Azərbaycanda yaşamış qədim türk tayfaları

Qarqar tayfaları (II yazı)

Albanlardan sonra Azərbaycanda geniş ərazilərdə məskunlaşmış əsas tayfalardan biri qarqarlar idi. Qarqarlar çox qədim etnosdur. Mənbə olmadığından onların Şimali Qafqazdan Albaniya ərazisinə nə vaxt endiklərini söyləmək çətindir. Kalankatuklu Moisey qarqarların Makedoniyalı Iskəndər dövründən Albaniyada yaşadığı barədə məlumat vermişdir. Lakin qədim türk tayfalarından olan qarqarlar haqqında e.ə. I minilliyin başlanğıcında yaranmış “Iliada” əsərində məlumat var: “Homer ”Iliada”da Idı dağında Qarqar zirvəsinin və Dardanel boğazından azca aralıdakı Qarqar şəhərinin adlarını çəkir”. (13; 30-31)
Qarqarlar kompakt halda yaşamışlar. Onlar Albaniyanın əsas tayfalarından idilər; Kürün aşağı tərəfində, Artsakda, Albaniyanın şimal-şərqində, eyni zamanda Cənubi Azərbaycanda, Şimali Qafqazda və indiki Ermənistan ərazilərində yaşayırdılar.
Xorenli Moisey qarqar dilində boğaz səslərinin çox olduğunu göstərmiş, qarqar dilini “barbar dili” adlandırmışdır. Qarqarların türk mənşəli tayfa olduğunu sübut edən ən mühüm dəlillərdən biri yalnız Azərbaycanda, Iranda, Şimali Qafqazda deyil, bütün Mərkəzi Asiyada bu tayfanın son dərəcə geniş iz qoymasıdır.
Başqa türk tayfaları kimi, qarqarlar da vaxtilə Ön Asiyadan şimala və şərqə yayılmışlar. V.V.Bartold qeyd edir ki: “Qarqarlar eyni adlı qırğız dastanının əfsanəvi qəhrəmanı Manasın babaları idilər” və qırğız eposu “Manas”ın qəhrəmanı Manasın xalqı da qarqar və ya qıpçaqlar idi. (14; 541) Azərbaycan ərazisində qarqar toponimləri çoxdur. “Qarqar” və ya “Karkar” toponimi geniş işlənmə arealına malik olmuşdur. V əsrdə Qarqar dili üçün əlifba yaradılması haqqında məlumat da var.
Sami tayfaları e.ə. III minilliyin əvvəllərində Fərat və Dəclə çayının şimal tərəfındə məskunlaşdılar. Ari mənşəli Əhəməni dövlətinin siyasi nüfuzu Qafqaz dağlarına çatdıqda Quzey Azərbaycanda yaşayan tayfalar artıq tarix səhnəsində görünməyə başladılar. Onların ən görkəmlisi kaspilərdir ki, Xəzər dənizinin bir adının da Kaspi olması onların yadigarıdır. Kaspilər qədim zamanların güclü xalqlarından biri olan Kassilərin qohumudurlar. Onlar e.ə. I minilin sonunda Alban tayafaları arasında əriyib gediblər. Onların yaşadığı coğrafiya Muğan-Lənkəran ovalığı olmuşdur. Kaspilər gəmiçilik sənətinə yaxşı yiyələnmişdilər.
Bu dövrlərdə Azərbaycan ərazisində yaşayan qövmlərin bir hissəsinin Turan sisteminə daxil olduğunu irəli sürənlər vardır.
Kuşi və ya Quşçu tayfası
Azərbaycan ərazisində yaşamış Kuşi və ya Quşçu qədim türk tayfası haqqında tarixi qaynaqlarda maraqlı məlumatlar var. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər mövcuddur.
Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türküstanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də var.
Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda – quşi, başkirlərdə – quşçu, koşsı; türkmənlərdə – qutçi, qaranoqaylarda – quşsi, qırğızlarda – quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır.
Tədqiqatçılardan bəzilərinin fikrincə, bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır.
Ilk dəfə N.A.Aristov kuşçu tayfasının hunlarla əlaqədar olduğunu söyləmişdir. M.H.Vəliyevə görə, quşçular III-VI əsrlərdə Azərbaycana gəlmiş hunların varisləridir. Onun fikrincə, Azərbaycana 227-ci ildə gəlmiş hunlar “quşan” (qara hunlar) və hun-Sabirlər idilər. Abramson və Ə.Hüseynzadə bu etnonimin kökündə türk və Azərbaycan dillərindəki kuş (quş) sözünün durduğunu və bütünlükdə etnonimin “Ovlayan quşla məşğul olan” mənasını verdiyini söyləmişdir. Lakin geniş areallı Quşçu toponimləri və Quşçu tayfa adları aydın göstərir ki, onların ov quşu ilə heç bir əlaqəsi yoxdur.
N.Piqulevskaya yazır ki, kuşanların içərisində türk tayfaları da vardı. Bunu Kuşan çarlarının yabqu adlanması da aydın göstərir ki, bu da “şahzadə” deməkdir. Təbəri IX əsr Kuşan çarlarını “Xoqan” adlandırmışdır. Beləliklə, həm tarixdə, həm də dilçilikdə “ağ quşu saxlayan” Şahzadə “Xoqan” mənalarını daşıyan bu tayfanın oğuz yurdunda özünəməxsus yeri olmuşdur .
Ə.Hüseynzadə isə quşçu tayfasının Azərbaycana gəlişini monqolların Şimali Qafqazı alması ilə əlaqələndirmişdir. Lakin Ə.Hüseynzadənin fikri inandırıcı deyildir, çünki XII əsrə aid erməni mənbələrində Azərbaycan ərazisində şirvan, bakan və b. tayfalar ilə yanaşı quşi tayfasının da adı çəkilir. Maraqlı odur ki, Zaqafqaziya toponimiyasında bu etnonim həm Quşi, həm də Quşçu formalarında öz əksini tapmışdır. Azərbaycanda kuşi etnonim əsaslı etnotoponimlərin yayılma areallarına aşağıdakı bölgələr daxil edilir: Quba, Şamaxı, Ağdam, Qazax, Cəbrayıl, Şuşa, Qax, Daşkəsən.
Toponim və etnotoponimlər əsl həqiqəti üzə çıxarır
Hələ Məhəmməd Həsən Vəliyev Baharlının “Azərbaycan” əsərində Azərbaycanda Quşçu tayfa adı ilə bağlı yaranan aşağıdakı kənd adları çəkilir: Göyçayda-Quşçi, Yengicə; Qubada-Köhnə Quşçu, Yuxarı Quşçu, Aşağı Quşçu; Şamaxıda Quşçu; Ağdaşda – Quşlar; Cavanşirdə – Quşlar; Zəngəzurda – Quşçu Bələk, Quşçu, Quşçu Təzəkənd; Qazaxda – Quşçu; Cəbrayılda – Quşçular; Şuşada – Quşçular, Quşaba.
Bundan əlavə, Qax rayonunun Ilisu kəndində məhz bu etnonim Quşilər formasındadır. Azərbaycan ərazisində yaşamış quşçu tayfasının adı Şamaxı rayonunda Quşçu dağının (hündürlüyü 1421 metr) adında qalmışdır. Respublikamızda Quşçu dağı Daşkəsən r-nu ərazisində, Quşçu ayrımı, Quşçu qalası dağı (Laçın rayonu, Quşçu kəndi) Quşçular dağı (Xocəvənd rayonu) Quşçunun yalı Gədəbəy rayonu, Göyəli kəndi oronimləri və s. qeydə alınmışdır.
Oğuz rayonunun Yaqublu kəndinin cənubunda Quşlar adlı kənd xarabalığı da vardır. Keçmişdə Kuban əyalətində Quşi xutoru və Quşi adlı bir neçə kənd olmuşdur. Bütün bu faktlar kuşinin etnonim olmasına sübuta yetirməklə yanaşı, onun geniş arealda yayılmasını göstərir.
Ermənistan ərazisində də kuşi etnonim əsaslı etnotoponimlər çoxdur.
Irəvan xanlığının Sürməli mahalında kənd adı var. 1878-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qədim türk mənşəli Kuşi (Kuşçu) tayfasının adını əks etdirir. XIX əsrdə Qafqazda 38 Kuşi və Quşi, Quşçu, Quşilər toponimi vardı. Quşi (Quşçu) tayfası III-IV əsrlərdə Cənubi Qafqaza gəlmişdir. Ilk dəfə “VII əsr erməni coğrafiyası” adlı mənbədə (VII əsr) xuşi kimi qeyd olunmuşdur. Mənşəcə orta Asiyada Kuşan çarlığını yaratmış (I-III əsrlər) türklərdə Quşçu, farslarda Kuşan tayfası Orta Asiya Iran və Qafqazda külli miqdarda toponimlərdə iz qoymuşdur.
Quşi-Irəvan xanlığının Dərələyəz mahalında kənd adı olmuşdur. 1828-1832-ci illərdən kənddə ermənilər də məskunlaşmışdılar. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşlar. 1946-cı ildə kənd ermənicə Kecit adlandırılmışdır. Yerli əhali içərisində kəndə Bilən də deyilmişdir.
Quşi – Irəvan quberniyasının Eçmiədzin qəzasında kənd adıdır. Quşidərəsi – Irəvan quberniyasının Novobəyazid qəzasında kənd adıdır. XIX əsrin sonlarından bəri adı çəkilmir. Quşioğlu məzrəsi – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı olmuşdur.
Quşçu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı olmuşdur. 1950-cı ildə Davidbəy qəsəbəsi ilə birləşdirilmişdir. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.
Quşçu – 1590-cı ildə Irəvan əyalətinin Karbi nahiyəsində kənd adı; Quşçu – 1728-ci ildə Irəvan əyalətinin Məzrə nahiyəsində Ağcaqala tərəfdə yerləşən kənd adı olmuşdur. Quşcaqaya – Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Qutbi qışlağı – 1728-ci ildə Irəvan əyalətinin Şirakel nahiyəsində kənd adı idi. Beyti – Murad (Muradxan kəndi) da adlanır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir