Ramiz Mehdiyev İdarəçilik Akademiyasını itirdi

Yeni rektorunun Paşayevlərə yaxın şəxs olduğu bildirilir

Prezident yanında Dövlət Idarəçilik Akademiyasına rektor təyinatı ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Qeyd edək ki, sözügedən təhsil ocağına akademik Urxan Ələkbərov rektor təyin edilib. Bu barədə ilk xəbəri  “Qafqazinfo” saytı yayıb.
Dekabrın 27-də Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni rektoru akademiyanın kollektivinə təqdim edib. Dövlət Idarəçilik Akademiyasının bundan əvvəlki rektoru Seyfəddin Qəndilov bir müddət əvvəl vəfat edib. Rektor əvəzi akademiyanın birinci prorektoru fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev idi.
Əldə etdiyimiz məlumatlara görə, Əlikram Abdullayev Ramiz Mehdiyevin yaxın qohumudur. Əlikram Abdullayev Rafiq Zeynalov rektor postundan azad ediləndə də onu əvəz edib. O zaman Ramiz Mehdiyev qohumunu rektor təyin etdirməyə çalışsa da, məqsədinə çata bilməyib. Əlikram Abdullayevin yerinə Seyfəddin Qəndilov bu posta təyin edilib. Seyfəddin Qəndilov vəfat etdikdən sonra da Ramiz Mehdiyev Əlikram Abdullayevi bu postda görmək istəyib. Elə bu səbəbdən akademiyaya rektor təyinatı uzanırdı. Lakin göründüyü PA rəhbəri növbəti dəfə də istəyini gerçəkləşdirə bilməyib. Yeri gəlmişkən, rektor postuna deputat Ziyad Səmədzadə də iddialı olub.

Məlumatlara görə, Urxan Ələkbərovu kollektivə Ramiz Mehdiyevə təqdim etsə də, yuxarıda qeyd etdiyimiz səbəbdən bu təyinat onun ürəyincə olmayıb. Iddia edilir ki, Urxan Ələkbərov Paşayevlərin iradəsi ilə rektor postuna gətirilib. Paşayevlər hətta onun ixtisasının bu akademiyaya uyğun olmamasını da nəzərə almayıb. Məlumat üçün qeyd edək ki, 1943-cü ildə Bakı şəhərində doğulan Uprxan Ələkbərov 1989-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) üzvüdür. O, ixtisasca genetikdir. Akademik bir müddət əvvəl AMEA-nın vitse-prezidenti olub. Lakin Ilham Əliyevin əmisi Cəlal Əliyevlə aralarında yaşanan mübahisədən sonra postunu itirməli olub.  
Urxan Ələkbərov kifayət qədər savadlı və müsbət keyfiyyətlərə malik şəxs kimi xarakterizə olunur.
Onu da əlavə edək ki, idarəçilik akademiyası Ramiz Mehdiyevin nəzarətində olan təhsil ocaqlarından biri idi. Urxan Ələkbərovun təyinatı ilə PA rəhbərinin akademiyanı itirdiyini söyləmək olar.

Informasiya şöbəsi