Fransız senatordan Türkiyəyə orijinal dəstək

İstanbul yəhudisi Esther Benbassa ölkəsinə qarşı qanun layihəsi hazırlayıb

“Türkiyəyə əxlaq dərsi verməyə qalxanlar əvvəl bu qanunu gündəmə alsınlar”

Fransada 1961-ci ildə əlcəzairli nümayişçilərə qarşı törədilmiş cinayətlər Fransa Senatının gündəminə gələ bilər. İstanbul yəhudisi, fransız senator Esther Benbassa Fransa polisinin 17 oktyabr 1961-ci ildə əlcəzairli nümayişçiləri öldürərək Sena çayına atdığı hadisələrə görə ölkəsinin sorumlu bilinməsinə dair qanun layihəsi hazırlayıb. Layihəni Senata təklif edən Benbassa “Türkiyəyə əxlaq dərsi verməyə qalxanlar əvvəl bu qanunu gündəmə alsınlar” deyə bildirib.
“Algerie Plus” adlı internet saytına danışan Benbassa bildirib ki, qanunvericilik ili seçkilər səbəbindən 22 fevralda bitir. Buna görə də indiki mərhələdə layihə müzakirəyə çıxarılmaya bilər. Lakin o, ümid edir ki, payızda mövzunu yenidən gündəmə çıxarmaq imkanları olacaq. Üstəlik, Benbassaya görə, seçkilərdən sonra sol bir hökumət qurularsa qanun layihəsi sürətlə gündəmə gələcək.
Bütün bunlara baxmayaraq, Benbassa ölkəsinin Əlcəzairdə etdiklərini soyqırım olaraq görmür.
Benbassa deyib ki, Türkiyəyə qarşı olan, “erməni soyqırımı” iddialarını inkara görə cəza nəzərdə tutan qanunun qəbuluna qarşıdır. O, tarixi tarixçilərin araşdırmalı oduğuna inandığını deyib: “Bu cür qanunlar bizə yeni düşmənlər qazandırır. Tarix tarix kitablarında yazılmalıdır”.