Mehman Əliyev: «Bu toplantı sırf Suriya probleminin həlli üçün vəsait cəlbinə hesablanıb»
Xəbər verdiyimiz kimi Londonda “Suriyaya və regiona dəstək” donor konfransı başlayıb. Tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycanın dövlət başçısı Ilham Əliyev də iştirak edir.
Tədbirin keçirilməsində məqsəd Suriya probleminin həllində çıxış yollarının aranması və bunun üçün maliyyə vəsaitinin cəlbidir. Bəs, Azərbaycan bu konfransda hansı mövqeyi sərgiləyə bilər? Çünki Azərbaycanın qonşuluğunda yerləşən iki dövlət – Rusiya və Iran Əsəd rejimini aktiv formada dəstəkləyir. Türkiyə isə əksinə, problemin Əsəd rejiminin getməsi ilə həllini tapacağını düşünür. Azərbaycan isə Suriyada baş verənlərlə bağlı hələ indiyə qədər konkret mövqe sərgiləməyib, Azərbaycanın baş verənlərə yanaşması qeyri-müəyyən olaraq qalır. Belə olan halda Azərbaycan hansı mövqedən çıxış edə bilər?
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, bu toplantı sırf Suriya probleminin həlli üçün vəsait cəlbinə hesablanıb. Hazırkı durumda isə Azərbaycanın bu istiqamətdə köməkçi ola biləcəyini düşünməyən M.Əliyev vurğuladı ki, maliyyə problemi ilə üzləşən Azərbaycanın özü üçün hazırda maliyyə yardımı cəlb etmək gündəmdə olmalıdır: “Azərbaycan indiki vəziyyətdə donor ölkəsi sayıla bilərmi? Bu məsələ aydın deyil”.
Hakimiyyət mediasının təqdim etdiyi kimi bu səfərin bir o qədər mühüm əhəmiyyət kəsb etmədiyini düşünən M.Əliyev vurğuladı ki, bu, sırf Suriya məsələsinin həlli üçün maliyyə cəlb etməyə hesablanıb. Amma Azərbaycan hazırkı durumda donor qismində çıxış edə bilməz. “Hakimiyyətin bu tip donorluq etməyə haqqı yoxdur. Çünki, öz vətəndaşının vəziyyəti o qədər də yaxşı deyil”, deyə M.Əliyev vurğuladı.
Xəyal