natiqedilov

İblis “Baksovet”in qabağında

natiqedilovNatiq Güləhmədoğlu

natnetaz@gmail.com

Nöyütün barreli 120 dollar və daha baha satıldığı, əksəriyyətin “çax-çuxun edib başını saxladığı”, ictimai-siyasi proseslərə laqeyd yanaşdığı zamanlarda dostum dedi: “Gəl, sənə sirr açım”.

Ölmürük sirr üçün, danış, dedim.

Dedi: “Bəy, siz müxalifətçilər indi özünüzü öldürürsünüz, ağzınızdan dürr tökülsə də, camaat vecinə almır. Elə bilirsiz ki, danışdıqlarınız onlara çatmır, yaxud ürəklərindən hay vermirsiz? Əsla!”

Dostum çox rəhmsiz müqayisəyə əl atdı: “Bəy, təsəvvür elə, iqtidar ”Master və Marqarita”dakı, iblis Volanddır və bu dəfə o, Moskva teatr salonunda yox, “Baksovet” metrosunun qabağında peyda olub. Iblis metronun çıxışında kağızları manata çevirib camaatın başından tökür. Müxalifət isə təmiz, sadəqəlb, xeyirxah insan kimi kənardan durub haray çəkir, insanları həqiqətdən hali edir. Qışqırır ki, “ay camaat, inanmayın, o iblisdir, aldanmayın, o cibinizə doldurduğunuz pul deyil, adi kağızdır”. Camaat isə müxalifətin düz, təmiz olduğunu bilsə də, pulun gücü onları rasional qərar qəbul etməyə qoymur, hamı cibinə saxta pulları daha çox təpişdirir, illüziya nəticəsində pula çevrilən adi kağıza görə millət bir-birini ayaq altında qoyur”.

***

Bu çox qüvvətli və kəskin müqayisə o zaman, açığı, məni sarsıtmışdı. Bütün tamaşalar kimi, foks seansların da sonu olduğunu tam unutmuşdum. O son bir az gec gəldi, lakin gəldi. Ikinci devalvasiyadan sonra biz foks tamaşasında pərdələrin endiyini gördük. Bəli, illüziya, foks-moks qurtarıb. Bir-birinin ardınca “bankrot” olan banklar, bağlanan iş yerləri, kreditin zülmündən intihar edən, hörmətsiz vəziyyətə düşən insanlar bir anın içində anladılar ki, onlar pul qazanmırmış, onların əlində olan sərvət əslində, konfet kağızı kimi bir şey olub. Lukanın “Incil”ində yazılanlar sanki bu günün Azərbaycanını nəzərdə tutub: “Kimin varıdırsa, ona daha çox veriləcək, kimin yoxudursa, ondan var zənn etdiyi şey də alınacaq”.

***

Neftdən gələn havayı pullarla sərməstlik yaşanan o keçmişdəki illərə indi azsaylı müxalifətçilərdən başqa heç kim dönüb baxmaq istəmir. Bircə müxaliflər indi mənəvi rahatlıq içindədir. “Axı biz deyirdik, axı biz bu günləri görürdük, haray çəkirdik, siz isə eşitmirdiniz, indi isə siz də dadın həyatın acı üzünü” – əminəm, bunlar hər müxalifətçinin ürəyindən intensiv formada keçməkdədir.

Xalq isə çaşqındır. O, indi başa düşür ki, keçmişini də fövtə verib, bu gününü də. Gələcək isə ona qorxulu və dumanlı görünür. O, heç gələcəyi düşünmək qüdrətində də deyil. Çünki bu günün problemi ona sabah barədə düşünməyə macal vermir. Gündəlik qayğılar, çörək pulu, bank krediti 3-4 manata gəlib çıxan siqaret qutusunun öhdəsindən gəlmək indi hər kişinin yox, nər kişinin işinə dönüb.

***

Hökumətin işi isə lap çətindi. Onu söhbətimizin əvvəlində Voland, Iblis adlandırsaq da, daha variantları keçmir. Hiylələr işə yaramır. Camaatın başından səpələməyə nə real pul var, nə də yalançı.

Dünənə qədər “Allah prezidentimizin canını sağ eləsin” deyən kütlənin bugünkü qəzəbli baxışları hakimiyyəti təmiz heyrətə salıb. Onlar heç cür dərk edə bilmirlər ki, başıaşağı yetişdirdikləri bu insanlar necə olur, küçələrə çıxır, qışqırır, haqqını tələb edir? Buna görə də hökumət ac adamların üstünə əli dəyənəkli polisləri göndərməklə tarixi səhvinə imza atır. Anlamır ki, bu həna o hənadan deyil.

Bu aksiyaları müxalifətin keçirdiyi aksiyalarla eyniləşdirməklə hakimiyyət həyati səhvini elədi. Başa endirilən dəyənək, ola bilər ki, beyinə girən hansısa inqilabi fikri oradan çıxarsın, amma praktika göstərir ki, dəyənəyin ac qarnı doydurmaq gücü, imkanı zərrə qədər də yoxdur. Buna görə də ac-yalavac etirazçılara vurulan hər bir dəyənək rejimin qəbrini qazmaq üçün yerə çalınan beldir, kürəkdir. Nə qədər çox “dubinka” çalacaqlar, qəbirləri bir o qədər dərin olacaq. Keçmişindən pərt olan, bu gün ac və qəzəbli, gələcəyi dumanlı görən insanlarla ehtiyatlı davranmaq lazımdır.

***

Müxalifətin, xalqın və hakimiyyətin halını təsvir elədik. Indi gələk günün aktual məsələsinə. Bu qarışıq vəziyyət bizə nə vəd edir? Qarşıda Azərbaycanı nə gözləyir?

Buna qərarı xalq özü verəcək. Biz azərbaycanlılar, ya uzun illər başımızı foksla, cadu ilə aldadan, bizə firavan həyat vermək yerinə yalanlar yedizdirən hakimiyyəti yola salmaq barədə konkret və qətiyyətli işə başlayacağıq, ya da hökuməti vadar edəcəyik ki, fantaziya gücünü işə salıb xalqa yeni fokslar, yeni illüziyalar göstərib, daha bir neçə il onu yola versin. Zatən bizi çoxdan “aclıq olsun, kef olsun” deyiminə “nastroyka” edirlər. “Aclıq olsun, amma tamaşa da olsun”a razılaşacağıqsa, əmin olun, hökumət bu işinin öhdəsindən layiqincə gələcək!