Mahalın qədim sakinləri
Ölkəmizin tarixi ərazilərindən biri olan Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur. Başbərmək dağında olan Xızırzində piri göstərir ki, hələ eramızdan əvvəl də bu yerlər əcdadımızın məskəni olmuşdur. Bu yerlərin zəngin flora və faunasından aydın olur ki, burada içməli suyun bolluğu, ərazinin dağlıq və meşəlik olması, onun dəniz kənarında yerləşməsi qədim zamanlardan yaşayış üçün əlverişli şərait yaratmışdır.
Bu ərazidə yaşamış əhali haqqında müxtəlif mülahizələr var. XVIII əsrdə yaşamış fransız şərqşünası deyir ki, bu əhalinin birinci nəsli Altay dağlarından gəlmişdir. Bununla bərabər, ərazidə Irandan gəlmiş başqa tayfalar da yaşamışlar.
“Dərbəndnamə” müəllifinin yazdığına görə Babı-Alan (Alan qapıları) Alğan səddindədir, yəni Gil-gil çay səddində. V əsrdə yaşamış Yunan tarixçisi Prokopi Alanları Masaget nəslindən hesab edir. Cahangir Zeynal oğlu yazır ki, Masagetlər ağhun türkləri deməkdir (Masacit, abtilit, alan, Xəzər hərqan türklər adlanırlar).
Bəzi tarixçilər Baş Bərmək dağı ətəyində türkdilli Saklar və Hunların yerləşməsindən danışırlar. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda türkmənşəli tayfalar məskən salmış və əhalisinin aparıcı hissəsini türklər təşkil etmişlər. Türklərin Azərbaycanda məskunlaşması eradan əvvəl III minillikdən başlamışdır. Sonra gələn türk tayfaları çox qədimlərdə bu ərazidə yaşayan yerli türklərə qovuşmuşlar. Dağlı tayfa adıdır, onlar Türk dilli olub və Bərməkilərlə bu yerlərdə məskunlaşmışlar. Xızı-Bərmək mahalında olan Ata çay, Sumqayıt çay sözləri türk dilindədir. Bu özü də sübut edir ki, həmin çayların ətrafında məskunlaşanlar türklər olmuşlar.
1924-cü ildə arxeoloq A.P.Fituni Altıağacda hərük daşlarında işarə və damğaların olduğunu qeyd etmiş və surətlərini çıxarmışdır. Bunlar ox, həndəsi fiqurlar, hərfi işarələr və sairədir. Illər keçdikcə ulu babalarımızın istifadə etdikləri alətlər təkmilləşmiş, tunc və dəmir əşyalar yaranmışdır. Bu da onların qəbilə icmasından sinfi cəmiyyətə çıxmasına səbəb olmuşdur. Arxeoloq Isaq Cəfərzadə yazır ki, bizim eramızdan əvvəl II minillikdə tunc dövrünə aid Xızı-Bərmək rayonunda ev heyvanlarının sümük qalıqları, taxıl döyən Vəl, üzərində buğda şəkli olan saxsı bardaq, dəstəyi ağacdan olan oraq tapılmışdır. Bunlar göstərir ki, əcdadlarımız 4 min il bundan əvvəl maldarlıqla və əkinçiliklə məşğul olmuşlar.
XIX əsr rus şərqşünası N.V.Xanıkov yazıb ki, X əsrin ortalarında ərəb coğrafiyaşünası Istdxri “Iqlimlər kitabında” qeyd edib ki, Xuzistanda ərəb və pars dilləri ilə yanaşı xuzi dili də var idi. Belə nəticəyə gəlmək olar ki, xuzi dili xızılıların danışdığı qədim dil olmuşdur. Xuzi dili pars dili olmasa da, həmin dil qrupuna aiddir. Çox qədimdən türklərin məskəni olan Xızı mahalının əhalisinin tərkibi xuzi dilli bərməkilər və türkdilli dağlılardan ibarət idi. Bərməkilər üçüncü dəfə Bağdaddan gəldiyinə görə onlar ərəb dilini də yaxşı bilirdilər. Xuzi dilli bərməkilər və türk dilli dağlılar ölkədə baş vermiş bütün siyasi hadisələrdə, iqtisadi və mənəvi mədəniyyətin formalaşmasında fəal iştirak etmiş azərbaycanlılardır. Onlar ölkəmizin ən qədim sakinlərindən olub, Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışlar.
Tarixçilərin anlatdığı tarix
Xızı-Bərmək mahalının 80 km-dən çox ərazisini şərqdə Xəzər dənizi qoruyur. Xəzər hidronimi Türkdilli Xəzər etnik birliyinin adından əmələ gəlmişdir. Xəzərlər Şimali Qafqazda dəniz sahillərinin qədim sakinlərindəndir. Tarixçi Q.Qeybullayevin fikrincə, Xəzər “kas” etnonimi və türkcə “ər” sonluğundan əmələ gəlmişdir. Tarixçilərin yazdığına görə, Xəzər dənizi müxtəlif dövrlərdə 60-dək ad daşımışdır. Bu isə, şübhəsiz ki, Xəzər dənizinin coğrafi və strateji mövqeyindən irəli gəlmişdir.
Səyyah Adam Oliari 1636-cı ildə Baş Bərmək dağının şəklini çəkmişdir. Şəkildə Baş Bərmək dağının döşündə karvansara, dağın üstündə qaya yeri, dağın dənizə yaxın olması təsvir edilmişdir.
1666-cı il sentyabrın 5-də Holland dənizçisi Yan Streys Niyazabaddan Baş Bərmək dağına gəldi. O yazır ki, bu dağda möhkəm qala olub, bu qala Xəzər dənizi ilə bu torpağı qoruyub. Onun uçuqlarından görünür ki, divarlar qalındır və dairəvi şəkildədir. Ortada daşdan hörülmüş quyu var. Dağın başı çox soyuqdur. Otların üzərində buz lülələnmişdir. Dağdan aşağıda hava çox isti və xoşagələndir. Xızır-zində dağında tikilmiş Xis qalasının qalıqlarını 1683-cü ildə Alman alimi – səyyah Engelbert Kampfor görmüşdür. O yazır ki, Midiyadakı Bərmək dağı dənizdən yaxındır. 1796-cı ildə səyyah F.F.Simonoviç yazır ki, dünyanın çox yerindən Xızır-zində dağına gəlmiş səyyahlardan fransızlar, almanlar, ruslar, farslar, isveçlər, polyaklar, hindlər, yəhudilər və başqaları adlarını burada xatirə kimi yazmışlar.
Buradakı Boybəyim dağının adı türkcədir. “Boy” soy deməkdir. “Bəyim” isə bir Türk tayfasının adıdır. Indi də yerli əhali dağa Boybəyim, düz yerə isə Ciğatay deyirlər. Ciğatay bir Türk tayfasıdır. Çingiz xanın böyük oğlunun adı da Ciğatay idi. Saraku dağının adı məhsuldarlığa yararlı olması ilə əlaqədardır. Dağda bol su və əkin zəmiləri olub. “Sara” saf, təmiz, “Ku” dağ deməkdir. Bəziləri bu dağı Başdağ adlandırırlar. “Sər” baş, “Ku” dağ deməkdir.
Mahalın qədim kəndlərindən olan Sədan haqqında “Tarixi əl Bab” kitabında yazılıb ki, Şabran yaxınlığında Sədun şəhəri var. Fələki Şirvani Şirvan şah III Məniçöhrün (1126-1160-cı illər) tikdirdiyi Sədun şəhərini şeirlərində tərifləyir. Şərqşünas Xanıkov da göstərir ki, Sədun Şabran şəhəri yaxınlığındadır. V.F.Minorski yazır ki, Arran hökmdarı III Məniçöhr Şirvana hərəkət edərkən Sədun kəndinə gəldi. Sədun Bərmək mahalındadır. Fələkinin dediyinə görə, III Məniçöhr Girdiman və Sədun şəhərlərini tikdirmişdir.
Sirlərin üzərinə işıq salan yer adları
Tarixçi N.Vəlixanlının “Ərəb xilafəti və Azərbaycan” adlı əsərində Azərbaycan VIII-IX əsrin I yarısında təsvir etdiyi xəritədə Şərvanın Bacarvan şəhərinə yaxın olması verilir. Şabran şəhəri isə Xursan vilayətində göstərilir. Bu xəritə elmi cəhətcə düz tərtib edilmişdir. Xəritədən görünür ki, Şərvan və Bacarvan şəhərləri Xızı-Bərmək mahalında mövcud olublar. Şərvan şəhəri ən qədim şəhərlərdən biridir. Strabonun Albaniyada 26 tayfanın yaşamasını söyləməsi və bunlardan türkmənşəlilərdən biri Şərvan tayfasının olduğu müəyyənləşir. Şəhərin adı orada yaşayan tayfanın adı ilə əlaqədardır.
Səyyah Yan Streys 1667-ci ilin sentyabrın 6-da Baş Bərmək dağından keçib Bahal kəndinə çatdığını qeyd edir və göstərir ki, kənd dərədə yerləşir, çox məhsuldar torpağı var. Burada yüksək keyfiyyətli düyü və arpa əkilir. Arpa unundan bal və yağ qatıb ləzzətli qoğal bişirib onları da qonaq ediblər.
Xızırzində kəndinin adı Xızır-Zində pirinin adı ilə bağlıdır. Bu kənd pirin yaxınlığındadır. Dərgiyarlı kəndi otlaq yerlərinin qapısı deməkdir. Dağlı dilində dər “qapı”, giyah “ot”, “ələf” deməkdir. Bu da kənd əhalisinin maldarlıqla məşğul olmasını göstərir. Dəlləklər kəndinin adı isə peşəyə görə verilmişdir. Yarımca – “kiçik kənd” deməkdir. Keçmişdə bir kənddən çıxmış bir qrup ailə kənar yerdə məskunlaşdıqda Yarımca adlanırdı. Güneyqışlaq Güney yerdə yerləşən qışlaq mənasındadır.
Şah Ismayıl 1510-cu ildə ikinci dəfə Şirvana gəldiyi zaman Xızı-Bərmək mahalına gəlib, atasının qəbrini axtarıb tapmışdır. O, atasının qəbri üstündə türbə binası tikdirib məqbərəni müqəddəs yer elan etmişdir. Ətraf kəndlərin əhalisi Şeyx Heydərin qəbrini pir edib, onu ziyarət edirlər. Şeyx Heydərin qəbri indi də Pirabad Şixlər kəndindədir. Kənddə indi əhali yaşamasa da ətraf kəndlərin əhalisi Şeyx Heydərin məqbərəsini ziyarət edirlər. Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir.
F.F.Simonoviçin Xızı-Bərmək kəndləri ilə əlaqədar tərtib etdiyi siyahıda bir çox kəndlərin adları yoxdur. Bunların bəziləri Şabran vilayətinə və bəziləri isə Şamaxı vilayətinə tabe edildiyindən siyahıdan kənarda qalmışdır.
Xızı-Bərmək mahalında bəzi kəndlərin adı Azərbaycan dilindədir. XI-XIII əsrlərdə Oğuz və Monqol tayfalarının Qafqaza gəlişi bu yerlərdə də öz təsirini göstərmişdir. Xızı-Bərmək mahalında yaşayan türkdillilər Orta Asiyadan Anadoluya və oradan Xızı-Bərmək mahalına gəlmişlər. Türkdillilərin bir hissəsi də hələ eradan əvvəl Şimaldan Dərbəndi keçib gələn türk tayfalarındandırlar. Sonra gələn türklər isə yeni yerli türklərə qaynayıb-qarışmışlar. Orta əsrlərdə Xızı-Bərmək mahalında etnik zəmini türk dilində danışan etnoslar təşkil etmişdir. Bu etnik tərkibə yeni türk tayfaları əlavə olunmuşdur.
Xızı-Bərmək mahalında bir dilli vahid etnik qrup olmamışdır. Bura gəlmiş Xuzi dillilərin müəyyən qismi iki dildə danışan Azərbaycan türkləri idi. Xızı-Bərmək mahalında türk və Iran dilli etnoslar türk dilli tayfaların üstünlüyü şəraitində əsasən Azərbaycan türkcəsində danışmışlar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir