Erməni mənbələri dekabrın 20-də Rusiya paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında mübahisə düşdüyü haqda məlumat yayıb.
“Armtoday.info” saytı xəbər verir ki, həmin mübahisə barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti dekabrın 27-də Moskvadakı mənbələrinə istinadla yazı dərc edib.
“Media forum” saytı bildirir ki, yazıda Dövlət Başçıları Şurasının iclasında MDB-nin yaradılmasının 20 illiyi münasibətilə birliyə üzv ölkələrdən olan diplomatlara medalların verildiyi qeyd olunur. “Aykakan Jamanak”ın yazdığına görə, bu proses dövlət başçılarının hamısının razılığı əsasında reallaşdırıldığı üçün Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın namizədliyinin əleyhinə çıxması erməni nazir müavininin medalsız qalması ilə nəticələnib.
“Aykakan Jamanak” yazıb: “Nazir müavini Şavarş Köçəryanın namizədliyini irəli sürmüş Ermənistana növbə çatanda Azərbaycan prezidenti İlham Əliyev buna qarşı çıxıb və Şavarş medalsız qalıb. Ondan əvvəl Azərbaycandan olan nümayəndəyə medal veriləndə Serj Sərkisyan heç bir etiraz nümayiş etdirməmişdi. Sonra masa arxasında İlham Əliyev Serj Sərkisyanı məzəmmət edərək deyib ki, sən gör kimin namizədliyini irəli sürmüsən. İlham Əliyev bildirib ki, Ermənistanın nazir müavinin Azərbaycan rəhbərliyinin ünvanına söylədiyi fikirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə uyğun gəlmir. Serj Sərkisyan isə İlham Əliyevə bildirib ki, məhz Azərbaycan prezidenti və deputatları öz bəyanatları ilə bu prosesə mane olurlar. İş o yerə çatıb ki, İlham Əliyev və Serj Sərkisyan ayağa qalxaraq bir-birini itələməyə başlayıblar”.
Erməni qəzeti iddia edir ki, İlham Əliyevlə Serj Sərkisyan arasında mübahisə əlbəyaxa olmaq həddinə çatıbmış və yalnız Rusiya prezidenti Dmitri Medvedevin “Cənablar, siz nə edirsiniz?!” sözlərindən sonra vəziyyət sakitləşib.


