İP Koordinasiya Şurasına yeni iddialılar

Ictimai Palatanın gələn il yanvarın 8-də keçiriləcək sessiyasında Koordinasiya Şurasının yeni tərkibi seçiləcək. Koordinasiya Şurasına keçiriləcək seçkilərdə namizəd olmaq istəyən şəxslər yanvarın 6-ı saat 18.00-dək IP-nin katibliyinə müraciət edə bilər. Bu barədə qəzetimizə məlumatı Müsavat Partiyası başqanının müavini, Ictimai Palatanın katibi Gülağa Aslanlı verib.
Bu günə kimi IP-nin rəhbər strukturunda təmsil olunmaq üçün 4 nəfərin namizədliyini irəli sürdüyünü deyən G.Aslanlı vurğuladı ki, bunlar VHP Ali Məclisinin sədri Rafiq Manaflı, Milli Demokrat (Boz Qurd) Partiyasının sədri Qələndər Muxtarlı, tanınmış siyasətçi Ibrahim Ibrahimli və Ixtiyar Abdulovdur. G.Aslanlı onu da bildirdi ki, Koordinasiya Şurasının hazırkı 13 üzvünün hamısı yeni tərkib üçün namizədliklərini irəli sürüblər. G.Aslanlı qeyd etdi ki, namizəd olmaq istəyən şəxslərin yanvarın 6-dək katibliyə müraciət etməsi kifayətdir.
IP KŞ-da təmsil olunmaq üçün namizədliklərini irəli sürən şəxslərdən bu addımı atmalarının səbəbini öyrəndik.

Tanınmış siyasətçi Ibrahim Ibrahimli bildirdi ki, IP fəaliyyət göstərdiyi ötən bir il ərzində hakimiyyətə alternativ güc mərkəzi kimi özünü təsdiqlədi. Hələ dünyada hazırkı qlobal demokratikləşmə dalğası başlamamışdan öncə IP-nin təssis edildiyini deyən I.Ibrahimli vurğuladı ki, son parlament seçkilərinin ciddi pozuntularla keçirilməsi bu təşkilatın yaradılmasına səbəb oldu. Hazırda dünyada cərəyan edən demokratikləşmə prosesinin Azərbaycandan da yan keçməyəcəyini düşünən I.Ibrahimli vurğuladı ki, Azərbaycanda artıq demokratikləşmə prosesinə rəhbərlik edə biləcək ciddi bir qurum fəaliyyət göstərir: “2010-cu ildə Azərbaycanda Ictimai Palatanın yaradılması keyfiyyətcə yeni mərhələyə keçid idi. Azərbaycan xalqı artıq ölkədə demokratik dəyişikliklərin baş verməsinə hazır olmalıdır. Ictimai Palata ötənilki fəaliyyəti ilə sübut etdi ki, ölkədəki ciddi islahatlara, dəyişikliklərə rəhbərlik etmək, xalqı ətrafında cəmləmək iqtidarındadır. Belə bir məqamda bizlər bu prosesdən kənarda qala bilmərik. Dostlarımız məni də IP-nin rəhbərliyində görmək istəyir. Ona görə mənə belə bir təklif gələndə namizədliyimi irəli sürmək qərarına gəldim. Istiqlal mübarizəsində aktiv olan bir şəxs kimi missiyamı bitmiş saymıram. Düşünürəm ki, hazırda Azərbaycanın demokratikləşmə mübarizəsində də bir olaraq bu dəfə yerli işğalçılara qalib gəlmək lazımdır”.

VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirdi ki, o, IP-ni müxalifətin vahid güc mərkəzi kimi gördüyü üçün bu addımı atır. IP-nin ötən müddət ərzində çox nüfuzlu bir təşkilata çevrildiyini deyən R.Manaflı vurğuladı ki, gələcəkdə təşkilatın idarəçiliyində partiya mexanizminin tətbiqi IP-ni daha da gücləndirə bilər. “Hesab edirəm ki, Ictimai Palatanın Koordinasiya Şurasında təmsil olunmaqla təşkilatın idarəçiliyinə müəyyən töhfələr verə bilərəm”, deyə R.Manaflı vurğuladı.

Rəhbərlik etdiyi partiyanın IP-də 10 nəfərlə təmsil olunduğunu deyən Milli Demokrat (Boz Qurd) Partiyasının sədri Qələndər Muxtarlı da hesab edir ki, IP-in son bir il ərzində fəaliyyəti ölkənin ictimai-siyasi həyatında necə önəmli rol oynadığını göstərib. Q.Muxtarlı hesab edir ki, hazırda ölkədə demokratikləşmə mübarizəsinin getdiyi bir zamanda AMDP-nin də bu mübarizəyə öz qatqısı ola bilər: “Biz Ictimai Palatanın rəhbərliyində təmsil olunmaqla ölkənin gələcəyi ilə bağlı qəbul olunan mühüm qərarların məsuliyyətini bölüşmək istəyirik”,- deyə Q.Muxtarlı son olaraq vurğuladı.

Xəyal