Qondarma soyqırım layihəsi Israil parlamentində də müzakirəyə çıxarılıb
Qondarma erməni soyqırımı ötən gün Israil Knessetində müzakirəyə çıxarılıb. Knessetin maarifləndirmə komissiyası “erməni soyqırımı” haqda təşəbbüslə çıxış edib. Məsələ ilə bağlı Israil hökumətində narahatlıq yaranıb. Hökumət nümayəndələri təşəbbüsün Türkiyə ilə Israil arasında vəziyyəti daha da gərginləşdirə biləcəyindən ehtiyat edirlər. Təşəbbüsün müəllifləri isə Israil Milli Birlik Partiyasının üzvü Arye Eldad və deputat Zehava Qalyondur.
Hökumətin mövqeyini isə xarici işlər nazirinin müavini Dani Ayalon təmsil edib.
Layihə maarifləndirmə komissiyasına Knessetin plenar iclasında müzakirəyə çıxarılandan sonra təqdim edilib. Bu vaxta qədər qondarma erməni soyqırımının tanınması gündəmə gələrkən Israil hökuməti onun qəbul olunmamasına çalışıb. Komissiyanın iclasına Israilin erməni icmasının rəhbəri də dəvət edilib. Müzakirələr gərgin keçib. Knessetin mədəniyyət və idman komissiyasının rəhbəri Aleks Miller layihənin əleyhinə çıxış edib: “Biz Parisdə deyilik. Fransızlar kimi daxili siyasi səbəblərə görə qondarma erməni soyqırımını tanımalı deyilik”.
Miller onu da əlavə edib ki, “erməni soyqırımı” haqda qanun layihəsinin qəbulunun tərəfdarları arasında Knessetin spikeri Reuven Rivlin və parlament koalisiyasının sədri Zyeev Elkin də olub: “Bir çoxları Parisi barmaqla göstərir, fransızlar Türkiyə ilə üz-üzə gəlməkdən çəkinmədilər. Lakin anlamaq lazımdır ki, hər bir ölkənin öz prioritetləri var. Fransanın etdiyini Israil edə bilməz. Fransanın qondarma erməni soyqırımını qəbul etməsi üçün daha çox səbəbləri var”.
Miller israilli deputatlara fransalı həmkarlarının hərəkətlərini təkrarlamamağı məsləhət görüb: “Təkrar edirəm ki, biz akademik və tarixi disputu siyasi cəncələ çevirməməliyik. Biz tarixi faciələrin təkrarlanmaması üçün öyrənməliyik. Tarixin öyrənilməsi müttəfiqlərimizlə mübahisəli məsələlərə görə münasibətləri pozmamalıdır”.
Ölkənin Xarici Işlər Nazirliyi Knessetdə müzakirəyə çıxarılan uydurma erməni soyqırımı qanununa qarşı çıxıb. Nazirliyin nümayəndəsi xəbərdarlıq edib ki, bu addım hazırkı vəziyyətdə Türkiyə ilə əlaqələri çox ciddi şəkildə təhdid edə bilər: “Türkiyə ilə münasibətlərimiz bu anda çox həssas və kövrəkdir. Həddi aşmamaq lazımdır. Əks halda, ciddi strateji nəticələr doğa bilər”.
Informasiya şöbəsi


