“Tutulan iranlılar kompüter mütəxəssisləridir və suriyalı müxalifləri izləmək, onları tutdurmaq üçün göndərilmişdilər”
Suriya Xalq İnqilabı Təşkilatının sözçüsü, prezident Bəşər Əsədə müxalif Suriya Mili Şurasının üzvü Bəssam Cəarə dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında Suriyada oğurlanmış iranlılardan danışıb.
Dekabrın 21-də Suriya prezidenti Bəşər Əsədə müxalif naməlum silahlı şəxslər Homs şəhərində beş iranlını tutub bilinməz istiqamətə aparıblar. İranın Suriyadakı səfirliyi oğurlananların kimliyi haqqında açıqlama verməsə də, onların mühəndis olduğunu və Homs şəhərindəki bir elektrik stansiyasında işlədiyini bildirib.
Dekabrın 25-də Suriyada daha iki İran vətəndaşının oğurlanması haqda məlumat yayılıb. Bununla da bu ölkədə oğurlanan iranlıların sayı yeddi nəfərə çatıb.
“Media forum” saytının məlumatına görə, Bəssam Cəarə deyib ki, tutduqları İran vətəndaşları Homs şəhərindən çıxarılıb və başqa bir yerə köçürülüb: “Tutulan iranlılar kompüter mütəxəssisləridir və suriyalı müxalifləri izləmək, onları tutdurmaq üçün Bəşər Əsəd hökumətinə və Suriya təhlükəsizlik qüvvələrinə yardım məqsədilə Homs şəhərinə göndərilmişdilər. Suriya hökuməti bu şəxsləri axtarmaq üçün boş-boşunsa şəhəri gəzməsin. Çünki onlar artıq şəhərdən çıxarılıb və başqa bir yerə köçürülüb”.


