İcbari sığortalar haqqında yeni qaydalar vətəndaşlara nə vəd edir?

Qubad İbadoğlu: “Yeni qaydalar əhalinin sosial-iqdisadi durumuna adekvat olmadığı üçün sosial narazılıqlara səbəb olacaq”

Maliyyə Nazirliyi sərnişinlərin icbari qəza sığortası üzrə sığorta haqlarının məbləğini müəyyənləşdirib. Həqliyyat vasitəsində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri hava nəqliyyatı vasitələri üçün 14 manat, su nəqliyyatı vasitələri üçün 5 manat, dəmiryolu nəqliyyatı vasitələri üçün 3 manat, avtomobil nəqliyyatı vasitələri üçün 6 manat həddində müəyyən edilib. “İcbari sığortalar haqqında” qanunda sərnişinlərin icbari və fərdi sığortası beynəlxalq və şəhərlərarası sərnişin daşımaları xidmətləri göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta ödənişinin verilməsini nəzərdə tutur.
Yaşayış evləri və mənzillərin “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmasına gəlincə, bunun üçün vaxt məhdudiyyəti qoyulmayıb. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, mənzildən istifadə hüququnu təsdiqləyən sənəd olduğu halda vətəndaş evini bu sığorta növü üzrə sığortalaya bilər: “Ümumiyyətlə, mənzillərin sığortası ilə bağlı konkret vaxt təyin edilməsə də, bunun rahat rejimdə həyata keçirilməsi nəzərdə tutulur”. Sənədləri qaydasında olmayan evlərin sığortalanması məsələsinə isə N.Xəlilov bütün bu kimi işlərin, həmçinin “Daşınmaz əmlakın icbari sığortası” növünün tətbiqi işlərinin yerli icra hakimiyyəti orqanlarına həvalə olunduğunu bildirib.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanun 2011-ci il oktyabr ayında qüvvəyə minib, dekabrın 16-dan isə qanunun icrasına başlanılıb.
Yeni qaydalara əsasən, mülki məsuliyyətin icbari sığortası zamanı sığorta tarifinin məbləği avtomobilin növündən, onun gücündən (mühərrikin həcmindən), avtomobilin fərdi və ya hüquqi şəxsə məxsus olmasından, eləcə də sürücünün sığorta tarixçəsindən asılı olacaq.
Avtonəqliyyat vasitəsinin növünə görə əmsallar bir neçə kateqoriya üzrə müəyyənləşdirilib. Minik avtomobillərində bu, mühərrikin həcmindən asılıdır. Mühərrikin həcimi 50-1500 kubsantimetr olan avtomobillərdə bu əmsal 1-ə, 1501-2000 kubsantimetr üçün 1,5-ə, 2001-2500 kubsantimetr üçün 2-yə, 2501-3000 kubsantimetr üçün 2,5-ə, 3001-3500 kubsantimetr üçün 3-ə, 3501-4000 kubsantimetr üçün 3,5-ə, 4001-4500 kubsantimetr üçün 4-ə, 4501-5000 kubsantimetr üçün 4,5-ə və mühərrikin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə 5-ə bərabərdir.
Nəticədə, məsələn, mühərrikin həcmi 1600 kubsantimetr olan “VAZ-2107” və ya 1800 kubsantimetr olan “Azsamand” avtomobilləri üçün illik sığorta tarifi 75 manat, mühərrikinin həcmi 2800 kubsantimetr olan “Mercedes” avtomobillərində sığorta tarifi 125 manat və s. olacaq.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4-ə bərabər olacaq. Yeni qaydalara görə, avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, sığorta tarifləri 20% artıq hesablanacaq. Beləliklə, hər hansı şəxs avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ilk dəfə sığorta olunursa, sığorta tarifi avtomobilin növündən (mühərrikin həcmindən və s.) asılı olaraq hesablanır. Bundan sonrakı illərdə sığorta müqavilələri bağlananda isə avtomobilin gücü ilə yanaşı, onun bundan əvvəlki il qəza törədib-törətmədiyi nəzərə alınacaq. Bundan başqa, sığorta hadisəsi baş verəndən sonra yeni sığorta bağlananda da həmin hadisənin baş verdiyi nəzərə alınacaq və bu, sürücünün ödəyəcəyi tarifə təsir edəcək.
İqtisadçı ekspert Qubad İbadoğlu hesab bedir ki, yeni qaydalar əhalinin sosial-iqdisadi durumuna adekvat olmadığı üçün sosial narazılıqlara səbəb olacaq: “İndiki ailə büdcəsinin imkanları çərçivəsində bu sığorta xərclərini qarşılaya biləcəyikmi? İnflyasiyanın təsiri, ərzaq səbətinin bahalaşması, ailənin əsas gəlirlərinin istehlaka yönəldilməsi sığorta üçün əhəmiyyətli dərəcədə vəsaiti saxlamağa imkan vermir. Bu baxımdan məcburi sığortanın həyata keçirilməsi ölkə vətəndaşlarının orta gəlirləri ilə müqayisədə ciddi çətinliklər yaradacaq. Digər tərəfdən, Azərbaycanda sığorta hadisəsi baş verəndə vəsaitlərin geri alınması ilə bağlı kifayət qədər problem olur. Bu sığorta şirkətlərinin bəziləri ilə müştəriləri arasında mübahisələr hələ də davam edir. Vəziyyət hətta məhkəmə çəkişməsinə qədər gedib çıxıb”.
Ekspert deyir ki, sığorta siyasəti vətəndaşların marağına uyğundur. Amma bu siyasət elə aparılmalıdır ki, ailə büdcəsi üçün əlavə yük yaratmasın: “Eyni zamanda bundan bəhrələnmək üçün vətəndaşların sığorta şirkətlərinə inamı olmalıdır. Bədbəxt hadisələrdən sığortalanma ilə bağlı qanun qüvvəyə mindi. Və məlum oldu ki, bununla bağlı cəmi iki şirkətə lisenziya verilib. Və hər bir müəssisə onlarla müqavilə bağlamalıdır. Sabah digərlərində də eyni şeyləri görəcəyik. Sığorta bazarı o qədər də inkişaf etməyib, beynəlxalq standartlara, beynəlxalq rəqabətə davamlı bir bazar deyil. Bu baxımdan sığorta şirkətləri ilə vətəndaşlar arasında ilk növbədə etimad yaratmaq lazımdır. Sığortanın rolu ilə bağlı vətəndaşlarımız maariflənməlidir. Eyni zamanda bilməlidilər ki, hansı sığorta müqaviləsinin predmetində nələr durur? Sığorta hadisəsi baş verən zaman onlar hansı xərclərini ödəmək iqtidarında olurlar? Bu proseslər olmadan birdən-birə qanunun qüvvəyə minməsi ciddi problemlər yarada bilər”.

Fizzə