Cabbar Savalanlı “Azadlıq”a gəldi

«Azadlıq»ın vasitəsilə insanların mənəvi dəstəyini görüb haqq-ədalət uğrunda mübarizədə daha da güc topladım»

Dekabrın 26-da azadlığa çıxan, AXCP gənclər komitəsinin üzvü, vicdan məhbusu, Cabbar Savalanlı “Azadlıq”ın redaksiyasında oldu. Həbsdə olanda “Azadlıq”dan nəfəs aldığını deyən keçmiş siyasi məhbus bildirir ki, qəzetimiz və evindən gətirdiyi bədii ədəbiyyat onun ən yaxın dostları olub.
“Bu qəzetin vasitəsilə dünyagörüşüm daha da artdı. Siyasi bacarığımda irəliləyişlər oldu. ”Azadlıq”ın vasitəsilə insanların mənəvi dəstəyini görüb haqq-ədalət uğrunda mübarizədə daha da güc topladım. Hər gün “Azadlıq” qəzetini oxumaq mənim üçün ayrıca ləzzət idi. Bu, mənim üçün sanki bir ibadət idi. Hər dəfə “Azadlıq” qəzetində özümün və digər vicdan məhbuslarının şəkillərini görəndə çox sevinirdim. Qəzetdə çap olunan dəstək yazıları mübarizə əzmimizi daha da artırırdı. “Azadlıq” qəzetini tutulmazdan öncə necə görməmiş kimi oxuyurdumsa, içəridə də elə idi. Köşə yazarlarının dəstək yazıları daha çox ruhlandırırdı. Elnur Astanbəylinin hər həftənin bazar günü mənimlə bağlı yazıları özümə inamı daha artırırdı. Içəridə olsam da, ürəyim daim bayırda olan insanlarla idi. Bizim dünyaya tanınmağımızda, şərlənməyimizin dünyaya isbatlanmasında “Azadlıq” qəzetinin müstəsna xidməti var. Bu qəzet haqqında yalnız bunu deyə bilərəm: “Azadlıq” hakimiyyətin zəbt elə bilmədiyi yeganə qaladır”.

Ramin DEKO