərabər hiss edəcək və yaşayacaq. Amma bir zamanlar biz onları, həqiqi mənada, aydan gəlmiş adamlar olaraq təsəvvür edərdik. Yaratdıqları gözəl qəhrəman obrazları ilə özləri də qəhrəmanlaşmışdılar bizim üçün. Daha zaman o zaman deyil. Bu ölkədə qəhrəmanlıq çoxdan dəbdən düşmüş keyfiyyət sayılır. Onun simvollaşmış obrazlarını da heç xatırlayan yoxdur…