İslahat olacaqmış, bağçada güllər açacaqmış…

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Neft səltənətindən YAP səfalətinə gəlmişik. Budur, artıq çatmışıq yeni dayanacağa. Düzdür, heç kim bu dayanacaqda düşmək istəmir. Hətta yapçılar özləri şoka düşüb. Aaa… bu necə ola bilər? Niyə belə oldu axı? Səbəbləri sadalayanlar var: dünyadakı krizislər, geosiyasi siyasətin ağrıları, başqa ölkələrdə milli valyutaların çökməsi… Yox, yenə də bu qədər ola bilməzdi deyə, yapçılar ürkəkliyinin gizlədə, səslərini qaldıra bilmir.

Amma onların qırıq-qırıq səslərlə gələn iniltilərində ümid tamamilə yox deyil. Camaata təcili ucuz un lazımdır! Heç olmasa, çörək yesinlər! Görürsünüz, çörək var! Çörək, çörək! Cənab prezident həll etdi! Hələ çörək yeyin, sonrası nə olur, görək!

Cib müxalifəti də çox əcaib duruma düşüb. Bunlar kabab iyinə gəlmişdi, indi belə çıxır ki, eşşək dağlanmasını qoxuyacaqlar. Cib boşalandan sonra cibdə olmağın mənası nədir? Düzdür, artıq suda yaşayanlar quruda yaşaya bilmədikləri kimi, onlar da cibdən kənarda mövcud olmamaq mahiyyətindədir, amma neçə illərin talanına görə birgə cavab vermək məsuliyyəti də var.

Uzaqdan isə yenə o səs gəlir. Cənab prezident deyir: Nefti unudaq daha!

Amma başqa səslər də var. Hara unudaq bu nefti, bu ki, tarixi cinayətləri unutmaq deməkdir?!

Bu necə ola bilər ki, hətta işğalçılardan qurtulub gəlmiş nefti müstəqillik dönəmində özümüzünkülər yox etdi, heç etdi, indi də onu rahatca unuduruq?

Başqa cavablar da var ortada. Neft yoxdur, əvəzində təkliflər var. Təklifləri qəbul edək, yola davam edək. Ən yaxşı təkliflər paketi verənə isə alqış düşür!

Çoxlu mütəxəssislər, iqtisadçılar, siyasilər də yeni çatdığımız dayanacaqda düşmək istəmirlər. Onlar yola davam etmək üçün təkliflər verirlər. Paketlər təqdim edirlər…

Islahat olacaqmış.

Bağçada güllər açacaqmış.

Qış fəsli bahar olacaqmış.

Azərbaycan neftsiz yaşayacaqmış.

Pərdə salınır, yeni dayanacaqda heç kim düşmək istəmədiyi üçün tamaşa bitir!

Çaxnaşmasız teatr

Qayıdaq başqa tamaşaya. Azərbaycan xalqı bu illərdə çox hiylələr, çox yalanlar, çox bəhanələr gördü. Satqınlığın, yaltaqlığın, mövqesizliyin, ictimai namərdliyin, yalanın son illərdə yayılan incə formalarından biri bu idi: “Biz ölkədə çaxnaşma istəmirik…”

Eyham da bu hakimiyyəti aydın və sərt şəkildə tənqid edənlərədir. Guya ədaləti tələb etmək, ədalətin düşmənlərini dilə gətirmək, ədalətsiz rejimin rədd olmasını istəmək ölkədə çaxnaşma istəməkdir.

Ölkədə azadlıq istəmək çaxnaşmaya səbəb ola bilərmiş.

Ədalət məhkəməsi olsa, ölkədə sabitlik pozularmış.

Korrupsiyanı dayandırmaq olmaz, çünki Qarabağ boyda dərdimiz var, dörd yanımız isə düşməndir.

Deyəndə ki, çaxnaşmanın bir səbəbi var həmişə: seçki yolu ilə hakimiyyət dəyişikliyi imkanını məhv edib, xalqa ayağa qalxmaqdan başqa yol buraxmamaq! Xalqın seçmək hüququ əlindən alınıb!

Cavab verirlər ki, onlar ölkədə çaxnaşma istəmirlər!

Hələ bir ay öncə yazmışdım: “Ölkəmizi Suriyanın gününə salmaq olmaz – deyənlər, onu Azərbaycanın gününə saldılar!”

Və indi yeni dayanacaqdayıq!