«Fövqəlnazir» göydələn tikmək üçün kompensasiya ödəmədən 56 ailəni çölə atır
Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən (5 nömrəli xəstəxana ilə üzbəüz – R.D.) ikimərtəbəli, 7 korpusdan ibarət binadan üçü sökülür. Səbəb isə ərazidə 12 mərtəbəli binanın tikilməsidir. Sözügedən ünvan 1 hektardan çox ərazini əhatə edir. Hər korpusda 8 ailə yaşayır ki, bu da ümumlikdə 56 edir. 400-dan çox insanın məskunlaşdığı ərazini fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq” zəbt etmək niyyətindədir. Bu barədə dəfələrlə məlumat vermişik.
Sakin Xalimə Məmişovanın 7-ci korpusda 120 kvadratlıq yaşayış evi, 100 kvadratlıq üç obyekti, himayəsində 10 nəfərlik ailə üzvü var: “Biz məcburi köçkünük. Anam birinci qrup əlildir. Insanlarla niyə belə rəftar edilir? Mənə 960 min manat kompensasiya ödənilməlidir”.
X.Məmişovanın sözlərinə görə, icra başçısının müavini onlara deyib ki, evinizdən çıxmasanız zorla köçürüləcəksiniz. Artıq korpusları yan tərəfdən dəmirlə hasarlayıblar. Obyektlərin bir neçəsi bağlanıb. Sakinlərə vaxt verilib, deyilən müddət ərzində binadan çıxmasalar əşya qarışıq söküntü işlərinə başlayacaqlar.
Şikayətçi deyir ki, yalnız ev nəzərdə tuturlar: “Kompensasiyadan söhbət belə gedə bilməz. Müxtəlif üsullarla sakinləri aldatmaq istəyirlər. Vəzifələrindən sui-istifadə edib, hədələyir, işığımızı, suyumuzu, qazımızı kəsmək niyyətindədirlər. Təki evlərimizi tərk edək”.
X.Məmişova bizimlə söhbətində onu da qeyd etdi ki, yaşadıqları ünvanda dövlət əhəmiyyətli obyekt tikilməyəcək: “Yalandan deyirlər ki, dövlət əhəmiyyətli obyekt tikilir. 12 mərtəbli yaşayış binası nə vaxtdan dövlət əhəmiyyətli oldu? Hətta dövlət əhəmiyyətli olanda belə bazar qiymətlərinə uyğun kompensasiya ödənilməlidir. Onlar isə bunu etmək istəmirlər. Çünki yaşadığımız yer şəhərin mərkəzindədir. Tikəcəkləri binanın yaxşı qiymətə sata biləcəklər. Ona görə insanları incidirlər. Mülki Məcəllədə də yazılıb ki, hər bir vətəndaş istədiyi yerdə yaşaya bilər. Yəni seçim öz əlimizdədir. Ancaq bunları bizi mənzil kirayələməyə məcbur edirlər”.
Ramin DEKO