“Bu sərəncam gözləntiləri doğrultmadı”

“Belə çıxır ki, islahatların qarşısında ən böyük maneə İlham Əliyev özüdür”

«Bu əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrultmadı». Bunu AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna ölkə prezidenti İlham Əliyevin dekabrın 26-da verdiyi əfv sərəncamını şərh edərkən bildirib. Sərəncam 95 məhbusa əhatə edir, onların arasında bir qrup hüquq müdafiəçisinin, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı, gənc bloqçu Cabbar Savalanlı, 1995-ci ilin martında baş vermiş XTPD («OMON») hadisələrinə görə həbs edilən Nizami Şahmuradov və Mehman Məmmədov var.

Əli Kərimli bu və digər məhbusların azadlığına sevindiyi deyir, amma hesab edir ki, ölkə rəhbərliyi bu sərəncamla ölkədə siyasi məhbus məsələsini çözə bilərdi: «Ölkə ombudsmanı, yerli və beynəlxalq ictimaiyyət istəyirdi ki, vicdan məhbusları azadlığa buraxılsın. Hər kəs istəyirdi ki, ölkədə bu problem həll olunsun. Belə çıxır ki, islahatların qarşısında ən böyük maneə İlham Əliyev özüdür, məhbusları azad eləmədi, üstəlik azad olunan gənc məhbusun da yerini dərhal doldurdular. AXCP-nin Naxçıvan üzrə sədrinin qardaşını həbs etdilər. Yəni siyasi məhbus məsələsində pozitiv bir dönüş yoxdur. Çox təəssüf ki, Azərbaycan iqtidarı dünyada baş verənləri qiymətləndirib adekvat reaksiya vermək iqtidarında deyil».