Təzəxan Mirələmli: “İşin arxasında Kərəm Həsənov dayanır”

AXCP Cəlilabad şöbəsinin sədri azadlığa çıxdı

“Bu işin arxasında duranlar istəyirdilər ki, vəziyyəti gərginləşdirsinlər, hətta məsələni etnik müstəviyə çəkmək cəhdləri var idi”

AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli azadlığa buraxılıb. Bu barədə “Azadlıq”a Təzəxan Mirələmli özü məlumat verib.
AXCP fəalı bildirib ki, dünən saat 17.50-də ona verilən 10 günlük həbs cəzası bitib. Və o, elə həmin vaxt Lənkəran rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasından buraxılıb.
Oxucuların diqqətinə çatdıraq ki, Təzəxan Mirələmli dekabrın 15-də oğlunun məhkəməsində baş verən insidentə görə,  İnzibati Xətalar Məcəlləsinin 296-cı (ictimai asayişi pozmaq) maddəsilə təqsirli bilinib. Onun azyaşlı oğlu Vasif məktəbli yaşıdını öldürməkdə təqsirləndirilir.
Təzəxan Mirələmli “Azadlıq”a bildirib ki, onun saxlanılması siyasi sifariş əsasında baş verib: “Mənə qarşı baş verən bu çirkin olayların arxasında iki məmur dayanır: Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov və Cəlilabadın icra başçısı Əziz Əzizov. Mən hesab edirəm ki, məhkəmədəki şou da onların sifarişi ilə qurulmuşdu. Bu adamlar hakimlərə də təzyiqlər edirlər ki, işi öz maraqlarına uyğun aparsınlar. Mən zalda buna etiraz etmişdim. Lakin öyrədilmiş adamlardan mənə qarşı istifadə etdilər. Lakin Lənkərar rayon polis şöbəsində də, mühakimə olunduğum məhkəmədə də bilirdilər ki, təqsiriszəm. Sadəcə sifariş olduğuna görə belə etdilər”.
Təzəxan Mirələmli deyib ki, polis şöbəsində onunla normal davranıblar: “Heç bir problem olmadı. Təcridxanada da hər hansı problemlə üzləşmədim. Amma bu işin arxasında duranlar istəyirdilər ki, vəziyyəti gərginləşdirsinlər. Hətta məsələni etnik müstəviyə çəkmək cəhdləri var idi. Guya mən Lənkəran camaatını təhqir etmişəm. Amma məqsədlərinə çatmadılar”.

Azad