Həmrəylik damarımız nədən tutulub?

Hər ilin son günü – dekabr ayının 31-i rəsmən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan olunub. Bayram edirik, toplantılar düzənlənir, süfrələr açılır, fəqət HƏMRƏY ola bilmirik. Heç o bayram günü də həmrəyliyimizi nümayiş etdirə bilmirik. IQTIDAR öz ətrafındakıları süfrəsinə dəvət edir, MÜXALIFƏT də öz tərəfdarlarını başına yığıb həmrəylik gününü qutlayır. Və elə buradaca fil boyda bir sual ortaya çıxır. Azərbaycanın içində həmrəyliyi bərqərar edə bilmiriksə, Yer kürəsinə səpələnmiş soydaşlarımızın birliyinə necə nail ola bilərik?
Şəxsi qənaətimdir və kimsə fərqli düşünə bilər, nə qədər ki, Azərbaycanda IQTIDAR-MÜXALIFƏT münasibətləri qaydaya qoyulmayıb həmrəylik barədə danışmaq, sadəcə, gülüncdür.
Bir ölkədə ki, iqtidar müxalifətə düşmən münasibəti bəsləyir, baş əyməyənləri, ikiqat olmayanları, müstəqil düşüncə sahiblərini çarpaz atəş altında saxlayır, 31 Dekabrı hər kəs öz evində, öz imkanları çərçivəsində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi yox, tarixə keçəcək ilin son günü kimi qeyd edəcək.
Tarixə ekskursiya edək. Bir-birinə düşmən kəsilən xanlarımızı, bəylərimizi yada salaq. Və o zatları çox qınamayaq, deyək ki, təhsilləri yox idi, bisavad idilər və elə o səbəbdən də həmrəyliyin mahiyyətini qavraya bilmirdilər. Son yüz ildə maşallah, yüz minlərlə soydaşımız universitet bitirdi, xalq maarifləndi, birlik üçün dəfələrlə tarixi şərait yarandı, fəqət yenə də həmrəy ola bilmirik ki, bilmirik. Nədir səbəbi? Həmrəylik damarımız nədən kirəcləşib?
Açın tarix kitablarına bir də baxın. Azərbaycan adlı dövlət yarandığı gündən bəri onu idarə edənlərin fəaliyyətinə diqqət edin. MILLI BIRLIK üçün Məhəmmədəmin Rəsulzadə və Əbülfəz Elçibəydən savayı hansı dövlət başçısı sözdə deyil, əməldə HƏMRƏYLIK nümayiş etdirdi? O iki mücahid bu xalqın millət kimi formalaşmasından yana vuruşdular. Hər ikisi bu savaşda məğlub olsalar da, millətin qan yaddaşına keçdilər. Onlardan sonra gələnlər nə etdilər? Millət sındırıldı, aşağılandı, əsarət altına düşdü, hər türlü naqisliklərə öyrədildi və psixologiyası deformasiyaya məruz qaldı. Və sonda MƏDƏ ilə BAŞ yerini dəyişdi. Bu an kimsə Əliyevlərin milli həmrəylik üçün etdiklərini gözə soxmaq barədə düşünürsə, sual edirəm, məhz Əliyevlərin dönəmində Azərbaycanda kəskin təbəqələşmə təzahür etmədimi? Məgər bu gün bu məmləkətdə bir dəstə zənginin, başı tumarlanan məmurun, MÜASIR FIRONLARIN xalqa zülm etdiyini görməyənlər var? Zənginlə kasıbın, harınla məzlumun həmrəyliyinə inanırsınızmı? Mən inanmıram!
Həmrəylik və milli birlik üçün öncə Azərbaycanın cümlə azərbaycanlıların olması gərəkdir. Təkcə “Azərbaycan” kəlməsinin yox, Azərbaycanın yealtı və yerüstü sərvətlərinin də sahibinin cümlə azərbaycanlılar olması lazımdır. Bir sualım da var, Azərbaycanın o sərvətlərinin sahibi kimdir, kim o sərvətləri geninə-boluna istismar edir, kimlər o sərvətlər sayəsində milyardlara sahib olub?
M.Rəsulzadə 1920-ci ildə, Ə.Elçibəy 1993-cü ildə hakimiyyətdən çəkildilər, istəsəydilər, dövlətin xəzinəsindən ən azı yüz ilə bəs edən sərvət aparardılar. Apardılarmı? Sabah bu iqtidar gedəsi olsa, tayfa və komanda üzvlərinin aparacaqlarının miqdarını təsəvvür edirsinizmi? Siz Mübarəki, Qəzzafini, Bin Əlini yada salmaqda olun, həmrəylik barədə daha bir-iki cümlə yazım, vidalaşaq.
Prezident Ilham Əliyev Ermənistan prezidenti ilə nə qədər görüşüb, bir süfrə arxasında oturub, sayını bilmirəm. Bu, Əlahəzrətin görəvidir, gələn il mümkündür ki, lap yüz dəfə də görüşsün. Əlahəzrət torpağının 20 faizini işğalda saxlayan düşmənlə bir süfrədə otura bilirsə, öz vətəndaşları ilə – müxalifətlə nədən görüşmür? Nədən “mən bütün azərbaycanlıların prezidentiyəm” deyən Ilham Əliyev HƏMRƏYLIK naminə 31 dekabrda – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” bayramında açdığı süfrəyə müxalifəti dəvət etmir? “Müxalifətin taxta göz dikməsinə görə” deyənlərdən xəbər alıram, məgər hakimiyyət torpaqdan daha önəmlidir?
Tarix isbatlayıb, həmrəyliyin açarı dövlət başçılarında olur. Məhz onlarda.
Addım səsləri eşidilən 2012-ci iliniz mübarək olsun!