Azərbaycan İrana necə cavab verməlidir?

Vəfa Quluzadə: «Iranın Ermənistanla münasibətlərinə cavab olaraq Israildə öz səfirliyimizi aça bilərik»

Iran prezidenti Mahmud Əhmədinejadın Yerevana səfəri çərçivəsində imzalanan sənədlər arasında Araz çayında SES-in tikintisi və istismarı haqqında sazişlər var. Xatırladaq ki, bir neçə il əvvəl Iran tərəfi bu niyyətini həyata keçirmək üçün Azərbaycanın razılığını almağa çalışdı, lakin rədd cavabı aldı. Indi isə Azərbaycanın mövqeyini nəzərə almadan belə sazişin imzalanması ölkəmizə sataşmaq kimi qəbul edilə bilər. Bu halda Azərbaycan cavab olaraq hansı addımları atmalıdır?

Politoloq Vəfa Quluzadə Iranın son vaxtlar Azərbaycana qarşı özünü olduqca azğın apardığını, ölkəmizi provokasiyaya çəkdiyini deyir: “Iran nümayişkaranə şəkildə düşmənçiliyini göstərir, Ermənistanla əlaqələri tamamilə antiAzərbaycan əlaqələridir. Özünü islam dövləti elan edib. Amma ermənilərlə birlikdə müsəlman Azərbaycanın əleyhinə çıxış edir”.
Ekspert Azərbaycanın həmişə Iran tərəfindən Ermənistanda elektrik stansiyasının tikintisinin əleyhinə olduğunu, buna sərt münasibət göstərdiyini bildirdi. Iranın indiki addımını da rəsmi Bakı cavabsız qoymamalıdır: “Biz Iranın təsiri altında Israillə əlaqələr qurmamışıq, o ölkədə səfirliyimizi açmamışıq. Iranın Ermənistanla münasibətlərinə cavab olaraq Israildə öz səfirliyimizi aça bilərik. Çünki burda məsələ açıq-aydındır. Bizim regionda Rusiya, Iran, Ermənistan üçbucağı var. Bu üçbucaq bütün mütərəqqi aləmin, Qərbin, Amerikanın, Avropanın əleyhinə çıxır və bütün addımları da onlara qarşı yönəlib”.
Ekspertin sözlərinə görə, Iran Ermənistanla qurduğu əlaqələrdən utanmalıdır. Çünki Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Azərbaycanın ərazilərinin 20 faizini işğal edib və hər gün atəşkəsi pozur. Iran da bunların hamısını gözəl bilir. Bu siyasətin dəyişməsi üçün isə Iranın hakimiyyəti dəyişməlidir.

Fizzə