Spilberqlə bir müqayisə

saadet-cahangir-koseSəadət Cahangir

Bu günlərdə dünyanın ən ünlü rejissorlarından Stiven Spilberq haqqında maraqlı bir yazı oxudum. Yazıda ən çox marağımı çəkən məqam “bir istedad necə yetişir” sualının cavabı idi, əslində. Ola bilər ki, yer üzündən nə çox daha istedadlı, çalışqan və bacarıqlı insanlar gəlib keçib zaman-zaman. Amma onların şansı gətiribmi, bəxtləri üzlərinə gülübmü, qarşılarına onları fərq edən dürüst insanlar çıxıbmı? Bu da bir istedadın parlaması üçün önəmli şərtlərdəndir axı. Dünyanın ən çox izlənilən, pul qazandıran və mükafat alan filmlərini çəkmiş amerikan rejissorunu bir mühit yetişdirib hər şeydən öncə. Doğru qidalandıran və böyüdən, düzgün yönəldən və yol göstərən, əngəlləri aşmaqda yardımçı olan və önə çıxmasına imkanlar açan münbit bir mühit. Rejissor müsahibələrinin birində deyir ki, uşaqlıqdan kino ilə bağlı xəyallar qurub hər zaman. Bu xəyallarla qurduğu ilk “film epizodu” oyuncaq qatarları toqquşdurmaq olub. Fantaziyası macəra qaynayan bu fərasətli uşaq öz dostları ilə birlikdə ilk yaradıcılıq nümunələri olan 8 mm-lik macəra filmləri çəkib, onları öz evlərində “bilet satışı” qarşılığında göstərirmiş. Üstəlik, bacısı da filmə baxmağa gələn qonaqlara “pop-corn” satırmış. Spilberq ilk mükafatını 13 yaşında 40 dəqiqəlik filmi ilə qazanıb. Ardınca 400 dollarlıq büdcə ilə çəkdiyi 140 dəqiqəlik filmin uğuru və mükafat olaraq qazandığı 100 dollar! Bundan sonra isə böyük bir uğur tarixi, onlarla yüksək tətiflər, “Oskar”lar və şöhrət zirvəsi başlayır.

Spilberq haqqında oxuduqlarım illər öncə rejissor olmaq arzusuyla yaşayan, amma xəyalları gözündə qalan doğmalarımdan birini xatırlatdı. Bəlkə, böyük müqayisədir, ancaq 50-ci illərdə hələ tanınmamış və öz evində “macəra çıxaran” o amerikan uşaqla həmin azərbaycanlı uşaq arasında çox böyük bənzərlik var. Evdə də, məktəbdə də çıxardığı bənzər oyunlarla Stivenden geri qalmayıb. Uçuq-sökük kənd məktəbinin teatr truppasında ən parlaq oyunçu və quruluşçu olub. On yaşlarında “populyarlığı” rayon səviyyəsinə qədər gedib çıxıb. Həm də təkcə bu sənət istiqamətində deyil, rəssamlıq sahəsində də. Hər kəs o parlaq istedad sahibinin ölkənin tanınmış bir sənət adamı olacağını düşünürdü. Amma o, qarşısına çıxan əngəllər üzündən xəyallarından vaz keçdi. Incəsənət Universitetinə qəbul üçün qarşısına böyük bir “əngəl dosyesi” qoyuldu. “Dosye”ni kənara qoyub, texniki universitetlərdən birini seçdi. Qəbul zamanı ən yüksək göstəriciləri qazandığına görə, yalnız iki imtahanın ekstern nəticəsi ilə Leninqrad universitetlərindən birini qazandı. Bu ölkənin çox məşhur sənət adamlarından biri ola biləcək o insanın yaradıcılıq uğurları həvəskar rəssam səviyyəsindən uzağa getmədi. Yüz minlərlə həmvətənimiz kimi, o da Rusiyanın qarmaqarışıq ab-havasına qarışıb, böyük istedadını ortalıqda itirib-batırdı…

Bu müqayisəni boşuna yazmadım, təbii. Insan istedadı anadan milli kimlik olaraq doğulmur. Onu yaşadığımız şərtlər, qarşımızdakı imkanlar, çevrəmizdəki insanlar və mövcud dəyərlər böyüdür. O üzdən, bir istedadın parlamadan sönüb getməsi də milli kimliklə bağlı məsələ deyil. Dediyim kimi, Azərbaycan kimi ölkələrdə nə çox Spilberqlər şanssızlıqdan  qanla gələn parlaq istedadını zamanında cilalaya bilmədən adilərin axınına qarışıb çıxıb gedir. Bəhs etdiyim o həvəskar rəssamın yaşı artıq 50-ni keçib. Amma bu ölkədə hələ də heç nə dəyişməyib. Hələ də bənzər insanlar doğulur, özünü göstərmək üçün bir az çapalayır, sonra isə çarəsiz şəkildə əl-qolunu yanına salıb susur. Ölkə isə elə belə axarda da davam edir. On illərdir heç nə dəyişmədən beləcə davam edir…