yap-bina-emblem

Cəbrayılda YAP-çı qıtlığı

Rayonun icra başçısı özünü qəbilə başçısı kimi aparır

“Türkiyənin Van bölgəsində baş verən zəlzələdən sonra oradakı bütün vətəndaşlar yardım toplayaraq zərərçəkmişlərə köməyə getmişdilər. Analoji fəlakət bizdə olsa, o cür birlik nəinki ölkəmizdə, heç mənim doğulub boya-başa çatdığım Böyük Mərcanlı (Cəbrayıl rayonu) kəndində də mümkün deyil. Ona görə ki, icra başçısı Mahmud Quliyev burada qardaşı qardaşa qarşı qoyub, hamını bir-birinə düşmən edib”.
Bu fikirlər Ictimai Palatanın üzvü Izzət Məmmədova məxsusdur. Ismət Məmmədov icra başçısının qanunsuz əməlləri barədə redaksiyamıza məktub ünvanlayıb. O bildirir ki, əslində, onu bu məktubu yazmağa vadar edən səbəb icra başçısı Mahmud Quliyevin rayondan olan şikayətçiləri məhkəmə və digər inzibati yollarla susdurmağa çalışmasıdır.
Ismət Məmmədov yazır ki, Böyük Mərcanlı kənd sakinləri Vahid Əhmədov və Yaqub Ağayev Ilham Əliyevin anti-korrupsiya “şousuna” uyaraq, icra başçısından yuxarı orqanlara şikayət ünvanlayıblar. Bundan qəzəblənən Mahmud Quliyev isə onları həmin məktublara görə məhkəməyə verərək, böhtançı kimi cərimələtdirib.
Ən dəhşətlisi odur ki, məhkəmə qərar çıxararkən şikayət edilən orqanların nümayəndələrinin rəyinə əsaslanıb. Yəni, korrupsiya ilə məşğul olduqları iddia edilən insanlar özləri üçün komissiya yaradıb, belə pis işlə məşğul olmadıqlarını aktlaşdırıblar, məhkəmə də bu sənədi mötəbər fakt kimi şikayətçilərin əleyhinə qiymətləndirib.
Ismət Məmmədov redaksiyamıza məktubunda onu da qeyd edir ki, vətəndaşlarda artıq prezidentə heç inam qalmayıb. Çünki o, verdiyi sərəncamları yox, korrupsionerləri müdafiə edir: “Icra başçısı Mahmud Quliyev sakini olduğu Böyük Mərcanlı kəndinə başucalığı gətirmək əvəzinə, daha da rəzil günə saldı. O, ən yaxın qohumları bir-birinin üzünə qoymaqdan sanki mənəvi zövq alır. Ancaq bu prinsipi öz qohumlarına tətbiq etmir. Əksinə, sizə təqdim etdiyim siyahı onun necə qohumcanlı olmağına sübutdur. Onun vəzifələndirdiyi qohumları…
1. Quliyev Musa Əli oğlu – 120 saylı Dairə Seçki Komissiyasının sədri;
2. Quliyev Hüsən Saybalı oğlu – Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl şöbəsinin sədr müavini;
3. Quliyev Inqilab Məhəmmədəli oğlu – Rayon Icra Hakimiyyətində hüquq şöbəsinin müdiri;
4. Quliyev Rafiq Qaybalı oğlu – icra nümayəndəsi;
5. Musayev Rauf Musa oğlu – 8 saylı orta məktəbin direktoru;
6. Rüstəmov Oqtay Əhməd oğlu – 4 saylı orta məktəbin direktoru;
7. Kəlbəliyev Elçin Səxavət oğlu – 10  saylı orta məktəbin direktoru;
8. Səfərov Tofiq – Yol Istismar Sahəsinin rəisi.
Ismət Məmmədov məktubunu icra başçısının təyinatında mühüm rol oynayan “Qaçqınkom”un sədri Əli Həsənova müraciətlə bitirib: “Əli müəllim, siz Cəbrayılda ancaq Mahmud Quliyevəmi möhtacsınız? Bu bölücü, tayfabaz kadrı nə vaxta qədər başda saxlatdıracaqsınız? Cəbrayılda savadlı, tərbiyəli, elinə obasına və YAP hakimiyyətinə bağlı adam tapa bilmirsiniz ki?..”

Natiq