Barack Obama ABŞ prezidenti kimi ilk dəfə olaraq müsəlman məsçidinə baş çəkib. “The Daily Telegraph” qəzeti yazır ki, amerikalılar prezidentin bu jestini birmənalı qarşılamayıblar.
Qəzet yazır ki, ABŞ prezidenti nəinki məsçidə gedib, o hətta burada İslamı müdafiə edən nitq söyləyib.
ABŞ prezidenti çıxışında deyib ki, “İslam üzərinə hücumlar bütün dinlərin üzərinə hücum deməkdir”. Bəzi təhlilçilər Obamanın bu sözlərini, özünün antimüsəlman qeydləri ilə qalmaqala səbəb olmuş prezidentliyə namizəd Donald Trump-a işarə kimi yozublar.
“Biz başa düşməliyik ki, bir etiqad üzərinə hücum bizim bütün etiqadlarımız üzərinə hücum deməkdir” – deyib Marylanddə yerləşən Baltimor məsçidində çıxış edən Obama. Bundan əvvəl prezidentliyə respublikaçı namizəd Donald Trump Kaliforniyada 14 nəfərin öldürülməsinin ardınca bütün müsəlmanların ABŞ-a girişinə qadağan qoyulmasına çağırmışdı.
Başqa respublikaçılar da prezidentin ölkəyə 10 min Suriya qaçqınını qəbul etmək planını milli təhlükəsizliyə hədə adlandırmışdılar.
Barack Obama amerikalıları İslam barədə öz dinləri kimi düşünməyə dəvət edib.
“The Telegraph” yazır ki, Obamanın çıxışından əvvəl bir qadın və bir kişi Qurandan ayələr oxumuş və məsçidə ABŞ və Maryland bayraqları gətirilmişdi.
Obama nitqində gəncləri özlərini din və vətənpərvərlik seçimi qarşısında qoymamağa çağırıb.
“Siz müsəlman və ya amerikalı yox, müsəlman və amerikalısınız” – deyib prezident. Özü xristian olan prezident bildirib ki, milli təhlükəsizlik mövzusunda olmayan filmlərdə daha çox müsəlman obrazlarının yaradılmasına ehtiyac var. Prezident adi müsəlmanları İslam Dövləti kimi qruplaşmalar tərəfindən İslamın yanlış təqdimatlarına xristianların “qoy işığınız yansın” kəlamı ilə qarşı çıxmağı məsləhət görüb.
“Bu bütün dünyada sülhsevər müsəlman çoxluğu ilə kiçicik radikal azlıq arasındakı mübarizədir” – deyib Obama. “The Telegraph” yazır ki, Obamanın maşın karvanı keçərkən yol kənarında əllərində İslamı terrorla eyniləşdirən antimüsəlman plakatı tutmuş iki qadın dayanmışdı. (BBC azəri)