Metropolitenin rəisi Tağı Əhmədovun şairlik təbi üzə çıxması ilə yuxarı eşelonun məmur-şairlərinə biri də əlavə olundu. Hətta onun şeirlərinə bəstələnmiş 50-yə yaxın mahnı parçası da varmış ki, bu da Kəmaləddin Heydərova “əlcək atmaq” deməkdir. Həsən Şirinov, Cavid Qurbanov və təxminən 20-yə yaxın iri məmurumuza, ilham pərisinin tez-tez “qonaq” gəlməsi, ədəbiyyatımızda yeni bir cərəyanın yarandığından xəbər verir.
Şairləri həmişə fövqəladə insanlar saymışam. Uşaqlıqlığım kənddə keçdiyindən, bənövşə mənim üçün sıradan bir çiçək idi. Lakin orta məktəb dərsliklərində hər dəfə bir şairimizin bu çiçək haqda vəsfi bənövşəyə olan münasibətimi dəyişdi, ətrafa bu çiçəyin hikməti ilə baxmağa başladım və elə düşünürdüm ki, insanlar bir-biri ilə mehriban olsalar, bu gözəl gül də boynubükük olmazdı…
Hazırda Azərbaycan ədəbiyyatı böhran günlərini yaşayır. Istedadlı yazarlarımız var, amma nəşr olunmaq problemindən onların əksəriyyəti öz əsərlərini yalnız dövri mətbuatda nəşr etdirir və bir parça çörək qazanmaq üçün başqa işlərin dalınca qaçırlar. Bu tendensiya yaradıcılıq və istedadın tələb olunduğu bütün sahələrdə belədir. Lap bu yaxınlarda, bir çox əməkdar və xalq artistlərini utandıracaq bir səs, şəbəkələrdə izlənmə rekordları qırdı. Nadir səs sahibinin isə… tikintidə adi fəhlə işlədiyi məlum oldu…
Bu “boşluğu” hazırda məmurlarımız uğurla “doldurur”.
Götürək elə Cavid Qurbanovu… Bu il Binəqədi-Rəsulzadə yolunun təmiri zamanı gördüyüm bir mənzərədən dəhşətə gəldim. Yola döşədikləri asfaltı qaşıyaraq, sövet dövrü zamanı çəkilmiş asfalta çatan xüsusi maşınlar həmin hissədən heç nə qopara bilmirdi. Yolun 30-40 il öncə çəkilmiş hissəsi o qədər möhkəm idi ki, ağır maşınlar belə ondan bir parça qopartmaqda aciz idi, heç qoparmaq da lazım deyildi, gül kimi asfalt idi. Son on beş ildə çəkdikləri isə asanlıqla təmizlənirdi. Təsəvvür edin, milyardlarla dollar “xərclənən” bu sahənin məsul şəxslərindən biri, şeir yazır. Bu nədən qaynaqlanır? 60 yaşından sonra şeir yazmaq? Hər çəkdiyi yolun kənarında ticarət mərkəzi, şadlıq evi və s. tikən bu məmur mümkün olan bütün zirvələri “fəth” edib…
Fəlakət dərəcədə yaxşı və yaxud pis şəraitdə insan beynində, mənsub olduğu xalqın genetikasında olan bəzi kodları oyanır. Yəni virtual olaraq, tikintidə fəhlə işləyən nadir səs sahibi və Cavid müəllimin şairlik istedadının kökləri bu kodlara bağlı olan faktorlardır. Ən kritik anlarda özünü büruzə verir…
Eyni hallar Tağı Əhmədovun da şair kimi formalaşmasında əsas amildir. 70-ci ildən bəri təmir olunmayan, Azəbaycan üçün müqəddəs sayıla biləcək, “20 Yanvar” metrosunda hətta terror qurbanlarının adları yazılmış lövhənin altında da şıdırğı alver gedir, mağazalar üçün “podyomnı”lar 15 min manatdan başlayır. Belə bir təşkilata şair qəlbli insanın rəhbərlik etməsi, ilahi bir hadisədir, çox yaxında patriotizmlə dolu əsərlərin yazılması, bu alveri əhəmiyyətsiz edəcək, Tağı Əhmədov-Şəmistan Əlizamanlı dueti isə qaçılmaz olacaq.
Nəhayət, Kəmaləddin Heydərov fenomeni… Elə bir gün yoxdur ki, xalq artistlərimiz televiziya ekranlarından onu bizə bəxş edən allaha şükr etməsinlər. Məsləhət olsa, hətta onu şair-hökmdarlarla müqayisə edərlər, fəqət bu mümkün deyil, çəkinirlər. Bir gün onun simfonik əsər də yaza biləcəyinə inanıram, çünki Tağı Əhmədov, Cavid Qurbanov, Həsən Şirinovdan fərqli olaraq, Kəmaləddin müəllimin fəaliyyət dairəsi çox genişdir, demək olar, həyatımızın bir çox sahələrini əhatə edir. Ona görə də bu insanın bədii yaradıcılığında prioritet sahə yoxdur. Hələ çox sevindirəcək xalqımızı…
Bu yaxınlarda eks-spiker Rəsul Quliyevin Qarabağ haqqında tarixi romanı ilə tanış oldum. Rəsul Quliyevdə bu istedad yəqin ki, əvvəllər də var imiş. Lakin işin yoğunluğundan vaxt tapıb işləyə bilmirmiş. Hazırda bir kitabını oxuyub qurtarmamış o birisi çıxır…
Indi görün bunlar Rəsul müəllimin yerinə olsaydılar, nələr edərdilər…
Ədəbiyyatımız, incəsənətimiz naminə mən buna razıyam…