Onların əksəriyyəti saytlarında büdcə vəsaitlərindən istifadə haqqında məlumatları vermirlər
Dövlət orqanlarının on-line şəffaflığının artırılmasında müəyyən irəliləyişlər olmasına baxmayaraq, ümumilikdə vəziyyət 2005-ci ildə qəbul edilmiş “Informasiya əldə edilməsi haqqında” qanunun tələblərinə cavab vermir. Bu barədə Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı bazar ertəsi növbəti “dövlət qurumlarının on-line şəffaflığı” hesabatının təqdimatında bildirib.
Hesabat 67 dövlət orqanının veb-saytlarının monitorinqinin yekunları əsasında tərtib olunub. Hacılının sözlərinə görə, hətta ən yaxşı saytlarda belə şəffaflıq səviyyəsi 50%-ə çatmır.
MHI-nin sözügedən layihəsinin rəhbəri Xalid Ağaliyev bildirib ki, saytların qiymətləndirilməsi meyarları orqanın rəhbərliyi, strukturu və səlahiyyətləri, tabeliyində olan şöbələr, həyata keçirilən proqramlar, yoxlamalar, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə tədbirlər, büdcə vəsaitlərindən istifadə, dövlət alqıları, kadr məsələlərinin həlli, vətəndaşların informasiya əldə etməsinin təmin edilməsi və s. haqqında məlumatlardır.
Hər bir parametr üzrə qiymətləndirmələr üçballıq cədvəl üzrə həyata keçirilir. Ümumi qiymətləndirmələr əsasında saytlar şəffaflıq səviyyəsinə görə üç səviyyəyə bölünüb: 30%-ə qədər – şəffaflığın aşağı səviyyədə olduğu saytlar, 30-70% – orta və 70-100% yüksək səviyyədə şəffaflığa malik saytlar.
Bir sayt belə yüksək şəffaflıq səviyyəsinə çatmayıb. Ən səciyyəvi çatışmazlıqlar büdcə vəsaitlərindən istifadə haqqında məlumatların olmaması və ya məhdud olması, dövlət alqılarının şəffaf olmaması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsi haqqında məlumatın az olmasıdır.
Baş Prokurorluğun (şəffaflıq səviyyəsi 46,6%), Vergilər Nazirliyinin (46,15%), Hesablama Palatasının (42,29%), Neft Fondunun (42,15%) və Mərkəzi Bankın (39,36%) saytlarında vəziyyət nisbətən yaxşıdır.
Autsayderlər arasında (10%-dən aşağı şəffaflıq) Hərbi Əsirlərin işləri üzrə Dövlət Komissiyası, Milli Təhlükəsizlik Nazirliyi və Bakmetropoliten var.
Müdafiə Nazirliyinin isə indiyə qədər saytı yoxdur.


