Hökumətin mənzil minimumu

saadet-cahangir-koseSəadət Cahangir

Azərbaycan bənzərsiz insan faciələri yaşanan ölkədir. Bu faciələr yaddaşımda elə acı izlər buraxıb ki, bundan sonra 100 il yaşasaydım belə, unudulmazdı. Hansını xatırladım, özünü yandıran və ya körpüdən asan vətən qazilərinimi, körpə övladına yemək və dərman ala bilmədiyinə görə boğazına kəndir keçirən gənc ananımı, mağazadan çörək oğurlayan gəncimi, Iran xəstəxanasında vəfat edib, cansız bədəni pulsuzluq üzündən günlərcə orda girov saxlanan balaca qızcığazımı? Hansını, birdimi, beşdimi, on beşdimi? Biz illərdir bu ağrının, bu kədərin içində yaşlanırıq. Daha bu ölkədə boy atan, böyüyən, gəncləşən, yetkinləşən yoxdur. Illərdir hər kəs yaşlanıb gedir, sadəcə. Qəlbi və cibi bomboş, ümidsiz və sevgisiz, evsiz-eşiksiz qocalıb gedir insanlar bu zəngin məmləkətdə. “Zəngin məmləkət”mi dedim? Amma o zənginlik kasıb-kusubun, fəqir-füqəranın bircə dərdinə belə yaramadı ki. Yalnızca kiçik bir qrupun işinə gəldi, onları mal-mülk sahibi etdi, onların xəzinəsini doldurdu, onları yedirdi. O dərəcədə yedirdi ki, hansısa gizli qapılardan keçib, deputat mandat qazanan adi bir jurnalist özünə 1,5 milyon dollarlıq ev alacaq qədər varlanıb şişdi. Elmira Axundovanı deyirəm, bəli. Amma o, bu ölkədə fantastik qiymətə ev sahibi olan tək adam olsaydı, nə vardı ki? Hökumətdə aşağı-yuxarı təmsil olunan bütün şəxslərin kateqoriyalarına görə bəlli səviyyədə böyük bir varidatı var. Bu, bir komanda işidir, məlum qaydalara görə hər kəs ordan öz payını götürməlidir. Oğurluq paydan söhbət gedir, şübhəsiz, çalışıb-vuruşub alın təriylə qazanılan halal paydan deyil…

Sosial şəbəkələrdə deputat xanımın 1, 5 milyonluq evə malik olması xəbərinə donub qalan insanlara da təəccüblənirəm. Başqa necə ola bilərdi ki, məntiqlə? “Məntiq” deyincə… Yenicə məntiq dərsi keçməyə başlayan şagirdlər müəllimdən bu fənnin onlara nə öyrədəcəyini soruşurlar. Müəllim deyir: “Məntiq dərsinin insanların düşüncəsinə təsirini açıqlamaq bir az çətindir. Ona görə, bunu sizlərə bir örnəklə açıqlamaq istəyirəm. Fərz edin ki, kömür mədənindən iki insan çıxır. Birisinin üst-başı tərtəmiz, o birisininki isə kömür qarası içində. Bunlardan hansının yuyunması lazımdır?”

Şagirdlər tərəddüd etmədən: “Əlbəttə, kirli olan” deyə cavab verirlər.

Müəllim gülümsəyərək: “Bax, məntiq bu suala cavab vermədən öncə belə soruşur: ”Necə ola bilər ki, bir kömür mədənindən çıxan iki kişidən birinin üst-başı tərtəmiz, o birininki kirli olsun?”ÿ

Indi məntiq bənzər sualı bizə də verə bilər. Necə ola bilər ki, eyni çirkabın içindən çıxan adamlardan birinin əli təmiz, o birininki kirli olsun? Necə ola bilər ki, bir rejimə qulluq edən, ömrünü onun ömrünün uzanmasına calayan, bu yönümdə dəridən-qabıqdan çıxan komandadan birinin cibi dopdolu, o birininki boş olsun? Necə ola bilər ki, eyni sistemin siyasi ansamblını təşkil edən bu adamlardan biri boğaza qədər saxtakarlıq içində, o biri süddən çıxmış ağ qaşıq olsun? Necə ola bilər, bu sistemdə kateqoriya üzrə dərəcələnmiş fiqurlardan birinə hər hansı “haqsızlıq” edilsin? Mümkündürmü? Əlbəttə ki, yox. Indi bu xanım deputat da hakimiyyətə sədaqətli xidmətindən payına düşəni götürüb. Onun tək olduğunu da düşünmürsünüz hər halda. Parlamentdəki bütün deputatların, hökumətdəki bütün məmurların belə minimumları var, biləsiniz. Inanın, bu qiymətə olan bir mənzil onların varidatının yalnız minimumudur. Bundan yuxarısını da özünüz təsəvvür edin artıq. Nə olsun, bu ölkədə on minlərlə insan, o cümlədən, qazilər, əlillər, gənclər illərdir kirayələrdə sürüm-sürüm sürünür. Nə olsun…Bu hökumətin ölkədəki həyat minimumu belə müəyyənləşib. Keşkə, həmin o on minlər bu “minimum” haqsızlığına vaxtında səsini çıxarmış olsaydı…