Yeni təzyiq üsulu bu dəfə “Hyatt Regency”də tətbiq edildi
Toplantının qarşısını almaq üçün yenə də «işıq söndürmə» metodundan istifadə olundu
Dünən saat 15.00-da “Hyatt Regency” hotelində Ziyalılar Forumunun növbəti toplantısı keçirilməli idi. Lakin tədbir təxirə salındı. Bunun da səbəbi dekabrın 25-də “Azadlıq” qəzetinin ad günü tədbirində baş verənlərlə çox bənzər idi.
Təxribat, yoxsa təxribatçı suallar?
Tədbiri işıqlandırmaq üçün “Hyatt Regency”ə gedəndə hələ saat 14.30 idi. Amma hotelin qapısı bağlı idi, binanın qarşısında da bir neçə nəfər forum iştirakçısı dayanmışdı. Qapını döyüb, içəridən kimsənin izahat verməsini istədikdə, təhlükəsizlik xidmətinin bir işçisi gəlib tədbirin təxirə salındığını elan etdi. O, bunun səbəbini səhərdən işıqların sönməsi ilə əlaqələndirdi.
– Bəs, sizdə generator yoxdur?
– Var, o da işləmir.
– Sizdə bu cür hallar tez-tez olur?
– Olanda olur.
– Sonuncu dəfə nə vaxt belə bir hadisə baş verib?
– Yadıma sala bilmirəm.
– Yadınıza gəlmirsə, deməli, bu lap çoxdan olan hadisədir, tez-tez olan yox, elədirmi?
– Mən belə təxribatçı suallara cavab vermirəm.
Aslan Ismayılov qəzəblidir
Günorta saat 3-ə 15 dəqiqə qalmış hotelin önündə forumun aparıcı simalarından olan vəkil Aslan Ismayılov görünür. O, hər şeydən xəbərsiz kimi, qapını açıb içəri keçmək istəyir, amma alınmır. Bu dəfə özünü təqdim etməyən başqa bir şəxs ona yaxınlaşıb, “Aslan müəllim, tədbir təxirə salınıb”, – deyə xəbər verir. “Niyə?” sualına həmin şəxs “təşkilatçılar salıb” cavabını verəndə ortaya anlaşılmazlıq çıxır. “Təşkilatçının biri mən, mənim heç nədən xəbərim yoxdur” deyən vəkil əsəbi tərzdə Eldar Namazova, sonra isə akademik Rafiq Əliyevə zəng edir. Telefonda qarşı tərəfin nə dediyi məlum olmasa da, Aslan Ismayılov qınaqlarını uca səslə bildirir: “Icazə vermirlər, verməsinlər. Gəlib burada insanlara izah vermək lazımdır”.
Özünü təqdim etmək istəməyən adam izahatını davam etdirir. O deyir ki, binada qəza baş verib. Bu qəza o qədər dəhşətli olub ki, hətta binadakı insanları çıxarıblar. Bu qəzanın nəticələrini azı iki günə aradan qaldırmaq mümkün olacaq.
Eldar Namazov baş verənləri şərh edir
Az çəkmir, hotelin önündə toptantıda iştirak etmək üçün gələn Əkrəm Əylisli, Akif Islamzadə, Azər Mehtiyev, Vahid Qazi, Rəşid Hacılı, Erkin Qədirli, Qubad Ibadoğlu, Arif Əliyev, Elçin Şıxlı, Rasim Ağayev, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və s. görünməyə başlayır.
Sonra hadisə yerinə Eldar Namazov gəldi. Eldar müəllim jurnalistlər üçün qısa brifinq keçirərək dedi ki, tədbirin vaxtından bir neçə saat əvvəl mehmanxana rəhbərliyi onlarla əlaqə saxlayaraq, hoteldə böyük bir qəzanın baş verdiyini, bu səbəbdən işıqların söndüyünü xəbər verib.
Eldar Namazovun sözlərinə görə, hotelin rəhbərliyi qəzanın çox ciddi olduğunu, hətta qonaqları mehmanxanadan çıxarmaq məcburiyyətində qaldıqlarını da vurğulayıb. Ancaq Eldar Namazov bunu təsadüfi saymır. O, jurnalistlərə dedi ki, Ziyalılar Forumu işıqların qəsdən, forumun toplantısına mane olmaq məqsədilə söndürüldüyünə inanır.
“Biz geri çəkilən deyilik” söyləyən Eldar Namazov forumun planlaşdırılan toplantısını keçirəcəklərini və bunun, ola bilsin, 2012-ci ilin əvvəlində reallaşacağını vurğuladı.
“Azadlıq”ın “niyə bu tədbirinizi əvvəl olduğu kimi, Rüstəm Ibrahimbəyovun ”Ibrus” teatrında keçirmirsiniz?” sualına cavab olaraq Namazov bildirdi ki, bu, texniki problemlə bağlıdır: “Teatr uzun müddətdir təmirə dayanıb”.
E.Namazov detallarını açıqlamaq istəməsə də, bəri başdan yalnız onu dedi ki, gözəl bir plan üzərində işləyirlər: “Elə edəcəyik ki, daha kimsənin kaprizindən asılı olmayaraq, tədbirlərimizi rahat keçirək”.
Əkrəm Əylisli: “Heç Sovet vaxtı belə biabırçılıq olmayıb…”
Yazıçı Əkrəm Əylisli baş verən hadisədən çaşqınlıq içərisində olduğunu dedi. O bildirdi ki, vəziyyyətin bu yerə çata biləcəyini heç xəyalına da gətirməyib. Jurnalistlərin “Axı siz Əliyev rejimini görmüsünüz, 70-ci illərin sovet Azərbaycanını görmüsünüz, niyə təəccüblənirsiniz?” atmacasına yazıçı belə cavab verdi: “Heç vaxt belə olmayıb. Ötən əsrin sonundan vəziyyət pisliyə doğru dəyişdi”.
Əkrəm Əylisli onu da qeyd edib ki, toplantıya böyük ruh yüksəkliyi ilə gəlmişdi: “Gələndə fikirləşirdim ki, biz indiyə qədər kabinetlərdən görünməyən bir məmləkətdə yaşamışıq. Iki Azərbaycan var. Biri kabinetlərdən görünən, digəri isə oradan görünməyən Azərbaycandır. Kabinetlərdən görünən Azərbaycan yerindədir. Tikinti-quruculuq işləri gedir, inkişaf var və s. Amma ikinci Azərbaycanda rüşvət, korrupsiya, özbaşınalıq, xalqa zülm verən məmurlar var”.
Əkrəm Əylislinin sözlərinə görə, Ziyalılar Forumunun keçirmək istədiyi toplantıda məqsəd kabinetlərdən görünməyən Azərbaycanı göstərmək idi: “Amma elementar şeyi görməyi bizə rəva bilmirlər. Tarix boyu ziyalının missiyası ədalətsizliyə qarşı mübarizə aparmaq olub. Biz tədbirdə gəncliyin problemlərini müzakirə edəcəkdik. Ziyalılar Forumunun Idarə Heyətinin bütün üzvlərini tanıyıram. Onların heç birinin hakimiyyətə inqilabi yolla təsir etmək, zərbə vurmaq fikri yoxdur”.
Azərbaycan ziyalılarını zorla radikalizmə sürükləyirlər
Vəkil Aslan Ismayılov isə baş verənləri “Azərbaycanda süni formada vətəndaş qarşıdurması yaratmaq cəhdi” kimi dəyərləndirdi. O bildirdi ki, heç bir texniki qəzanın olmasına inanmır, bu, öncədən forumun işinə maneə kimi düşünülən primitiv addımdır. Vəkilin sözlərinə görə, o, bu hadisənin baş verməsini əvvəlcədən duyub: “Beynəlxalq Mətbuat Mərkəzi boş ola-ola, tədbir üçün bizə ”yox” deyəndə, artıq məsələ məlum idi. Çox təəssüf ki, Azərbaycan ziyalılarını zorla radikalizmə sürükləyirlər. Ölkə ziyalılarına bu cür münasibət ciddi böhrandan xəbər verir”.
Zarafat idi, gerçək oldu
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, “Azadlıq” qəzetinin 22 yaşı ilə bağlı olaydan sonra bir neçə mənbədən eşidib ki, belə bir hal Ziyalılar Forumunun da başına gətiriləcək: “Çoxları bunu zarafat kimi qəbul etdi. Artıq bu, reallığa çevrilir. Problemin işıqla bağlı olduğunu izah edirlər. Ancaq ”Hyatt Regency” hotelində illər ərzində belə bir hadisə baş verməyib. Mənə elə gəlir ki, bu, son zamanlar Ziyalılar Forumunun üzvlərinin çıxışlarına bir reaksiya idi. Ziyalılar Forumunda təmsil olunanların ağzını yummaq yox, onların dediklərindən istifadə etməklə cəmiyyət çox xeyir görə bilər”.
Susmayacağıq!
Ziyalılar Forumunun qurucularından olan yazıçı, kino xadimi Rüstəm Ibrahimbəyov “mediaforum” saytına açıqlamasında iclasın baş tutmamasıyla bağlı məsələyə belə münasibət bildirib: “Biz sınmayacağıq. Yaxınlarda forumun iclasının vaxtını və yerini ictimaiyyətə açıqlayacağıq. Bu gün baş verənlər isə heç bir çərçivəyə sığmır”.
Təsadüf deyil…
Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, bu olay bir daha göstərdi ki, hakimiyyət mahiyyətini dəyişən deyil: “Dedikləri sözləri əməli işdə yerinə yetirmirlər. Ölkədə bu cür hadisələr olub. ”Azadlıq” qəzetinin ad günü, Müsavat partiyasının 100 illiyilə bağlı tədbirlərdə özəl şirkətlər müqaviləni birtərəfli qaydada pozublar. Bu, bir daha göstərdi ki, ölkədə azad sahibkarlıq yoxdur, ifadə azadlığı məhdudlaşdırılıb. Bu olay təkcə siyasi məsələ deyil, həm də iqtisadi məsələdir. Hakimiyyət ölkənin iqtisadi sferasına nəzarət edir. Özəl şirkətlər müstəqil təşkilatlarla müqavilələr bağlasalar da, hətta bunun araxasında məhkəmə çəkişməsini görə bilsələr də, onlar siyasi hakimiyyətin təzyiqlərilə geri çəkilməyə məcbur olurlar”.
Respublikaçı Alternativ (ReAL) Vətəndaş Hərəkatının həmtəsisçisi Erkin Qədirli baş verənlərin gülməli olduğunu deyir: “Olanlar göz qarşısındadır. ”Hyatt Regency” kimi möhtəşəm bir hotelin işıqlarının kəsilməsinin texniki səbəblərlə izah olunması qətiyyən inandırıcı görünmür. Hotelin ehtiyat generatoru var, işığın kəsilməsi qətiyyən onlar üçün problem ola bilməz. Tədbirin təşkilatçıları icarədarla müqavilə bağlayıb, məlumat verib. Belə bir hadisənin sırf təsadüfdən olduğunu demək olmaz”.
Bu, hakimiyyətdəki “ağıllıların” əməlidir
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı vurğuladı ki, “Hyatt Regency” tanınmış brenddir və onun dünyada şəbəkələri var: “Istənilən halda, əgər hotellərin birində işıq keçirilirsə, generatorları var. Problemin sırf təsadüfdən baş verdiyinə inanmıram. Bu hadisə hakimiyyətdə oturan hansısa çox ”ağıllı” bir adamın ziyalıların toplaşıb fikir mübadiləsi aparmağını həzm edə bilməməsidir”.
“Palatka” qurmalıyıq
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, bir halda ki, hökumət azad fikirlər səslənməsi üçün bütün zalları qapadır, o zaman mağar qurub orada konfranslar keçirilməlidir: “Belə etsək, bütün dünya da bizdəki ”analoqsuz inkişafın” şahidi olacaq”.
Rəsmi mövqe
“Hyatt Hotels Baku” şirkətinin satış üzrə koordinatoru Leyla Ramazanova dekabrın 29-da “Hyatt Regency” hotelində işıqların sönməsi ilə əlaqədar “mediaforum” saytına açıqlama verib.
O bildirib ki, “Hyatt Regency” hoteli iki hissədən ibarətdir, işıqlar hotelin “Bakı” zalı yerləşən hissəsində sönüb: “Bizim hoteldə ilk dəfədir belə hadisə baş verir. Mehmanxananın isitmə, elektrik və təhlükəsizlik sistemində nasazlıq oldu. Bu nasazlıq isə qısa qapanmadan yarandı və nəticədə hotelin bir hissəsi işıqsız və istiliksiz qaldı. Bizim mehmanxana dünya standartlarına uyğun fəaliyyət göstərir. Dəhlizlərdə, otaqlarda, keçidlərdə kameralar quraşdırılıb. Bugünkü (dünənki) hadisə nəticəsində təhlükəsizliklə bağlı da nəzarət tam itmişdi”.
Leyla Ramazanova hotelin “Bakı” zalında topalntı keçirmək istəyən ziyalılara tədbiri reallaşdırmaq üçün ayrı variant təklif etmək iqtidarında olmadıqlarını söyləyib: “Tədbirlərin, seminarların keçirilməsi üçün zallarımız mehmanxananın yalnız bir hissəsindədir. Texniki nasazlıq da həmin hissəyə düşüb”.
Işığın qəsdən söndürülməsi fikirini də Leyla Ramazanova təkzib edib: “Belə bir hal qətiyyən ola bilməz. Çünki ”Hyatt Regency”nin daxil olduğu “Hyatt Hotels Baku” şirkəti beynəlxalq qurumdur. Biz baş vermiş hadisəyə görə tədbirin təşkilatçılarından üzr istəmişik. Qaldı onlarla bağlanmış müqavilənin pozulması, dəymiş ziyanın hansı formada ödənilməsi məsələsinə, bu, konfidensialdır, biz bu barədə ictimaiyyətə açıqlama verə bilmərik”.
Natiq Güləhmədoğlu,
Ramin Deko