Fiziki qaranlıq ZİYANI öldürə bilməz

Artıq bu məmləkətdə şəxsiyyət və ləyaqət gündəmin prioritet məsələsinə çevrilməkdədir

Nurların Nuru olan Rəbbimiz adı ilə başlayıram. Varlıq aləmini öz nuraniyyəti ilə zülmətdən çıxaran, yoxluqdan varlığa keçirdən Mütəal Allahın adı ilə!

Məmləkətimizdə son dönəmlər tədbir məkanlarında tez-tez işıqlar sönür. Bir neçə saat öncə Ziyalılar Forumunun tədbirinin keçirilməli olduğu “Hyatt Regency”də işıqlar sönüb. Bir neçə gün öncə “Azadlıq”ın yübiley tədbirinin keçirildiyi bir şadlıq sarayının da işığı sönmüşdü. Ondan da öncə “Qədir Xum” bayramında Aktyorlar Evinin işığı sönmüşdü. Diqqətli izləyicilər bilir, “Mavi Mərmərə”gəmisinin də Bakıdakı tədbirinin keçirildiyi Park İNN-də işıqlar sönmüşdü. Ondan da öncə “Qüds günündə” “Caspian Plaza”nın konfrans zalının işığı sönmüşdü… Açığı, bunlar, elə də çox araşdırmadan yada düşənlərdir. Deməli, işığın sönməsi, artıq bir tendensiyadır.
Başqa bir tendensiya da müşahidə edilməkdədir. Məlumatlıların içərisindən ZİYALILARIN səhnəyə çıxması. Artıq bu məmləkətdə şəxsiyyət və ləyaqət gündəmin prioritet məsələsinə çevrilməkdədir. Fiziki işıqlı həyatın ardınca deyil, ZİYANIN ardınca olmaq tendensiyası şiddətlənir. Bu şiddətləndikcə fiziki qaranlıqlar daha da aşkar görsənir.
Bir tendensiyanı da qeyd edək ki, mövzumuz tam kamilləşsin. Bu gün zülmət dolu zindanlarda ZİYA daşıyıcıları bir NUR saçır. Hacı Mövsümlər, Arif Hacılılar, Bəxtiyar Hacıyevlər, Hacı Talehlər, Tural Abbaslılar, Hacı Abgüllər, Məhəmməd Məcidlilər, Hacı Raminlər, Sahib Kərimovlar, Elnur Məcidlilər… Bir daha Yusiflərə salamlar!!!Fiziki işıqlar söndükcə qaranlıqmı çökür?! Əsla!!!
Zatən fiziki qaranlıq ZİYANI öldürə bilməz.

Nurların Nuruna bütün qaranlıqlardan pənah aparırıq.

Hacı İlqar İBRAHİMOĞLU