Hakimiyyətin buldozeri ölkənin bu başından girib xalqın evini yıxa-yıxa o başına gedir. Hər kəs ancaq öz evi başına uçurulduğunda səsini bir balaca qaldırdığındandı ki, buldozer dayanmadan irəliləyə bilir. Etiraza məhəllə-məhəllə, ev-ev qalxanda belə də olmalıdı. “Lenin” sarayının arxasındakı evlər uçurulur, oradakılar qalxır – 200-300 adam. Bayılı, “Eurovision” söküntüsü, Sulutəpəsi elə, yol qıraqlarındakı evləri uçurulanlar elə, tək-tük küçədə qalanlar elə, Kür korrupsiya daşqınlarının zərərdidələri elə, qazı, işığı, suyu kəsilənlər elə. Adda-budda etirazın effekti heç bir yerdə, heç bir zaman olmayıb. Bu tip qalxınmalar ancaq gələcək kütləvi etirazlar üçün zəmin ola bilər, vəssalam, o da ölmə, eşşəyim, ölmə…
Hər kəs öz başının hayına qalanda, əlbəttə ki, bu YAP buldozerini, onun yırtıcı dişlərini durdurmaq mümkün olmayacaq. Elə hakimiyyət də bunu görür və irəlilədikcə irəliləyir. Çünki bilir, hər dəfə haray çəkən beş-on narazını sakitləşdirmək çətin deyil. Daha doğrusu, susdurmaq, vecinə almamaq.
Sulutəpə vəhşiliyindən sonra növbə indi də türkanlılara çatıb. Bu dəfə xalqın üstünə yeriyən dəstə hakimiyyətin bir az zəif qoludu – Icra Hakimiyyəti, yerli polis rəhbərləri. Əlbəttə, onlar Neft Şirkəti qədər dişli deyillər. Halbuki, buldozer elə həmin buldozerdi. Dişlərini qıcadımı, uçuracaq. Ta ki, bir gün o dişləri qırıb o buldozerin qarnına tökənə kimi. Iş ondadır ki, hər yeni hücumda ayağa qalxan ev-mal-mülk yiyələri bu işdə mütləq hansısa bir dövlət orqanını günahkar bilir və ən cəsarətli halda Prezident Administrasiyasına doğru yürüş eləyirlər. Çünki ya hələ də onlara elə gəlir ki, prezidentin bunlardan qəti xəbəri yoxdu, ya da əsil səbəbkarın adını çəkməməklə guya siyasət yürüdürlər. Və heç kim düşünmür ki, ölkədəki evyıxmalardan dövlət başçısının xəbəri yoxdusa, niyə yoxdu? Axı necə xəbəri olmaya bilər? Məgər ona dəftərxanasının məmurları mətbuat icmalı çatdırmırlar? Ya ancaq müxalif-tənqidçi qəzetlərin hansısa bir yazarını içəri atdırmaq istəyəndə bir yazısından ən qatı, kontekstdən ayrılmış bir parçanı ona çatdırıb körükləyir, qəzəbləndirib xeyir-dua alırlar, vəssalam. Yaxşı, deyək ki, məmurlar belə işləyir. Onu ölkə haqda informasiya blokadasında saxlayırlar. Bundan da xəbəri yoxdu? Yoxdusa, yenə də niyə yoxdu? O zaman onları niyə işdə saxlayır? Deyək ki, başqa əlacı yoxdu. Onda özü bir-iki qəzet alıb, üzünü aça, blokadadan çıxa. Görə ki, hələ bu ölkədə nə baş verir! Bunu da eləmirsə, axı niyə?
Qəzet oxumaqdan kimsə hakimiyyətini itirməyib hələ. Gündə bir-iki qəzet yazısı oxumaqla qiyamət qopmayacaq ki. Əvəzində əlində xeyli məlumat olacaq. On vəhşilikdən birinin qarşısını ala biləcəksən də, heç olmasa. Ancaq bu vəhşiliklərin davam etməsindən görünür ki, prezident nə qəzet oxuyur, nə xalqın ah-naləsini eşidir. Təbii, eşitməyəcək. On-on beş adamın səsi-küyü prezident sarayının səskeçirməz qalın divarlarını dəlib keçə bilməz.
Putin, Medvedev də eşitmirdi səsləri. Qulaqardına vururdular. Ama bir gün yatmış rus xalqı ayıldı, ayağa qalxdı, meydanlara sığmadı. Indi Putin, Medvedev quzuya dönüblər, hər şeyi eşidir və islahatlara gedəcəklərini bəyan edirlər. Arxayınlaşmış hakimiyyətlərin müstəbid və kefcil rəhbərlərinə sözünü çatdırmağın bir yolu var – birlik, birləşmək, məcbur etmək.
Vaxtilə Azərbaycan belə əldən getdi, parçalandı – hər xanlıq özünü düşündü. Rusiyanı monqol-tatarlar belə işğal elədi. Indi də yerli hakimiyyət bu xalqı belə yeyir, belə diz çökdürür və arın-arxayın hərə bir yandan ölkəni talamaqda davam edir. Bir vətəndaşın ağlına gəlmir ki, bütün bu narazıları birləşdirsin, ölkəni demirik, azadlığı, demokratiyanı demirik, cəhənnəm olsun sizə lazım olmayan dəyərlər, barı öz evinizi xilas eləyin.
Nə isə, Türkan, görək səndən sonra növbə kimindir…

Cəhənnəm olsun azadlıq…
•
•