Sığortalı və sığortasız sürücülər

Yeni qanun onlara nə vəd edir?

Namiq Xəlilov: “Bütün sığorta şikayətləri ilə bağlı bizə müraciət edin”

Sığorta mövzusu davam edir. Bir həftə ərzində müxtəlif qrupları təmsil edən şəxslərin bu məsələyə münasibətini öyrəndik. Reaksiyalar çeşidlidir. Inananlar, inanmayanlar, faydalananlar, faydalanmayanlar var. Yeni qanunun işlək olacağına inanmayanlar da az deyil.

Redaksiyamızla əlaqə saxlayan daimi oxucumuz Hasil Abbasov yeni qaydalardan narazıdır. Onun fikrincə, bu, yenə də pul tələsidir: “Uzun illərin sürücüsüyəm. Hamı kimi mən də qəzadan qaçmağa çalışıram. Açığı, yollardan aldığım sığorta sənədi məni qane edir. Ucuzdur, polis də bu sənədə etiraz etmir. Mənim kimilər çoxdur. O qədər pul ver, il ərzində sığortaya da ehtiyacın olmasın, razılaşarsız ki, bunu artıq xərc saymaq olar. Həm də düzünü deyim, heç etibarım da yoxdur, verəcəklər, verməyəcəklər…”.
Başqa bir həmsöhbətimiz Qorxmaz Ibrahimli sığortasının olduğunu deyir: “Bundan qabaqkı maşınım da sığortalıydı. Narazılığım yoxdur. Hesab edirəm ki, bu sahədə artıq canlanma var, xidmət mədəniyyəti formalaşır. Bir dəfə sığortaya ehtiyac yarananda dərhal hadisə yerinə gəldilər və dəyən ziyan sonra ödəndi… Başqa bir hadisə danışım, dayandığım yerdə gəlib maşınımı vurmuşdular. Taksi fəaliyyəti ilə məşğul olan şəxs idi, həm də sığortası yox idi. Açığı, ziyan çox da ciddi olmadığından bağışladım onu. Indiki maşınım da sığortalıdır. Amma bilmirəm bu şirkət lisenziya alıb, yoxsa yox, gərək maraqlanam”. Həmsöhbətimizə uğurlu yol arzulayıb ondan ayrılırıq. 
Yaxınlıqdakı taksi sürücüsünə üz tuturuq. Şəxsi maşınıyla özü demiş, “çörəkpulu” qazanır. Yeni qaydalardan xəbərdar olsa da, bizə göstərdiyi sığorta sənədinin əslində “fiktivni” olduğunu deyir: “Bunu 8 manata almışam. Bilirəm boş şeydir. Amma polis saxlayanda işə yarayır”. Dərhal da bizdən bu sənədin onun işinə yenə də yarayıb-yaramayacağını soruşur.

Cərimələr sərtləşir

Yeri gəlmişkən, başqa oxucularımızı da bu suallar maraqlandırır. Yeni qaydalara görə, bu sənəd artıq işə yaramayacaq. Çünki icbari sığortanı bu fəaliyyət üçün lisenziyası olanlar həyata keçirəcək. Həmin şirkətlərinsə sayı hələlik 6-dır. Maliyyə Nazirliyinin Sığortaya Nəzarət Idarəsindən isə bu sayın artacağını deyirlər. Eyni zamanda idarədən bildiriblər ki, sözü gedən sığorta növləri icbari olduğundan Inzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulur. Belə ki, icbari sığorta müqaviləsi bağlamamağa görə fiziki şəxslərÿ10 manat, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək cərimə edilir.
Yəni qanunda nəzərdə tutulan dəyişikliklərdən biri odur ki, icbari sığortanın sənəd kimi statusu dəyişib. Indi bu sənəd sürücülük vəsiqəsi, texniki pasport kimi sürücünün üstündə olmalıdır. Sığortanın olmaması sürücünü avtomobili idarə etmək hüququndan məhrum edir. Yəni bu sənəd olmayanda Yol Patrul Xidməti əməkdaşı maşını cərimə meydançasına aparır. Bu halda 10 manat cərimə ilə yanaşı vətəndaş evakuasiya xərclərini də ödəməlidir.
Bundan əlavə, Dövlət Yol Polisində illik texniki baxışdan keçmək üçün təqdim olunmalı sənədlərin sırasına icbari sığorta şəhadətnaməsi də daxildir. Yəni avtomobili texniki baxış üçün Dövlət Yol Polisinə aparmazdan öncə icbari sığorta şəhadətnaməsi alınmalıdır.

“Sığorta ilə bağlı mübahisələrin operativ həlli mexanizmi yaradılmalıdır”

Yeni qanunla bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı Qadir Ibrahimli isə sığorta sahəsində ölkəmizdə problemlərin həll olunmadığı qənaətindədir: “Sığorta hər bir avtomobil sahibinin üzləşdiyi problemlərdən biridir. Azərbaycanda sığorta bazarı işlək vəziyyətdə deyil. Vətəndaşa sığortanı məcburi şəkildə satırlar. Qeyri-rəsmi, inzibati yollarla satırlar. Ancaq sığorta ödənişi ödəmək vaxtı çatanda, müxtəlif bəhanələrlə həmin ödənişi verməkdən imtina edirlər. Çünki Azərbaycanda bunun çevik mexanizmi hazırlanmayıb. Bir ara bu məsələnin çevik, operativ həllini tapmaq üçün Maliyyə Nazirliyi sığorta ombudsmanının yaradılmasını təklif edirdi. Çünki sığorta məsələsi ilə bağlı mübahisələr olanda birinci, ikinci instansiya məhkəmələrində baxılır. Bu proses də bir ilə qədər uzana bilir. Ancaq məsələnin çevik, operativ həlli üçün xarici ölkələrin təcrübəsinə əsasən sığorta ombudsmanının yaradılması təklif edilirdi. Bu halda sığorta ödənişi ilə bağlı problem yaradılanda sığorta ombudsmanına müraciət edilirdi. Ombudsman da operativ qərarlar qəbul edir. Lakin bu ideya baş tutmadı. Görünür, sığorta ombudsmanının yaradılması ideyası sığorta şirkətlərinin maraqlarına uyğun gəlmirdi. Çünki bu halda sığorta şirkətləri məcbur edilirdi ki, vətəndaşlara dəyən ziyan, yəni sığorta ödənişləri həyata keçirilsin”.
Dövlət Sığortaya Nəzarət Xidmətinin rəisi Namiq Xəlilov isə bu funksiyanı rəhbərlik etdiyi xidmətin yerinə yetirdiyini, şirkətlər qarşısında sığortalıların hüquqlarının müdafiəçisi olduğunu deyir: “Sığorta ödənişləri ilə bağlı bütün şikayətlərlə bağlı bizim xidmətə müraciət edin”. Bu mesajı verən xidmət rəisi də vətəndaşların sığortaya inamsızlıqlarından şikayətçidir. “Ilin əvvəlindən indiyədək 139 şikayət ərizəsi almışıq. Onlardan 30-u təmin edilib və bu 30 şikayət üzrə 179 503 AZN sığorta ödənişi edilib” – deyə Namiq Xəlilov bildirib.

Məlumat ünvanı

“Icbari sığortalar haqqında” qanunda tətbiq edilən yeni qaydalarla bağlı bir neçə yazıda oxuculara müəyyən məlumatlar verdik. Buna baxmayaraq yenə də xeyli cavablandırılmayan suallar qalır. Qarşıya çıxan, ümumiyyətlə, sizi maraqlandıran suallara http://isb.az/ saytından cavab tapa bilərsiniz.

Fizzə