Çəhənnəmin arxa qapısı yoxdur

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Qorxduğumuz başımıza gəldi. 23 ildir ölkəni idarə etməklə deyil, nağılbazlıqla məşğul olub “analoqsuzluq” dan dəm vuranların məsəli sonda qorxulu nağıla çevrildi. Gözlənilən idi, divlərin söylədiyi nağılın sonu gözəl bitə də bilməzdi.

Şirin nağıl bitdi və indi qorxulu gerçəkliklər başlayıb. Yalanlar daha işə yaramır, indi o yalanların hər biri ox kimi özlərinə batır. 23 ildir, şair demiş, durub göy üzünə daş atanların atdıqları geri qaydır.

23 ildir göyə daş atanların özünə qayıdan daş yağmurunun əhatəsində təkçə böhran üzə çıxmadı, o qədər eybəcərlik və israfçılıqlar, yarıtmazlıqlar göbələk kimi baş qaldırıb ki, hansından, nədən yazacağını belə bilmirsən.

Nədən yazasan? Bəlkə prezident Londonda bir milyon iş yerinin açılmasından danışıb, dünyanı bu təcrübəni öyrənməyə dəvət edəndə Gəncədə Elmar Vəliyevin işsizlərin qəzəbindən özünü güclə qurtarmasından?

Ölkənin ən dəbdəbəli şəhəri Bakıda belə qul bazarları dolub daşarkən prezident Avropada niyə 1 milyon iş yerindən belə rahatlıqla danışdı? Necə izah edəsən bunu? Bəlkə biz dinləyici kimi bunları təmin etmirik? Onların nağıllarına daha qulaq asmaq istəmədiyimizin fərqindədirlər və özlərinə ingilis, fransız dinləyici təmin etmək fikrinə düşüblər? Olsun. Biz zatən nağıl dinləməkdən də, nağılbaz siyasilərdən də yorulmuşuq. Qoy indi də avropalılar bizim çəkdiyimizi çəksinlər. Görsünlər yalan nağılı dinləmək necə bir məşəqqətdir. Hər şeçkidə “demokratiyaya doğru bir addım atılıb” deyən avropalı bəslədiyi tikanı özünə qızılgül kimi göstərməyə çalışırdı, qoy indi o qızılgül hesab etmək istədiyinin tikanı bir az da onları dalasın. Bizim zatən ruhumuz belə, didik-didikdir.

Amma dərd tək bu deyil ki…

Kimin nə dediyi bəlli deyil. İndi də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, işsizliklə mübarizə üçün Almaniyanın təcrübəsini öyrənirik. Əgər ölkədə 1 milyon iş yeri açılıbsa və dünya sizdən öyrənməlidirsə, siz niyə Almaniyanın təcrübəsini öyrənirsiniz? Bir də 1 milyon iş yeri açılan ölkədə işsiz nə gəzir ki? İndi kimə inanaq? Bəlkə heç birinə inanmaq lazım deyil!? Bu iqtidar, yalanda belə, birləşib vahid komanda ola bilməyib. Kim nə istəyir, onu da danışır. Bir məsələ ilə bağlı, necə deyərlər, biri deyir oxuduq, o biri deyir yox, oxumadıq. Yadınızdadırsa, borc almaq məsələsində də biri deyiridi borc istəmişik. O biri də deyirdi ki, yox istəməmişik. Ona görə də dediklərini heç ciddiyə də almağa dəyməz.

Necə ciddiyə alasan ki, ölkənin iqtisadiyyat naziri indi ayılıb. Sən demə gəlirlər azaldığı üçün qəpiyin də qədrini bilmək lazımmış. Məgər pul çox olanda, dövlətin malını istədiyiniz kimi israf etmək kimi bir qayda var idi? Ölkəyə gələn pulla ölkənin iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi inkişaf etsəydi, neftin ucuzlaşması ilə ölkə bu qədər sıxınıtıya girərdimi əcaba? Heç uzağa getmirəm, qonşu Türkiyədə də dollar 3 tl.-yə yaxındır. Amma dolların qalxması və ya enməsi daxili bazara təsir etmir. Çünki ölkənin daxili istehsalı, özünu təmin edəcək bazarı var.

Bəs siz nə etdiniz? Ölkəyə pul gəldi, bir nazirlikdə 20 müşavir ştatı açıb dövlətin büdcəsindən onlara maaş verdiniz. Hələ bu ştatlarda məmur kimi çalışanların büdcə pullarının talan edilməsindəki iştirakını demirəm. Yaşlı insanlar demiş, ay başına dönüm, bir nazirin neçə müşaviri olarmış?.. Keçmişdə heç padşahlar yanında bu qədər vəzir-vəkil saxlamırdı. Yəqin bu müşavirlərin sayı da qohum-qardaşa görə yaradılıb bölünürmüş. Kimin nə qədər qohumu varsa, o qədər də ştat açıb, iş yeri yaradıb. İndi ştatları azaldırlar. Deyən lazım, əgər az müşavirlə də məsələn, kənd təsərrüfatı naziri kənd təsərrüfatının başına daş sala bilirdisə, bu qədər vəzir-vəkilə nə ehtiyac vardı?

Ya da Fazil Məmmədovun 13 müşavirə nə ehtiyacı vardı? Məgər bu ölkədə vergilər “reket qanunları” ilə yığılmırdı ki?

Nə isə… Özlərini elə günə salıblar ki, nə etsələr ironik və gülməli, ikrahedici görünür. Daha yalan danışmağa belə hövsələləri qalmayıb.

Yadınızdadırsa, “Ərəb baharı” adlanan proses başlayanda da nazirlər, məmurlar bölgələrə getməyə başlamışdılar. Amma o zaman heç olmasa xalqla görüşüb bir –iki kəlimə kəsə bilirdilər. İndi də öz aləmlərində xalqın içinə gedirlər. Lakin dövran o dövran deyil. Məmurlar daha xalqın qabağına çıxmır. Hamısı dal qapıdan qaçır. Düşünməyin ki, bu onların utanmasından və ya həya etməsindən, xalqın suallarına cavab verə bilməyəcəklərindən irəli gəlir. Hər necə olsa, yalan danışmaq üzrə çempiondurlar. Sadəcə, daha danışacaqları yalana sərf edəcəkləri enerjini belə xərcləmək istəmirlər, çünki “hənanın o hənadan olmadığını” hiss ediblər.

Ölkə insanı ac və işsizdir. Dünənə qədər barmaqlarının arasından daman damçılarla xalqı az-çox bəsləyib susduranlar bu gün daha bunu da edə bilmirlər. Qaçırlar. Özü də arxa qapıdan… Arxaya baxmadan… Arxanın çəhənnəm olduğunun fərqindədirlər. Çünki illərdir o cəhənnəmi məhz özləri yaradıb, səfalət və yoxsulluqdansa, o atəşin altına barıt çəlləyi yerləşdiriblər.

Hər şeyi nəzərə almış kimi görünürdülər. Zor, polis, güc, pul və sınırsız hakimiyyət… Hər şey vardı… Bir ağıl yoxdu və ağılın yoxsulluğundan hesablaya bilmədilər ki, özləri də qaladıqları cəhənnəm tonqalında yana bilərlər… Zaman o zamandır və hələ ki, o cəhənnəm atəşindən qorunmaq üçün arxa qapıdan qaçırlar.

Amma yenə də unutduqları bir şey var! Gerçək çəhənəmdə arxa qapı olmur!