Naxçıvanda həbs olunan AXCP fəalına təzyiq edirlər

Qanunsuz həbs qərarından apelyasiya şikayəti veriləcək

Üç ay müddətinə həbs edilən AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoyun qardaşı Zeynal Bağırzadəyə təzyiq edilir. Bu barədə AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırmalar aparırlar: “Məlumat almışıq ki, Zeynal bəyə saxlanıldığı yerdə təzyiq edirlər. Hazırda bu informasiyanı dəqiqləşdirməklə məşğuluq. Bütün bunlar Yaşar bəyin siyasi fəaliyyəti ilə bağlıdır. Yaşar bəyin AXCP-nin Naxçıvan şöbəsinin rəhbərliyindən getməsi üçün müəyyən təkliflər və təzyiqlər olub. Bunların heç biri işə keçmədiyi üçün yerli hakimiyyət orqanları bu yola əl atdılar. Bütün bunlar Naxçıvan rəhbərliyinin qanunsuz əməlləridir”.
A.Quliyev baş verənlərlə bağlı AXCP-nin bəyanatla çıxış edəcəyini bildirib: “Zeynal bəyin həbsi qanunsuzdur. Onu hərtərəfli müdafiə etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik”.
Hazırda Bakıda olan Yaşar Bağırsoy isə bura qardaşanın qanunsuz həbs qərarından apelyasiya şikayətini hazırlamaq üçün gəldiyini bildirib. O şikayəti bugünlərdə təqdim edəcəklərini qeyd edib: “Bu ittiham son vaxtlar qardaşının siyasi fəaliyyətinin güclənməsi, onun Ictimai Palatanın Naxçıvan şöbəsinin yaradılmasında aktiv iştirakı ilə bağlıdır. Qardaşım uzun illərdir bu təqaüdü alır, əgər saxtadırsa, onda bunu araşdırmaq niyə indi yada düşüb?
Aydın məsələdir ki, bu sifarişli qərardır”.
Y.Bağırsoy deyir ki, onlarda qardaşının Çernobıl əlili olduğunu sübut edən lazımi sənədlər var. Lakin yerli rəhbərlik onlara bu istiqamətdə də problemlər yaradır: “Komissarlıqda hərbi biletini əlindən alıblar, hətta onu da vermirlər. 93-cü ildə komissarlıqda çalışmış bir nəfəri tapıblar, ona təzyiq edirlər ki, Zeynal Bağırzadənin hərbi biletindəki möhürün saxta olduğu barədə ifadə versin”.
Xatırladaq ki, AXCP Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadə dövlət əmlakını mənimsəməkdə ittiham olunur və barəsində 3 aylıq həbs qərarı verilib. Z.Bağırzadə Çernobıl əlili kimi 1986-cı ildən təqaüd alır. Lakin indi ona Çernobıl vəsiqəsini saxta yolla əldə etdiyini və və illərdir dövlətdən qanunsuz olaraq təqaüd aldığını deyirlər.
Zeynal Bağırzadə isə Çernobıl hadisələrində iştirak etdiyini və əlillik almasını hər an sübut etməyə hazır olduğunu bildirib. O, baş verənləri siyasi faəliyyəti və xüsusilə Ictimai Palatanın Naxçıvan bölməsinin təşkilindəki fəallığı ilə əlaqələndirib.
Z.Bağırzadə barəsində Naxçıvan şəhər prokurorluğunda CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəm), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb. Irəli sürülən ittiham üzrə onu 1 ildən 12 ilə qədər həbs cəzası gözləyir.