Sevdiyimiz bu gözəl Vətənə əbədi azadlığın gələcəyi günə çox az qalır!
Gözəl Bayramlı
Sizin adınıza bu ünvana məktub yazmaq istəməzdim. Ən azı ona görə ki, azadlığı özünə həyat idealı seçmiş insanları həbsxanada görmək çox ağrılıdır. Hətta tarixən bu ideallarla yaşayan insanların çoxunun yolu oradan keçsə də…Siz mənim əqidə dostlarımsınız. Çox sevdiyimiz bu Vətən torpaqlarına insanlıq, sevgi və ləyaqət gəlsin deyə enişli-yoxuşlu mübarizə yollarında 23 ildən artıq çiyin-çiyinə addımlamışıq.
Həyatın ən ağır üzünü görmüş, məhrumiyyətlərin ən acısını dadmış, əzabların ən zoruna qatlanmışıq. Bütün bunları heç bir halda şikayətlənmədən, təmənnasız, minnətsiz, bu vətənə bir övlad borcu kimi etmişik. Bu ağır, yorğun illərdə sıralarımızdan qopanları, nəfsinə təslim olub cəbhəsini dəyişənləri, bizə dönük çıxıb güzəran arxasınca gedənləri də az görməmişik. Bəli, bizim taleyimizə həqiqətən böyük bir missiya, uzun və keşməkeşli bir yolu sona çatdırmaq düşüb. Bu, Azərbaycan adlı Vətənimizi əbədi istiqlala və demokratiyaya aparan yoldur…
Sizinlə bərabər addımladığımız bu yollar böyük mübarizə meydanlarından keçib. Bu meydanlarda polis dəyənəyi ilə döyüldüyümüz, yaralandığımız, birgə həbs olunduğumuz günlərin sayı-hesabı belə yox. Bütün bu zorakılıqlar bu zaman kəsiyində bizi əzmək, sındırmaq, mütiləşdirmək məqsədi güdüb. Amma o zorun başında dayananlar hər dəfə yanılıblar. Bizləri sındıra bilmədikləri üçün daha da qəddarlaşıblar, amansızlaşıblar, insanlıqdan çıxıblar.
Amma biz bu yola çıxdığımız gündən bəri yaşadığımız ölkədə necə qəddar bir rejimlə üz-üzə dayandığımızı yaxşı bilirdik. Bu rejimin mətbəxindəki “reseptlər”in ölmüş sovet imperiyasından miras qalan “məhsullar”dan hazırlandığını, o “aşpaz”ların belə dəyişmədiyini gözəl anlayırdıq hər zaman.
Biz bu illərdə həbsxana sınaqlarından da çox çıxmışıq. “Icazəsiz aksiyalara” görə iki, üç, dörd, beş sutka aldığımız da çox olub. Amma bu dəfə sizin həbsxana günlərinizin sayı xeyli uzandı. Əlbəttə, bu ilin əvvəlindən dünyanın totalitar sistemlərində başlanan dəyişiklik proseslərinin Bakıya çatacağı qorxusu Azərbaycandakı hakim rejimi də vahimələndirib. Bu gün ölkədə yalnız ədalət və qanuni dəyişiklik istəyən insanların həbsxanaya salınmasının kökündə də o qorxu dayanır. Artıq dünya sizləri Vicdan məhbusu elan edib. Siz öz vicdanınızın səsinə qulaq asdığınız, şərəf və ləyaqət davası apardığınız üçün zindanlara məhkum edilmisiniz. Bu gün sizsiz əziyyət çəkən, gözü yolda qalan, bayramları sizsiz qarşılayan kiçik övladlarınız sabah öz ataları haqqında qürurla söz açacaqlar. Bir gün azad, demokratik, çiçəklənən Azərbaycanda yaşayan balalarınız bu gözəllikdə sizin payınız olduğuna görə böyük qürur hissi yaşayacaqlar. Bəs bu gün öz xalqına zülm edən, taxt-tac üçün evlər yıxan, insanları yurdsuz-yuvasız, anaları gözüyaşlı qoyan hazırkı rejimi təmsil edənlərin övladları necə? Bu haqda bir az onlar özləri düşünsəydilər, yaxşı olardı.
Bilirəm ki, bu yolu könüllü seçdiyiniz üçün bir gün orada ola biləcəyinizi də ehtimal etmişdiniz. Siz öz yolunuzla qürur duyduğunuz kimi, biz də sizinlə qürur duyuruq. Azərbaycan kimi ölkələrdə həbsxananın içində və ya çölündə olmağın böyük bir fərqi yoxdur deyirlər. Amma orada sizin üçün çox darıxdırıcı olduğunu bilirəm. Çünki siz hərəkətsiz, davasız, ətalətdə qalan insanlardan deyilsiniz. Ölkənin bu vaxtında, dəyişiklik rüzgarının sərhədlərimizə qədər gəlib çıxdığı bir məqamda aramızda olmaq istədiyinizi gözəl anlayıram. Düşünürəm ki, ölkəmizdə demokratik dəyişikliklərin baş verəcəyi günə çox az qaldığına mənim kimi, siz də ürəkdən inanırsınız. Bunun əksini düşünmək mümkün də deyil. Dünyanın elə bir xalqı yoxdur ki, apardığı böyük mübarizədən, verdiyi qurbanlardan və itkilərdən sonra məqsədinə çatmasın. Inanın ki, gözəl günlər lap yaxınlıqda, qapımızdadır. Məhbəs qapılarının açılacağı, sevdiyimiz bu gözəl Vətənə əbədi azadlıq gələcəyi günə çox az qalır!



