“Bakıelektrikşəbəkə” isə oteldə problem barədə məlumatsızdır
Dekabrın 29-da “Hyatt Regency” hotelinin elektrik enerjisi ilə təmin olunmasında hər hansı bir problemin yarandığı haqda “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinə məlumat daxil olmayıb. Bunu “Media forum” saytına cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
“Media forum” saytının əməkdaşı Tanrıverdi Mustafayevə bildirib ki, “Hyatt Regency” mehmanxanasının rəhbərliyi hoteldə tədbir keçirmək istəyən şəxslərə elektrik enerjisində qəza baş verdiyini xəbər verib. Tanrıverdi Mustafayevin cavabı belə olub: “Bu xəbəri ilk dəfə sizdən eşidirəm”.
“Bakıelektrikşəbəkə”yə “Hyatt Regency” mehmanxanasından elektrik enerjisində qəza baş verməsinə dair məlumat daxil olmadığını bir daha vurğulayan Tanrıverdi Mustafayev əlavə edib ki, ümumiyyətlə hazırda Bakı şəhəri üzrə hər hansı yerdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur.
***
“Hyatt Hotels Baku” şirkətinin satış üzrə koordinatoru Leyla Ramazanova dekabrın 29-da “Hyatt Regency” hotelində işıqların sönməsi ilə əlaqədar “Media forum” saytına açıqlama verib.
O bildirib ki, “Hyatt Regency” hoteli iki hissədən ibarətdir, işıqlar hotelin “Bakı” zalı yerləşən hissəsində sönüb: “Bizim hoteldə ilk dəfədir idi belə hadisə baş verir. Mehmanxananın isitmə, elektrik və təhlükəsizlik sistemində nasazlıq oldu. Bu nasazlıq isə qısa qapanmadan yarandı və nəticədə hotelin bir hissəsi işıqsız və istiliksiz qaldı. Bizim mehmanxana dünya standartlarına uyğun fəaliyyət göstərir. Dəhlizlərdə, otaqlarda, keçidlərdə kameralar quraşdırılıb. Bugünkü hadisə nəticəsində təhlükəsizliklə bağlı da nəzarət tam itmişdi”.
Leyla Ramazanova saat 15-də hotelin “Bakı” zalında topalntı keçirmək istəyən ziyalılara tədbiri reallaşdırmaq üçün ayrı variant təklif etmək iqtidarında olmadıqlarını söyləyib: “Tədbirlərin, seminarların keçirilməsi üçün zallarımız mehmanxananın yalnız bir hissəsindədir. Texniki nasazlıq da həmin hissəyə düşüb”.
Ziyalılar hesab edirlər ki, işıq qəsdən söndürülüb və məqsəd saat 15-də “Bakı” zalında keçirilməli olan tədbirin qarşısını almaq olub. Leyla Ramazanova bu fikri qəti təkzib edib: “Belə bir hal qətiyyən ola bilməz. Çünki “Hyatt Regency”nin daxil olduğu “Hyatt Hotels Baku” şirkəti beynəlxalq qurumdur. Biz baş vermiş hadisəyə görə tədbirin təşkilatçılarından üzr istəmişik. Qaldı onlarla bağlanmış müqavilənin pozulması, dəymiş ziyanın hansı formada ödənilməsi məsələsinə, bu, konfidensialdır, biz bu barədə ictimaiyyətə açıqlama verə bilmərik”.


